Marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkən Rüstəm Orucovun tanınmış generalın oğlu olduğu məlum olub.
musavat.com xəbər verir ki, Rüstəm Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olmuş general-mayor Novruzəli Orucovun oğludur.
Bu məqamda qeyd edək ki, bu, R. Orucovla bağlı mətbuata çıxmış ilk hadisə deyil. Belə ki, o, 2017-ci ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü. Bu hadisədən sonra Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.
Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor Novruzəli Orucovun oğlu olan Rüstəm Orucov sahib olduğu lüks avtomobilləri və yaşayışı ilə də zaman-zaman mətbuatın gündəminə düşüb.
Qeyd edək ki, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
