Azərbaycanda müxtəlif dövlət qurumlarının qohumbazlıq prinsipi ilə idarə olunduğu ilə bağlı məlumatlar dəfələrlə medianın gündəminə gəlib.
Bu dövlət qurumlarında kadr siyasətinin daha çox qohumçuluq və himayəçilik prinsipi ilə həyata keçirilməsi gündəlik həyatımızda vətəndaşların ən çox əziyyət çəkdiyi bir problemə çevirilib.
Bu xüsusda Editor.az-ın redaksiyasına olduqca maraqlı məlumatlar daxil olub. Bəlli olub ki, idarəçilikdə qohumçuluq və himayəçilik prinsipinin əsas götürüldüyü qurumlardan biri də “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətidir. Burada qurumun rəhbəri Saleh Məmmədovun rəhbərliyi altında qohum-əqraba hakimiyyəti qurulub.
Belə ki, “Azəryolservis” ASC-nin istismar idarəsinin rəisi Əflatun Qasımov sədr Saleh Məmmədovun qudasıdır.
Sədrin xalası oğlu Şahin Süleymanov 1 saylı Yol İstismar İdarəsinə rəhbərlik edir.
Sədrin Səfiyar adlı qaynı isə “Azəryolservis”nin “qara mühasibatlığı”na məsul şəxsdir.
İddialara görə, “Azəryolservis” də sədr Saleh Məmmədovdan sonra quruma faktiki nəzarəti həyata keçirən istismar idarəsinin rəisi, quda Əflatun Qasımov ASC-də bütün müvafiq şöbə və idarələrin səlahiyyətlərini mənimsəyib, qurumu təkbaşına idarə edir. O, ayrı-ayrı məmurların öz qanuni vəzifələrini həyata keçirməsinə imkan vermir, onları özünün qanunsuz işlərinə alət olmağa məcbur edir.
Xeberle.com saytının “Göyə sovrulan milyonlar: bu qurumun “otkat”kralı kimdir?” başlıqlı araşdırma məqaləsində Ə.Qasımovun iş mexanizmi əyani göstərilir: “Avtoyol sistemində bu sahəyə AAYDA-nın Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi Əflatun Qasımovun rəhbərlik etdiyi bildirilir.
Bu şəxs, Agentlik sədrinin qudası olmasına arxalanaraq məsul olduğu sahədə ağalıq edir və dövlət tərəfindən ona həvalə edilmiş vəzifədən miras kimi istifadə etdiyi diqqətə çatdırılır. Belə ki, Avtoyolda saxlanma üzrə ixtisaslaşan yüzə yaxın idarənin əksəriyyətinin hazırda iflic vəziyyətdə olduğu, yalnız Ə. Qasımova yaxınlığı ilə seçilən strukturların maliyyələşdiyi qurum daxilində heç kimə sirr deyil. Bir çox idarələrin külli miqdarda borclarının olduğu halda ödənişlər edilmir. Xüsusilə yanacağa və digər müəssisələrə. Ayrılan vəsaitlər isə qeyri-obyektiv şəkildə paylanır.
Ə. Qasımov həm də "otkat” kralı kimi də ad çıxarıb. Belə ki, o, bir çox idarələrə işlərin icrasından bir müddət keçdikdən sonra maliyyə ayrılmasına razılıq verir. Bu yanaşmanın özü də ciddi qanun pozuntusu kimi qiymətləndirilə bilər. Həmçinin bildirilir ki, bu idarələrə ayrılan vəsaitlərin 35 faiz həcmini "otkat” olaraq geri istəyir. Acınacaqlı durumda olan idarələrin rəhbərləri isə iş yerlərini itirmək qorxusundan vəziyyəti qabartmağa səy göstərmirlər. Düzgün audit aparılsa bu nöqsanlar da üzə çıxar...
Ə. Qasımov bununla yanaşı, AAYDA-nın fəaliyyət istiqamətləri üzrə elan olunan tenderləri öz kurasiyasına keçirməyə müvəffəq olub. AAYDA-nın son iki il ərzində elan etdiyi tenderlərin yalnız bir-iki şirkət tərəfindən həyata keçirildiyi bunu deməyə əsas verir.
Digər faktlara nəzər yetirək: Məsələn, Zərdab rayonu Məlikumudlu kənd sakini Mehdiyev Sarənc Nəsrəddin oğlu tərəfindən atamedia.az-a şikayət ərizəsi ünvanlanıb:
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun yaxın qohumu Zərdab Yol İstismarı İdarəsinin müdiri Elman Cəvadi qanunsuzluğa yol versə də, ona gözün üstə qaşın var deyən yoxdur.
Belə ki, Zərdab rayonunun mərkəzi küçələrinin asfalt örtüyü ilə təmin olunması üçün keçirilən tenderin Ağcabədi sakininin adına təsis edilmiş “İnşaat Serviz-2” MMC qalibi olub. Hansı ki, həmin “İnşaat Serviz-2” MMC-nin yolların təmir edilməsi üçün avadanlığı, asfalt zavodu və iqtisadiyyat nazirliyi tərəfindən verilmiş xüsusi lisenziyası yoxdur.
