Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində İkinci Qarabağ müharibəsinin Zəfərlə nəticələnməsinin səbəbləri barədə də danışıb.
Gununsesi.info xəbər verir ki, dövlət başçısı burada bir çox amillərin rol oynadığını bildirib.
Azərbaycan Prezidenti deyib:
“İlk növbədə, əlbəttə ki, xalqımızın əzmi, barışmaz mövqeyi və bizim siyasətimiz. Çünki mən artıq 18 ilə yaxındır ki, prezidentəm və bütün bu illər ərzində deyirdim ki, nəyin bahasına olursa-olsun biz torpaqlarımızı azad etməliyik və edəcəyik.
Sadəcə olaraq, bunu düzgün anda etməli idik və etdik, səhvə yol verə bilmərik. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar bax, belə nəticəyə gətirib çıxardı.
Xalqın barışmaz ruhu əlbəttə ki, əsas amillərdən biridir. Çünki biz Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır şəhərciklərində doğulan uşaqlar da bir arzu ilə, bir amalla yaşayırdılar ki, getsinlər, öz torpağına qayıtsınlar. Ölümə gedənlər məhz onlar kimi minlərlə gənclər olmuşdur”.
Prezident İlham Əliyev qeyd edib ki, Ordumuzun gücləndirilməsi, silah, texnika, təchizat məsələləri də əsas amillərdəndir:
“Son illərdə ən çağdaş texnologiyaya əsaslanan silahlar alındı və Ordumuzun peşəkarlığı artdı. Çünki silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz. Bu amillər bizi Qələbəyə apardı. Bizim bütün hərbi strategiyamız və silahların alınması bir məqsədə xidmət edirdi – biz bu torpaqları necə az itkilərlə azad edək və belə də oldu.
Heç kim inana bilmirdi ki, bizim itkilərimiz cəmi təqribən 3 minin altında olsun. Hər bir insanın həyatı qiymətlidir, ancaq bu miqyaslı əməliyyatda cəmi 2900 şəhidin verilməsi, əlbəttə, onu göstərir ki, hər əsgərin canını biz son ana qədər qorumağa çalışırdıq”.
P.S. Bir daha xatırladaq ki, 44 günlük müharibə zamanı yalnız kasıb balalrı şəhid və qazi oldular. Bir nəfər də olsun yüksək rütbəli məmur balası və ya əsli-nəslindən heç kim Vətənin ağır gübnündə iştrak etmədi. Hətta harın rüşvətxor balaları həmin dövrdə xaricə qaçıb mülklər almağa başladılar. Hansı ki, adi çörəyə möhtac olan kasıb balalrı son damla qanınadək vuruşanda Azərbaycanın qatığnı-qaymağını dədlərinin vəzifələri hesabına yeyib harınlamış gədələr sadə insanlarımızı adam yerinə qoymurdular. Nəticə çıxarmaq lazımdır. Vətən hamı üçündür!
