Fevralın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən səhiyyə nazirinin müavini Elsəvər Ağayev Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri vəzifəsini də itirib. Bu vəzifə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsinin sabiq rəis müavini, hazırda Səhiyyə nazirinin müavini olan Rasim İsmayılova tapşırılıb.
Bəli, 23 il əvvəl sabiq nazir Əli İnsanovdan qalma bu kadr necə olmuşdu ki, bu günədək Nazirlikdə heç kimlə hesablaşmadan belə vəzifəsini icra etmişdir? Deyilənə görə onun Oktay Şirəliyevlə də münasibətləri həmişə gərgin olmuşdur. Səbəb isə Elsevər Ağayevin Oqtay Şirəliyevi faktiki saymaması və nazirlikdə öz şərtlərini diqtə etməsi olmuşdur.
Doğrudur, Oqtay Şirəliyev dəfələrlə müavinindən qurtulmaq istəsə də, cəhdləri uğursuz alınıb. Hətta müavininin nazir olmaq istəyini eşidən Oqtay Şirəliyev çıldırma dərəcəsinə çatdığı da bildilirdi.
Elsevər Ağayevi “Naxçıvan klanı”nın əsas oliqarxlarından biri müdafiə etdiyindən Oqtay Şirəliyev onunla məhz bu səbəbə görə bacara bilməmişdir. Məlumata görə, “Zəfəran”, “Odlar Yurdu” kimi iri aptek şəbəkələrinin sahibi, həmçinin “Avromed” MMC və “Zeytun” aptek şəbəkələrinin, eyni zamanda bir neçə iri özəl klinikanın himayəçisi olan nazir müavini bütün səhiyyə sistemini faktiki nəzarətə almışdır. Onun həmçinin dövlət xəstəxanalarını da himayəsinə alması və baş həkimlərin təyinatında birbaşa söz sahibi olması nazirlər münasibətlərini yenidən savaş müstəvisinə gətirib.
Bildirilir ki, “dərman monopoliyası”nın himayəçisinə çevrilən Elsevər Ağayev əlində olan adminstrativ imkanlardan istifadə edərək ayrı-ayrı iş adamlarını bu sahədən uzaqlaşdırmağa nail olmuş və ən iri dərman depoları Elsəvər Ağayevin himayəsində fəaliyyət göstərmişdir. Çünki nazir müavini istədiyi aptekin lisenziyasını ləğv etmək imkanına sahib idi.
İlkin hesablamalara görə, illik dövriyyəsi 1 milyard manatdan artıq olan bu sektorda Elseverə yaxın xeyli sayda tanınmış şəxslər fəaliyyət göstərmişdir. Hətta ən yüksək elitada təmsil olunanların da bu sektorda müəyyən paylarınin olduğu iddia edilir.
Elsevər Ağayevə məxsus olan “Zəfəran”, “Odlar yurdu”, “Zeytun” aptekləri və onun himayə etdiyi “Avromed” MMC -dir. Amma Elsevər Ağayev bununla kifayətlənmir. O artıq rayonlardakı aptek sistemlərini ələ keçirir. Bunun üçünsə sadəcə rayonlarda bir çox apteklərin lisenziyaları ləğv olunur. Onların yerində sözügedən şirkətlərinin filialları açılır. Artıq nəinki Bakıda, rayonlarda da özünə böyük şəbəkə yaradan “Zəfəran”çılar demək olar ki, bütün rayonlarda bu aptekin ən azından bir-iki filialını açıblar. Dərmanların qiymətinin süni olaraq şişirdilməsi də məhz nazir müavininin bu sahəni monopoliyada saxlamasından irəli gəlir.
Məlumatda qeyd olunur ki, Ağayev bir neçə dəfə deputat Cavanşir Feyziyevin rəhbəri olduğu və özünün də himayə etdiyi “Avromed” MMC-nin fəaliyyətinə də məhdudiyyət qoymaq istəyib. Bu da yeni gündəmə gələn “Zeytun” şəbəkəsinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı olub. Feyziyevi zərərsizləşdirməkdə məqsədi isə bu şəbəkəni tam himayəsinə almaq istəyi olub və bunu qismən bacarıb. Hətta bu şəbəkəni öz nəzarətində saxlamaq üçün yuxarı dairələrdə Feyziyevin “bacarıqsız” obrazını da yaratmağa cəhdlər etmişdir. Lakin C.Feyziyev olayından dərhal sonra Elsevərin vəzifədən alınması da diqqət çəkir.
Onun vəzifədən kənarlaşdırılmasının birbaşa bu olayla əlaqəli olduğunu düşünənlər az deyil. İndi qalır əsas məsələ. Bu da son 23 il ilərzində E.Ağayevin vəzifə səlahiyyətlərindən gen bol istifadə etməklə topladığı sərvətlərin siyahısını ictimaiyyətə təqdim etmək.
Bizi izləyin.
İfadetv.com