Qeyd edim ki, tenderin qalibi “İnşaat Serviz-2” MMC olsada Zərdab şəhər daxili yolları hazırda Zərdab rayon asfalt zavodu aparır.Bu isə açıq-aşkar cinayət əməlidir ki, Zərdab rayon Yol İstismarı İdarəsinin müdiri Elman Cəvadi edir. Çünki qanuna əsasən tenderi udmuş MMC özü vurmalıdır. Zərdab rayon Yol İstismarı İdarəsinin bu işləri görməsi tam qanunsuzluqdur. Hazırda Zərdab rayonunun mərkəzi küçələrinə Elman Cəvadinin müdiri olduğu idarə asfalt örtüyü vurur. Əgər bu işləri Zərdab rayon Yol İstismarı İdarəsi görürdüsə tenderi nə üçün “İnşaat Serviz-2” MMC udub ?
Bu maxinasiya ancaq dövlət vəsaitini talan etmək üçün edilib.
Hazırda Zərdab rayon Yol İstismarı İdarəsinin vuduğu asfalt örtüyünün qalınlığı sənəddə 6-7 sm qeyd edilsədə əslində 2-3 sm-dir ki, bunu adi üsulla ölçmək kifayətdir.Elman Cəvadi bu cinayət əməllərini Saleh Məmmədova arxayın olub edir.Çünki Elman Cəvadi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Əflatun Qasımov adlı şöbə müdirinin yaxın qohumudur.
Digər fakt Cəlilabad rayonunda eyni qayda ilə baş verir. Rayonun Soyuqbulaq kənd sakinlərinin yol çəkilişi zamanı qarşılaşdıqları qanunsuzluqlara etiraz edərək yuxarı təşkilatlara bildirsələ də, cavab verən olmayıb.
Söhbət Göytəpə-Soyuqbulaq yoluna ayrılan iki milyon yarım pul vəsaitdən gedir. Bu yolun abadlaşdırılması ilə bağlı ayrılan vəsait artıq mənimsənilmişdir. Yolun asfaltlaşdırılması ilə məşğul olan təşkilat yolun çəkilişində saxtakarlığa yol verməklə bərabər, keyfiyyətsiz iş görmüş və yolun asfaltlaşdırılması üçün ayrılmış dövlət pulunu yarlmçıq iş görməklə mənimsəyiblər. Layihədə nəzərdə tutulmuş yol üçün ayrılmış vəsait hesabına başqa işlərlə məşğul olublar.
Soyuqbulaq kəndinin içərisini tam bərbad vəziyyətə salıblar. Məsələn su keçən yolları turba qoyub düzəltmək əvəzinə, əhalinin bəzilərinin qapısının və həyətyanı sahəsinin qabağından su yolu adı ilə xəndəklər qazıb evdən çölə çıxmağa imkan vermirlər. Həmin vəsait hesabına isə layihədən kənar hansı məqsədləsə başqa istiqamətdə yol çəkilir. Bizim şikayətə baxan yoxdur.
Yola nəzarəti Azərbaycan Avtomobil Yolları Dövlət Departamentinin 46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimov adlı bir şəxs həyata keçirir. O, yerli İcra nümayəndəsi və bələdiyyə sədri ilə "dil" tapdığından istədiyi hərəkətə yol verir. Biz ona müraciət etdikdə belə dedi: "Prezidentin ayırdığı pulları "yuxarıdan" yeyirlər, bizə vermirlər. Mənə hələ sağ ol deyin ki, bu yolu çəkirəm".
Ümumiyyətlə, Azərbaycanın bütün bğlgələrində yol çəkilişləri, əsasən kəndarası salınmış yolların hamısı bir neçə ildən sonra sırdan çıxması baş verir. Halbuki, Əflatun Qasımov bütün bu yeni salınmış yolların texniki standartlara necə cavab verdiyini yoxlayan və qəbul edən məsul qurumun rəhbəri kimi təhvil zamanı salınmış süni asfaltların hamısını standartlara cavab verən yüksək kateqoriyalı yol kimi sənədləşdirib qəbul etmişdir.
Digər fakt. Müxtəlif ərazilərdə tez-tez yol çəkilişlərinin şahidi oluruq. Bu, çox yaxşıdır. Ancaq təxminən bir aydan sonra həmin yol yenidən yararsız hala düşür. Yəni üstü bəzək, altı isə... Məsələn, bu günlərdə Sumqayıt şəhərində avtomobil yolu çöküb. Hadisə şəhərin "İnşaatçılar" qəsəbəsinə gedən yolda Kamran Hüseynov küçəsində qeydə alınıb. Belə ki, yolun bir hissəsi aşınmaya uğrayıb və ərazidə böyük çala yaranıb.
Xatırladaq ki, sözügedən küçədə yolun çökməsi artıq beşinci dəfədir baş verir. Hər halda yolun görünən və görünməyən tərəfi eyni deyil. Əks halda yollara etibar edər, onların “sürpriz yumurta” kimi içindən nə çıxacağını gözləməzdik. Bir dəfə çəkilən, külli miqdarda vəsait xərclənən yol niyə bir himə bənd imiş kimi tutalım, yağış yağan andaca çökməlidir ki?! Maraqlı olduğu qədər də təəssüfləndiricidir.
