"DoğruXeber.az" olaraq Qusar rayonunun Piral kənd tam orta məktəbində baş verən, artıq “ailə idarəçiliyinə” çevrilmiş özbaşınalıqların daha bir epizodunu təqdim edirik. Hər oxunuşda inamsızlıq doğuran bu vəziyyət, əslində, illərlə oturuşmuş korrupsiya modelinin məktəb binasında çiçəklənmiş formasından başqa bir şey deyil.
İlk baxışdan elə bilərsən ki, bu məktəbdə dərs cədvəlini Təhsil Nazirliyi yox, Kənd Təsərrüfatı Nazirliyi qoyun sürüsünün gündəlik otarılma vaxtına görə tərtib edib. Elə bil dərslərin deyil, yovşan otlarının vaxtı dəyişib. Belə ki, tədris prosesi qaydalara tamamilə zidd şəkildə qurulub. Dərslərarası tənəffüslərin 10 dəqiqədən az olmaması tələbi açıq şəkildə pozulub. Real vəziyyətdə isə yalnız bir (!) böyük tənəffüs var – o da 10 dəqiqə. Qalanları isə cəmi 5 dəqiqəlik formal pauzalar. Halbuki həmin böyük tənəffüs də qaydalara görə ən azı 15 dəqiqə olmalı idi. Amma niyə uzatsınlar ki? Məgər dərsin tez qurtarması, qoyunlara nəzarət etmək üçün Qusar şəhərindən Piral kəndinə gələn məktəb direktoru Ağamət Ağamətov üçün daha vacib deyil?
"DoğruXeber.az" olaraq bildiririk ki, məktəbin direktoru işə gəlib-getməklə kifayətlənməyib, öz həyat yoldaşı Akina Ağamətovanı da bu sistemin "fəal iştirakçısı"na çevirib. Belə ki, xanım Ağamətova 2024-2025-ci tədris ilinə qədər Piral kənd tam orta məktəbində çalışmaqla yanaşı, 32 km uzaqlıqdakı Mucuq kənd tam orta məktəbində də işləmiş və bu müddətdə Ağamət Ağamətov onu iş saatlarında bir məktəbdən digərinə aparıb-gətirməklə məşğul olub. Təbii ki, bu müddətdə məktəb idarəçiliyi "avtopilot" rejimə keçirilib. Ailə bir yerdə işləyirsə, niyə məktəb də ailəyə işləməsin? Axı “ailə büdcəsi” üçün dövlət büdcəsi hər zaman açıqdır.
İndi isə gəlin məktəbdə dərsdənkənar məşğələlərin necə "icra" olunmasına nəzər salaq. Qaydalara görə, əsas dərslərlə dərsdənkənar məşğələlər arasında ən azı 45 dəqiqə fasilə olmalıdır. Amma Piral kənd məktəbində bu müddət sıfıra bərabərdir. Çünki bu məşğələlər sadəcə növbəti dərs saatı kimi qeyd edilir. Məsələn, 9-cu sinifdə riyaziyyatdan dərsdənkənar məşğələ həftənin Cümə günü – 6 dərsdən sonra 7-ci saat kimi salınıb. Görəsən, həftənin son günündə 7-ci dərs saatında uşaq hansı zehni enerjiylə əlavə riyaziyyat dərsini mənimsəyə bilər? Yoxsa bu məşğələlər sadəcə jurnal üçün yazılır?
Əlbəttə ki, yazılır. Jurnal var, məşğələ yox. Amma maaş var. Çünki dərsdənkənar məşğələ jurnallarında şagird siyahıları yetərincə "seyrəkdir". Halbuki qaydalara əsasən, bu məşğələlərə bütün sinif cəlb olunmalıdır. Lakin məktəbdə qanunlar yox, ailə maraqları işləyir. Əgər jurnal varsa, rəsmi görsənir. Rəsmi görsənirsə, problem yoxdur. Dövlət görmürsə, Ağamət niyə görsün ki?
İndi isə gəlirik maliyyə hoqqabazlıqlarına.
2024-2025-ci tədris ilində məktəbdə təşkil olunan aşağıdakı dərnəklərə 2 saat hesabı ilə ödəniş verildiyi halda, dərnək jurnallarında bu məşğələlər yalnız 1 saat kimi göstərilib. Aydındır ki, bu yolla dövlət büdcəsindən əlavə vəsait "uçuruma" axıdılıb. Yaxud da elə ailəvi təsərrüfata yönləndirilib.
1. “Riyazi məntiq” – rəhbər: Məmmədov Elşən, orta-ixtisas təhsilli ibtidai sinif müəllimi. Riyaziyyatçı deyil, amma “riyazi məntiq” dərnəyi ona tapşırılıb. Məntiq, əlbəttə ki, bir az fərqli işləyir burada.
2. “Cüdo” – rəhbər: Həkimov Şahin, orta-ixtisas təhsilli fiziki tərbiyə müəllimi. Cüdo üzrə diplom yox, amma “sözlə yıxmaq” üzrə mütəxəssis ola bilər.
3. “Gənc kimyaçılar” – rəhbər: Ağamətov Şahvələd, kimya müəllimi və məktəb direktorunun qardaşı (!). Qardaş postundadırsa, “gənc kimyaçılar” yox, “kimyəvi əlaqələr” daha uyğun ad olardı.
"DoğruXeber.az" olaraq soruşuruq: Görəsən, bu dərnək rəhbərlərinə verilən pullar sonradan onlardan “xahiş” şəklində geri alınıbmı? Yoxsa bu, artıq "ailəvi müəssisə" modelinin bir hissəsidir? Direktor Ağamət Ağamətov üçün dərnək seçimi də ailəvi və tanış-bazalı prinsiplərlə həll olunur. Onun qardaşının dərnək rəhbəri olması, həyat yoldaşının iki yerdə işləyərək rəsmi iş saatında bir məktəbdən digərinə daşınması, müəllimlərin peşə profili ilə uyğun gəlməyən dərnəklərə rəhbər təyin edilməsi və sonda bu saxta məşğələlərə görə dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi – bütün bunlar artıq "gülməli" yox, cinayət xarakterli hallardır.
Burada artıq satira yox, prokurorluq dili işləməlidir.
Elm və Təhsil naziri Emin Əmrullayevin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevin bu vəziyyətdən xəbəri yoxdurmu? Əgər yoxdursa – bu artıq ciddi sistem iflasıdır. Əgər varsa – və yenə də susurlarsa, o zaman onların da məsuliyyətini müzakirə etmək vaxtı çoxdan çatıb.
Hər dəfə bütün yazılarımızda təkrar-təkrar verdiyimiz bu sualımız da, Elm və Təhsil Nazirliyinə göndərdiyimiz rəsmi sorğular kimi cavabsız qalır.
Nə desinlər axı?
Bu məktəbdə tədris, idarəçilik və şəffaflıq yox, ailə rahatlığı, vaxtına tez çatmaq və qonorarları düzgün “bölmək” prinsipi əsas götürülür. Təhsil müəssisəsi yox, ailə holdinqi.