İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həm əhaliyə çirkli su verir, həm də Xəzəri çirkləndirir
Dövlət Su Ehtiyatları Agentliyini, eyni zamanda, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini əhalinin ən çox şikayət etdiyi qurumlardan adlandırmaq doğru olardı. Buna əmin olmaq dövlət idarələrinin sosial media hesablarına diqqət yetirmək kifayətdir. Az qala heç vaxt müsbət rəy gözə dəymir. Abonentlər daim su qıtlığından, çirkli su verilməsindən şikayət edirlər. Su təsərrüfatına məsul qurumlar isə şikayətlərə ya gec reaksiya verirlər, ya da tamamilə laqeyd davranırlar. Bəzən eyni şikayətin aylarla yazıldığı, amma reaksiyasız qaldığı nəzərə çarpır.
Bizimyol.info xəbər verir ki, bu günlərdə sosial platformalarda İri Şəhərlərin Birləşmiş Su Təchizatının əhaliyə çirkli su verməsi ilə bağlı ardıcıl paylaşımlar diqqət çəkir. Sosial media istifadəçiləri ödənilən məbləğ müqabilində çox keyfiyyətsiz xidmətlə üzləşdiklərini yazırlar. Verilən su o qədər çirkli olur ki, hətta bunu pambıqla təmizləmək cəhdi də işə yaramır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı məsələyə aprelin 6-da münasibət bildirib. Açıqlamada deyilir ki, məsələ araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.
Su təsərrüfatı həm də Xəzəri şirkləndirirmiş. Bu, rəsmi səviyyədə elan olunub. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Qaradağ və Səbail rayonları ərazisindən tullantı sularının zərərsizləşdirilmədən boru vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən edib. Dənizə axan sudan nümunələr götürülüb. Analizin nəticələrinə görə su nümunəsində zərərli maddələrin miqdarının yol verilən həddən artıq olduğu rəsmi təsdiqini tapıb.
Faktla bağlı akt və protokol tərtib edilib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin hüquqi şəxs qismində 12 min 500 manat məbləğində cərimələnməsi üçün toplanmış materiallar Qaradağ Rayon Məhkəməsinə göndərilib. Üstəlik, nöqsanların aradan qaldırılması üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə xəbərdarlıq məktubu ünvanlanıb.
Aytən, Bizimyol.info