“10 noyabr Bəyannaməsi ilə Qarabağda müharibənin sona çatmasına baxmayaraq Rusiya tərəfi konkret olaraq öhdəlikləri yerinə yetirməyərək situasiyanı gərginləşdirir.
Bu da yeni lokal toqquşmalara yol açır. Halbuki bütün əməliyyatlar bitməli idi. Həmçinin birtərəfli olaraq "sülhməramlı" komandirlər Azərbaycanla deyil, Ermənistanla daha sıx təmasdadılar”.
Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Rusiya bununla neytrallağını pozaraq birbaşa Qarabağda Ermənistanın mövqeyinin olduğunu göstərir:
“Bu, Azərbaycana təzyiq vasitəsidir, həmçinin münaqişənin davam etdiyini göstərir. Rusiyanın bu siyasəti Azərbaycanın hərəkətə keçməsini şərtləndirdi. Məhz Laçında Azərbaycan və Türkiyə ordularının birgə taktiki hərbi təlimləri buna cavabdır və antiterror əməliyyatlarını özündə ehtiva edir.Qeyd edim ki, Rusiya Qarabağa Abxaziyada separtizmə dəstək verən general Mixail Kosobokovu komandan təyin edib. Təbii ki, bu, erməni separatizminin dəstəklənməsinə və bundan sonra daha da intensiv olaraq Qarabağda Rusiya hərbçilərinin taktiki döyüş təlimlərinin keçirilməsinə gətirib çıxaracaq.
Həmçinin, silahlı erməni təxribatlarına rəvac verəcək. Rusiyanın Qarabağda Azərbaycana qarşı bu addımı öz əleyhinə işləyəcək. Azərbaycan və Türkiyə qüvvələri Qarabağda antiterror əməliyyatlarına başlayacaqsa, Rusiya Türkiyənin qarşısından geri çəkilməli olacaq.
Ümumiyyətlə, Rusiya 10 noyabr Bəyannaməsinin 4-cü bəndini yerinə yetirərsə belə, bir siyasi-hərbi qarşıdurmaya ehtiyac olmaz. Rusiyanın bu fəaliyyəti Türkiyənin də regional siyasətini təhdid edir. Ona görə də Rusiya separatizmə dəstək verən generalını Qarabağda komandan təyin etməsinə cavab olaraq Türkiyə nümayişkaranə xüsusi əməliyyatlara bağlı bir neçə generalını Azərbaycandakı hərbi kontingentlərinə komandan təyin etdi.Bu, Ankaranın Moskvaya cavab addımdır və vəziyyətin mürəkkəbləşəcəyi gözlənilir. Türkiyə Rusiyaya bu addımı ilə geri çəkilməyəcəyini və daha da irəli gedəcəyi mesajını verdi. Baş verəcək problemlər fonunda Qarabağda qalan ermənilər bu əraziləri tərk etməyə məcbur olacaq”.
