VƏTƏN
Könlüm açılmayır qəmdən, qəhərdən
Kədərin izidi sacında hər dən
Təsəlli alırsan qərənfillərdən,
Arzusu gözündə saralan Vətən.
Güllələr dağlayıb əsir köksünü,
Kimsəyə deyəmmir ürək sözünü,
Üzü Qarabağa dikib gözünü,
Ümid yollarını qar alan Vətən.
Yağır ürəyinə gözünün yaşı,
Mamır bağlayıbdır səbrinin daşı.
Gəlmir harayına dostu, qardaşı,
Əlləri her yanda boş qalan Vətən.
Üstünə güllələr, mərmilər yağır,
Dərd yükü çiynində ağırdır, agır,
Kimlərin uzaqdan boylanır, baxır,
Gözləri həsrətdən qaralan Vətən.
Yasəmən, ilham al Vətən sözündən,
Yurd eşqi ələnir şair gözündən.
Bir gün Qarabağın öpər üzündən,
Şəhid oğullara yar olan Vətən.
YASƏMƏN QƏYYUMLU