Çinin Uhan şəhərindəki Virusologiya İnstitutuna aid buzxanada aralarında koronavirusun da olduğu 1500 fərqli virusun saxlanıldığını təsdiqləyən görüntülər ortaya çıxıb.
Axar.az xəbər verir ki, fotoların 2018-ci ildə Çinin xəbər agentliyi tərəfindən Tvitter vasitəsilə yayımlandığı və daha sonra silindiyi məlum olub.
İngilis mətbuatı həmin virusların qorunduğu buzxananın qapılarından birinin sınıq olduğunu yazıb.
CNN telekanalı da ABŞ kəşfiyyatının COVİD-19 virusunun Uhanda yarasa viruslarında araşdırma aparan laboratoriyaların birindən yayıldığı iddalarını araşdırdığını bildirib.
Qeyd olunub ki, Uhandakı Virusologiya İnstitutunda olan iki diplomat 2018-ci ilin yanvar ayında laboratoriyadakı təhlükəsizlik tədbirlərinin yetərli olmaduğunu və burada aparılan işlərin SARS virusuna bənzər xəstəliyə səbəb olacağı ilə bağlı Xarici İşlər Nazirliyini xəbərdar edib.
Onu da qeyd edək ki, həmin laboratoriya vəhşi heyvanların satıldığı bazarın yaxınlığında yerləşir.
CNN kəşfiyyat orqanlarına istinadla bildirir ki, ABŞ rəsmiləri virusun bioloji silah olduğuna inanmır, amma COVİD-19-un buradan təsadüfən yayılması ehtimalını araşdırır.
ABŞ Baş Qərargah rəisi Mark Milley bununla bağlı açıqlamasında kəşfiyyatın bu iddiaları ciddi şəkildə araşdırdığını, virusun təbii yollarla ortaya çıxmadığına dair heç bir sübut əldə edə bilmədiyini bildirmişdi.
ABŞ Dövlət katibi Mayk Pompeo da ABŞ-ın koronavirusun kökünü anlamaq üçün ciddi şəkildə araşdırma apardıqlarını deyib.
