“Açığı Rusiyadan bu cür əməliyyatların keçirilməsini gözləmək, mənə elə gəlir ki, tamamilə məntiqə uyğundur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.
O, Ukrayna Müdafiə Nazirliyi tərəfindən Ukraynanın mühasirəyə alınmış Mariupol şəhərindəki “Azov” taboruna qarşı Rusiya hərbçilərinin kimyəvi silahdan istifadə etməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
“Rusiya, əgər Kramatorskun dəmiryolu vağzalındakı mülki şəxsləri bir raketlə vura bilirsə və bunun əmrini verən generalı Ukraynadakı bütün əməliyyatların komandanlığını məhz məsum insanları, mülki şəxsləri gözünü yummadan rahatca öldürə bildiyinə görə mükafatlandıra bilirsə, əlbəttə ki, Mariupolda “Azov” taborunu təslim ala bilməyən aciz Rusiya kimyəvi silahlardan istifadə etməklə Mariupolu ələ keçirmək istəyə bilər. Bu, Rusiyadır və biz buna inanırıq. Təkcə biz deyil, fikir verirsinizsə, bütün Ukrayna, bütün Qərb dünyası, bütövlükdə isə buna bütün dünya buna inanır”.
N. Miri iddia edir ki, Rusiyada heç bir zaman güc əxlaqı olmayıb:
“Onlar bir insandan ötrü yüzlərlə məsum insanın öldürülməsini çox rahatlıqla qəbul edə biləcək əxlaqa mənsub bir dövlət və hakimiyyətdir. Rusiya dağıdıcı bir dövlətdir və hər zaman bu siyasətin tərəfdarı olub. Rusiya heç bir zaman yumuşaq güc tətbiq edən dövlət olmayıb. Rusiya dağıdıcı gücü ilə hər zaman təhdid yaratmaq özünün geosiyasi maraqlarını təmin etməyə çalışır. Ona görə də dünyanın burada inanmaq kimi bir lüksü yoxdur, əksinə buna hamı çox rahatlıqla inanır”.Politoloq NATO-nun Ukraynada Rusiyaya qarşı həyata keçirə biləcəyi əməliyyatlardan danışarkən deyib:
“O ki qaldı NATO-nun prosesə müdaxiləsinə, bir şeyi nəzərə alın: Kimyəvi silahların tətbiqi artıq müharibənin xarakterini dəyişir. Birincisi, bu, kütləvi qırğın silahıdır ki, əlbəttə ki, bu, müharibə cinayəti yaradır və bu xüsusda artıq beynəlxalq birlik fəaliyyətə başlayıb. Hətta Fransa öz jandarmalarını bu yöndə Ukraynada araşdırma aparmaq üçün bu ölkəyə göndərib. Ayrıca, digər dövlətlər və beynəlxalq təşkilatlar da bu yöndə, hətta Haaqa məhkəməsinin prokurorları da bu məsələdə artıq ciddi mənada işləyir”.
“Nəzər almalıyıq ki, Ukrayna Şərqi Avropayla həmsərhəd olan bir ölkədir və kimyəvi silahın Ukraynada tətbiq olunması yeganə istisna hal kimi qəbul edilə bilməz. Əgər Rusiya Mariupol və digər iri şəhərləri təslim ala bilməsə, bu silahlar davamlı olaraq istifadə oluna bilər ki, bu da artıq Ukraynanın çərçivəsini aşan bir məsələdir. Yəni bu artıq Ukrayna ilə həmsərhəd olan ölkələri – Polşa, Slovakiya, Rumıniya və Macarıstan kimi ölkələri də əhatə edə bilər ki, bu da artıq NATO-nun əhatə dairəsinə aid olan bir məsələdir. Buna görə də düşünürəm ki, NATO yaxın zamanda toplanacaq və bu məsələ ciddi müzakirə predmetinə çevriləcək. Qərar qəbul olunarsa, hə, NATO prosesə müdaxilə edə bilər. Bu da bir başa olmasa da, ən azından Ukraynaya öldürücü silahlar vermək hesabına baş tuta bilər”.