Koronavirusun mutasiyaya uğramış və daha da aqressiv olan yeni versiyası hamını təngə gətirib. Alimlər deyir ki, əvvəlkindən 70 faiz daha sürətlə yayılır, ölümcül və qorxuncdur. Bu isə ölkədə insanlarımızın onsuz da olan-qalan əsəbini tarıma çəkib, kasıbı təntidib, varlının itirmək qorxusunu isə kəllə-çarxa çıxarıb. Varlı da ki, qorxanda…Allah göstərməsin. Biz uzaqbaşı bir canımızdan qorxuruq. Onlar itərəcəkləri vəzifədən, var-dövlətdən, mülkdən… Üstəlik, onların arzuları da bizimkilərdən böyük, hüdudsuz və göylərdə uçandır. Düşünsənə, pul-para var, arzu da var, amma icazə yoxdu. Bütün arzular elə ürəklərindəcə qalır – reallaşdıra, kasıba hava ata, yuxarıdan aşağıya baxa bilmirlər.
Arzu demiş, jurnalistlər Şuşanın İcra başçısı Bayram Səfərovdan soruşublar ki, Şuşaya nə zaman gedəcəksiz. Cavab verib ki, hər yeri minalayıblar, o üzdən Şuşaya gedə bilmir. Amma mən xatırlayıram ki, bu ilin mayında, hələ Şuşa bizim xəyallarımızda, yuxumuzda olan vaxt Bayram müəllim çox qəzəbli idi. Zəng edib, Paşinyanla bağlı münasibət öyrənmək istəyən jurnalistlərə "Paşinyan Şuşaya səfər etdiyi yerdə qıçları qırılsın”, "Paşinyan yanımda getdiyi yerdə onu qayadan aşırdaram! Bura bax, onu qayadan tufulladaram!” kimi sözlər deyirdi. İndi qəzəbi soyuyub deyəsən, öz canını hamıdan və hər şeydən öncə düşünür. Üstəlik, adama deyərlər, Şuşa bu dəqiqə ən təhlükəsiz yerlərdən biridir, sən kimə gəlirsən ay bədbəxt?
Sevinc Telmanqızı