Bu məqam barədə “Sherg.az”a danışan nəqliyyat eksperti İlqar Hüseynlinin sözlərinə görə, məsələyə təsir göstərən səbəblərin başında korrupsiya dayanır:
“Ən çox yeyinti mümkün olan tikinti sahələrindən biri yol çəkilişidir. Çünki ciddi nəzarət mexanizmi mövcud deyil. Yol çəkilərkən mütləq analiz aparılmalı, hansı materiala nə qədər ehtiyac olduğu müəyyənləşməlidir. Asfalt örtüyü vurulduqdan sonra onun tərkibindəki materialların qədərini hesablamaq çətin olduğu üçün bir çox hallarda ayrılan pulun xeyli hissəsi “göyə sovrulur”. Odur ki, yol çəkən mühəndislər və şirkətlər vicdanlı olmalıdırlar. Yol çəkilişi vicdan məsələsidir”.
İ.Hüseynli dediklərini faktlartla izah edib:
“Dünya ölkələrində belə deyil. Asfalta ayaq basan kimi tərkibindəki məmulatların fərqli olduğunu hiss edirsən. Azərbaycandakı yolların tez çökməsinin əsas səbəbi isə özülün zəif olmasıdır. Çünki məsələn 100 “Kamaz” vacib olduğu halda onun yarısı qədər material yol tikintisinə ayrılır. Qalanı isə “yeyilir”.
Yolun bərkliyinin təmin olunmamasının fəsadları isə göz önündədir. Bir neçə il əvvəl İmişli və Saatlı rayonları arasında iki müxtəlif tikinti şirkəti yol çəkmişdi. Prezident açılışda iştirak etdikdən bir az sonra yolun Saatlıya aid hissəsi çökmüşdü. Digəri isə hələ də yararlıdır. Eyni coğrafi regionda yerləşdiklərinə rəğmən, nə üçün belə olsun?
Çünki bir tikinti şirkəti məsələyə məsuliyyətli yanaşıb, digəri isə “yeyinti”yə yol vermişdi”.
Ekspert bildirib ki, çıxış yolu nəzarətin güclənməsindədir: “Təəssüf ki, ölkəmizdə yollara nəzarət sıfır səviyyəsindədir. Çox təəssüflər olsun ki, belə faktları çox sadalamaq olar.
Qeyd edək ki, Saleh Məmmədov adı mediada korrupsiya əməliyyatlarında ən çox hallanan şəxslər sırasında gəlir. Mətbuat dəfələrlə onun korrupsiyadan əldə etdiyi böyük miqdarda vəsaitlə topdağıtmaz sərvət sahibi olması ilə bağlı iddialarla çıxış edib.
Son məlumatlara görə, Saleh Məmmədov 1 saylı Ramanı qəsəbəsində beşmərtəbəli klinikanın tikintisinə başlayıb. Bundan başqa onun özünün və qudasının Azərbaycanın demək olar ki, hər rayonunda bir evi mövcuddur.
“Azəryolservis”in istismara verdiyi yolların ömrü bir neçə ayı keçmir. Məsələn, olkepress.com saytı yazır ki, Bibiheybət yolu 2019-cu ilin martın 1-də çöküb, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) təmir işlərinə başlayıb və mart ayının sonlarında yol yenidən istifadəyə verilib.
Bibiheybət yolunda 2015, 2017 və 2018-ci illərdə də təmir işləri aparılıb:
“Lakin keyfiyyətsiz iş üzündə hər dəfə bu yolda çökmə baş verib. Görünür, sonuncu dəfəki təmirdə də keyfiyyətə önəm verilməyib.
AAYDA-nın rəhbəri Saleh Məmmədov 2015-ci ildən yol təsərrüfatına rəhbərlik edir. 2015-ci ildə bu yana Bibiheybət yolu demək olar ki, hər il təmir olunur. Büdcədən milyonlarla vəsait xərclənməsinə baxmayaraq bu yolun ömrünü 1 ildən artıq uzatmaq mümkün olmur.
Bəlkə də ona görə ki, Saleh Məmmədov məsələn Nabrandakı villasının tikintisinə göstərdiyi diqqəti bu yola göstərmir. Bibiheybət yolunda torpaq sürüşməsinin qarşısını almaq üçün tikilən istinad divarları hörmətli Saleh Məmmədovun bəhs etdiyimiz villasının hasarı ilə müqayisədə çox kövrəkdir. Amma bu AAYDA sədrini o qədər də narahat etmir. Axı yol onun şəxsi mülkü deyil. Yollar ümumi istifadədir. Ordan “rəiyyət” də istifadə edir. Hər il onun təmirinə xərclənən vəsait də Saleh Məmmədovun şəxsi vəsaiti deyil. Xalqın puludur, nə qədər istəyirsən xərclə…”
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.//Editor.az
