Trampın Putinə verdiyi möhlətin müddəti başa çatır - ekspertin gözləntisi
Bu həftəsonu, avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Putinə verdiyi möhlət bitir. Məsələ ilə bağlı ABŞ-ın NATO-dakı nümayəndəsi Mett Uitaker sensasion bəyanatla çıxış edərək deyib ki, avqustun 8-də Tramp Rusiyaya qarşı genişmiqyaslı, “dağıdıcı” tariflər və sanksiyalar paketi tətbiq edəcək. “Trampın qərarı ilə Rusiyanın dostu qalmayacaq, ticarət partnyorları olmayacaq. Bunun nəticəsində Rusiyanın müharibəni maliyyələşdirmək imkanları bitəcək,” - deyə Uitaker bildirib.
Hələlik rəsmi sənəd açıqlanmasa da, diplomatik mənbələrə əsasən:
- Rusiya ilə ticarət əlaqələrində olan bütün şirkətlər və ölkələrə qarşı ikincili sanksiyalar tətbiq olunacaq;
- Enerji, metal, neft və qaz ixracatı sahəsində yeni məhdudiyyətlər gələcək;
- Rusiya banklarının beynəlxalq sistemlə əlaqələri tamamilə bloklanacaq;
- Dövlət qurumlarına və yüksək çinli məmurlara qarşı fərdi maliyyə sanksiyaları genişləndiriləcək.
“Hill” nəşrində dərc olunan məlumatda bildirilir ki, ABŞ Senatı yayın sonuna qədər Rusiyaya qarşı sanksiyaları sərtləşdirən, o cümlədən üçüncü ölkələrə məhdudiyyətlər tətbiq etməklə yeni qanun layihəsini qəbul etməyəcək. “Respublikaçı senatorlar Rusiyaya qarşı sanksiyalarla bağlı genişmiqyaslı qanun layihəsini qəbul etmədən Vaşinqtonu tərk etməyə hazırlaşırlar. Senatın iş sessiyası avqustun əvvəlində başa çatır. Senatorlar bu ay üçün öz ştatlarına səfər edəcək və sentyabrın əvvəlində Vaşinqtonda işə qayıdacaqlar”, - nəşr qeyd edib.
Maraqlıdır ki, bu ərəfədə Trampın xüsusi nümayəndəsi Uitkoffun Moskvaya səfər edəcəyi haqda məlumat yayılıb. Bu haqda ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uiteker NBC telekanalına verdiyi müsahibədə bildirib. O ümid edir ki, Uitkoff səfəri zamanı münasibətlərdə irəliləyiş əldə edə biləcək.
Uiteker əlavə edib ki, hazırkı vəziyyətdə diplomatik əlaqələrin inkişafı üçün belə addımlar vacibdir: “Mümkündür ki, bu səfər tərəflər arasında yeni dialoqun başlanğıcı olsun”.
Uitkoif Putinə Trampın hansı mesajını aparacaq? Bütövlükdə yeni sanksiyalar Putini durdurmaq gücündədirmi? Azərbaycanla Türkiyə sanksiyalardan necə təsirlənə bilər?
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, ABŞ-ın Rusiyanı bitirmək kimi bir gündəminin olduğuna inanmır. Onun fikrincə, Tramp bu məsələdə əksliklərin vəhdəti və mübarizəsi qanununa uyğun hərəkət edir. “Dialektikanın ziddiyyət qanunu” olaraq da adlanan prinsipdən çıxan nəticənin qısa məzmunu belədir: Bir tərəf öz əksini tamamilə bitirsə, özünü də məhv etmiş olar. Təsadüfi deyil ki, SSRİ dağıldıqdan sonra Qərb ölkələri ABŞ-dan asılı olmadan yaşamaq eşqinə düşmüş, hətta NATO-nun lazımlılıq məsələsi ciddi müzakirə mövzusuna çevrilmişdi. ABŞ da məcbur qalıb yeni əksliklər yaratmağa başlamışdı. Bir müddət “mədəniyyətləri çarpışması” kimi ideyaların ətəyindən yapışan Vaşinqton “islam fundamentalizmi”, İŞİD kimi uydurma dəyərlər sistemi yaratmağa məcbur olmuşdu. Amma sonradan bu qondarma dəyərlərin bir işə yaramadığı ortaya çıxmışdı. Fransa prezidenti Makron günlərin birində “NATO beyin ölümü keçirib” deyəndə ABŞ da yenidən köhnə istismar alətini işə salmağa çalışmışdı. Trampın birinci hakimiyyəti dövründə Belarusa qədər coğrafiyalarla iqtisadi əməkdaşlıqlar qurmağa çalışan ABŞ-ın bu müdaxiləsi Rusiyanın əks reaksiyalarına, o cümlədən II Qarabağ savaşının çıxmasına yol açmışdı. Belə ki, Tramp hakimiyyəti həmin dövrdə Avropanı Rusiyanın neft və qaz asılılığından qurtarmağı hədəf göstərir, özü ilə yanaşı Azərbaycan enerji resurslarını da alternativ mənbə kimi təqdim edirdi. ABŞ-ın dövlət katibi Mayk Pompeonun 2020-ci ildə Ukraynadan sonra Belarusa səfər etməsi və burada Şərqi Avropa ölkələrini Rusiyanın təbii qaz projelərini tərk etməyə çağırmaları iki ölkə arasındakı münasibətləri xeyli gərginləşdirmişdi. Maraqlıdır ki, Pompeonun Minskə səfərindən və ABŞ-ın enerji strateqlərinin Azərbaycanı referans göstərən açıqlamalarından sonra ermənilər Tovuza hücum etmiş və Qərbə nəql olunan enerji xətlərimiz hədəfə alınmışdı. Hücumdan dərhal sonra media orqanlarında görünən Pompeonun riktorikası da məsləhətdən təhdidə dəyişmişdi. O, açıq şəkildə bütün Avropa ölkələrini Rusiya ilə enerji alış-verişini dayandırmayacaqları təqdirdə ağır nəticələrlə üzləşəcəkləri ilə təhdid etmişdi. Moskvanın əlində oyuncaq olan ermənilərin bu həmlələrinin qarşısını kəsən Azərbaycan bir neçə aydan sonra növbəti erməni hücumlarını dayandırmaq üçün hərəkətə keçmiş və 44 gün ərzində işğal altında olan ərazilərimizin böyük hissəsini azad etmişdi. Ardınca da Qərb dövlətləri Ukraynanın NATO-ya və Avropa Birliyinə üzvlüyünü gündəmə gətirməklə Moskvanı növbəti səhv addıma həvəsləndirmişlər - Ukrayna savaşına".
