Donbassda döyüşlərdə iştirak etmiş Zaxar Prilepinin “LDXR”-nın (Luqansk və Donbass Xalq Respublikası), həmçinin Dnestryanı bölgənin və Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil olması barədə təklifi aktiv müzakirə olunur. “LDXR” terrorçularına dəstək verən “Wargonzo”-nun müəllifi Semyon Peqov da bu ideyanı təbliğ edir və bəyan edir ki, Rusiya hakimiyyəti Donbasın işğal olunmuş hissəsində yaşayan sakinlərə rus pasportu verdiyi kimi, Dnestryanı bölgənin əhalisinə, həmçinin Dağlıq Qarabağ ermənilərinə də rus pasportu verməlidir. Bəzi rusiyalıların fikrincə, Kreml bu yolla öz vətəndaşlarını qorumaq adı altında bu bölgələrdə hərbi əməliyyatlar apara bilər və qaynar nöqtələr yarada bilər. “”LDXR”da bu proses tam sürətlə işə salınıb, qalanlara da rus pasportları paylamaq lazımdır. Əminik ki, bu sıraya “Artsax”ı və Dnestryanı bölgəni də cəlb etməyin zamanıdır. Çünki rus pasportuna malik olmaq keçmiş post-sovet məkanındakı regional münaqişələrin girovuna çevrilmiş milyonlarla əhali üçün sülh və təhlükəsizliyin qarantıdır”, deyə Peqovun komandası yazır. Ardınca bildirirlər ki, nə qədər ki, Qərb “ayılmayıb”, Rusiya “pasport paylama” əməliyyatını keçirməlidir.
