Türkiyənin “Haber Global” kanalı ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumla bağlı material hazırlayıb.
Materialda dövlət başçısının Şimali Kipr Türk Respublikası ilə bağlı fikirləri yer alıb.
Bildirilib ki, Prezident İlham Əliyev illərlə həll edilməyən Kipr problemi ilə bağlı Azərbaycanın konkret mövqeyini ortalığa qoyub:
“Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər”.
Həmçinin materialda Azərbaycan Prezidentinin yunan Kiprinin Avropa İttifaqına üzv qəbul olunması ilə bağlı fikirləri də yer alıb.
Vaxtilə BMT-nin Baş katibi tərəfindən referendum elan edilən zaman Türkiyə Kiprinin birləşməyə, yunan Kiprinin nümayəndələrinin isə bunun əleyhinə səs verdiklərini xatırladan Prezident qeyd edib:
“Baxın, nə baş verdi? Yunan Kipri Avropa İttifaqına üzv qəbul olundu. Bu ədalətlidirmi? Yəni, bu, ikili standartın bariz nümunəsi idi və siyasətçilər bu haqda danışmaq istəmirlər. Yəni, onlar başlarını ağrıtmaq istəmirlər və bu haqda danışsalar, onlara başağrıdan başqa da problemlər yarana bilər. Ona görə də Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”.
Materialda ötən il Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında parlamentlər arası işçi qrupu yaradıldığı və bunun Şimali Kipr Türk Respublikasının tanınması ilə bağlı addım olduğu vurğulanıb.