Heydər Oğuzun fikrincə, Putinin strateji səhvi ucbatından çıxan və getdikcə aqressivləşən Ukrayna savaşı bütün Avropa ölkələrində rus xofunu yenidən diriltdi və Qərbin ABŞ-a sığınmasına əsaslı səbəb yaratdı: “Nəticədə Avropa ölkələri ABŞ silah sənayesinin trilyon dollarlıq bazarı halına gətirildi. Odur ki, Rusiyanın tez bir zamanda çökdürülməsi, prinsipcə, ABŞ-ın da işinə gəlmir. Hətta deyərdim ki, Rusiyanın təbii çöküşü anında belə, ABŞ onu yenidən dirçəltmək üçün əlindən gələni edəcək, hətta utanmasa hərbi və iqtisadi yardımlar da verər.
Üstəlik, dünya hegemoniyasının yeganə idarəetmə mərkəzi ABŞ da deyil. Artıq Çin də bir qütb kimi ortaya çıxır və açıq şəkildə bu müharibənin bitməsini özü üçün ciddi təhlükə hesab edir. Bu yaxınlarda Avropa İttifaqına səfər edən Çinin Xarici İşlər naziri Aİ-nın nümayəndəsi ilə görüşərkən bunu açıq bəyan etmiş və müharibənin öz sərhədləri daxilinə keçməməsi üçün Rusiyanı yalnız buraxmayacağını bildirmişdi. Bütün bunlar ondan xəbər verir ki, Ukrayna savaşını tez bir zamanda bitirmək mümkün olmayacaq".
ABŞ-ın Rusiyaya qarşı ikinci sanksiyalarına gəlincə, Heydər Oğuzun fikrincə, bunun da bir mif olduğu bir müddət öncə ortaya çıxdı: “Sirr deyil ki, ABŞ ikinci dərəcəli sanksiyalar deyərkən Rusiya ilə ticari əlaqələrini sürdürən, ondan əsasən qaz və neft alan ölkələri, xüsusilə də Çini və Hindistanı cəzalandırmağı nəzərdə tutur. Bu yaxınlarda belə sanksiyaların bir sınağı keçirildi. ABŞ Çin məhsullarına 35%-lik gömrük rüsumu tətbiq etdi. Eyni qaydada Çin də onun mallarından tətbiq olunan rüsumları eyni səviyyədə qaldırdı. Beləcə qarşılıqlı rüsum artırmaları 150%-ə qədər yüksəldi. Sonunda geri çəkilən Tramp oldu. O, açıq şəkildə Çində mesaj göndərərək ticarət savaşlarını bitirmək təklifini irəli sürdü. Düşünürəm ki, ABŞ-ın növbəti ticarət hücumlarında bənzər hadisələr baş verəcək.
O ki qaldı Türkiyə və Azərbaycanın bu ticarət savaşında necə təsirlənməsinə, Heydər Oğuz ABŞ-la Rusiya arasında yaşanacaq potensial iqtisadi ziddiyyətlərin hər iki türk müttəfiqdən yan keçəcəyinə inanır: “Əvvəla, nə bizim, nə də Türkiyənin ABŞ-la ticari əlaqəmiz o qədər də böyük deyil. Üstəlik, dünyanın yenidən bölünməsində ABŞ bizi və Türkiyəni öz yanında görmək istəyir və hətta bizi yüksələn güc mərkəzləri sırasına salmaq arzusundadır. ABŞ-ın Türkiyə səfiri Tom Barakın bu yaxınlarda türk, kürd, ərəb ortaqlarından təşəkkül tapan və Osmanlı millət anlayışından qaynaqlanan ittifaq fikrindən çıxış etməsi və Şimali Suriyada PKK-nın sıradan çıxarılması istiqamətində atılan addımlar da bunun ən bariz örnəkləridir. ABŞ-ın bu addımları Yaxın Şərqin, Cənubi Qafqazın və Orta Asiyanın taleyini Türkiyəyə həvalə edib özünün Hind-Sakit okeanı coğrafiyasına çəkiləcəyini göstərir. Hesab edirəm ki, həm Azərbaycan, həm də Türkiyə bu yeni geostrateji layihələrdən ciddi qazanclar əldə edə bilər. Azərbaycan Orta Asiya və Yaxın Şərq arasında körpü rolu oynayacaq imkanlara malik, enerji resursları ilə zəngin bir ölkədir. Yenidən formalaşdırılan müasir dünya düzənində bizim də özümüzəməxsus yerimiz olacağına inanıram”.