KREMLİN "MƏTBƏXİNDƏ" TEZ TEZ ŞAM EDƏN LUKAŞENKONUN BƏYƏNATLARININ CİDDİ ƏSASLARI VAR - BUNUN MUSTAFASI BUDUR Kİ,SSRİ YENİ FORMATDA YARADILACAQ
"SSRİ-nin yaranmasının 100 illiyi ərəfəsində, azı 5-6 dövlətdən ibarət ittifaq dövləti yaratmağa çalışacaqlar”. DİA.AZ xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiyanın son zamanlar keçmiş SSRİ məkanında aqressivləşməsi fonunda sabiq ittifaq dövlətinin zühurunun mümkün olub-olmayacağı məsələsinə toxunarkən deyib:
"Putin SSRİ-nin bərpa edilməsinə həyatını həsr edib. Son 20 ildə yürütdüyü siyasət də bundan ibarətdir. O, hələ 2000-ci ildə bildirmişdi ki, SSRİ-nin dağıdılması xəyanət idi. Putin açıq şəkildə bunu bəyan edir və açıq şəkildə də layihəni reallaşdırmaqla məşğuldur. Birmənalı şəkildə Putin bütün resurslardan istifadə etməklə məhz SSRİ-nin bərpası planının üzərinə gedir”.
Həmsöhbətimizin fikrincə, belə bir təhlükənin növbəli formada Azərbaycana da keçməsi ehtimalı yüksəkdir:
"Düzdür, Putin özü də başa düşür ki, Sovetlər Birliyini əvvəlki formada bərpa etmək axmaqlıqdır. Ona görə də Nazarbayevin əli ilə Avrasiya İttifaqı kimi bir qurum yaratdılar. Bura 12 respublikanı cəlb etmək istəyirlər. İndi də görünür, məsələni KTMT xəttilə gündəmə gətirirlər. Artıq Lukaşenko Özbəkistanı da hədələyir. Burada separatizmin baş qaldırmasına çalışacaqlar.
Vahid iqtisadi məkan və vahid gömrük zonası yaratmaqla ardınca ittifaq dövlətinə keçməyi düşünürlər. Tokayevin əliylə Qazaxıstanı, ardınca Özbəkistanı həmin ittifaqa cəlb edəcəklər. Qırğızıstan və Tacikistan avtomatik olaraq ora qoşulacaq. Bu mənada Azərbaycanı da istənilən vaxt, istənilən provokasiya gözləyə bilər. Ehtiyatlı olmalıyıq”.
