“Çox düşündürücüdür. Özü də lap çox. Sanki hansısa gizli əllər, bürüncəkdə hərəkət edən qüvvələr bütün yaxşı işləri qaralamağa çalışırlar. Dəstəkləri də var. Kimsə qarşısında dayanmaq, onları durdurmağa cəhd etmir. Onların isə əhatə dairələri daha da böyüyür, genişlənir. Sayları N qədərdir. Qaziləri də, hərbçiləri də dövlətdən, məhz dövlətdən narazı salmağa çalışanlardan danışırıq. Məqsədləri xaos yaratmaqdır. Qazilərlə, hərbçilərlə bağlı çox işlər görülüb, görülür, görüləcək. Niyə görüləcək deyirik? Planlaşdırılan layihələrə, imzalanan rəsmi sənədlərə görə. Bəs birdən nə baş verir?”
Bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib:
“Yeriyən şəhidi (ifadənin müəllifini xatırlamasam da, çox düzgün ifadədir, müəllif sağ olsun) dövlətlə üz-üzə qoymağa cəhd edilir. Məhz dövlətlə! Fiziki cəhətdən adi adamdan fərqlənən, müharibənin od-alovundan keçən bu adamların maddi və mənəvi qayğısını çəkmək yerinə, sanki onlara yerlərini göstərmək istəyən bir zümrə formalaşıb.
Qulaqlarının dibində şar partlayanda diksinənlər 44 günlük müharibədə tale üzünə güldüyünə, qismətində hələ yaşamaq olduğuna görə sağ qalan igidləri qarşılarında heçə sayırlar. Şikayətə gəlir, nəsə tələb edir, qəbul edilmir, tələblərinə, istəklərinə biganəlik göstərilir. Onda qazi intihar edəcəyini deyir, yanındakılar dərhal çəkilişə başlayır. Rejissorluq edirlər, operatorluq edirlər, sanki kino çəkir. Bu, qazi həyatıdır. Onu çəkmək yox, dayandırmaq, fikrindən daşındırmaq gərəkir. İntihardan çəkindirmək əvəzinə intihardan şou hazırlamaq kimə lazımdır? Kimin tapşırığını yerinə yetirirlər?”
Baş redaktorun fikrincə, ortada çox sayda əl var:
“Qarışıqlıq üçün gecə-gündüz işləyən "kolonlar" və o “kolonlar”ın icraçısı olan "klounlar" iş başındadır. Niyə başçı qazinin qarşısına çıxmamalıdır? Hansı üstünlükləri var? Bircə pulu və ona “bəçeşm” deyənləri çox ola bilər. Qəhrəmanlığı, mənəvi üstünlüyü yox...
Məsul nazir niyə özü əlilləri qəbul edib onlarla görüş keçirməməlidir ki? Region-region gəzmək, o qazilərlə görüşüb problemlərini dinləmək bu qədər çətindirmi?
Dövlətə xidmət edən, vətən torpaqlarını azad edən adamların birliyindən, diqqət-qayğı görməsindən əfzəl nə var? Şəhidlər Allah məqamındadır. Qazilər isə dünən olduğu kimi bu gün də Ali Baş Komandanın yanındadır. Çünki onlar hamıdan yaxşı dərk edirlər ki, Ali Baş Komandan dövlət deməkdir. Sadəcə onları yolundan çaşdırmaq istəyənlərin qarşısını almaq gərəkdir.
İcra başçıları da, nazirlər də sadə adamların, o qazilərin sədaqətinin yarısı qədər dövlətə, dövlətin təmsilçisi olan Ali Baş Komandana sədaqətlə xidmət etsələr, onun etimadını doğrultsalar, yetər...
İndi bizim dost itirən vaxtımız deyil. Hələ də ruslu, farslı, ermənili, conlu, makronlu heç biri Qarabağın azadlığını sinirə bilmir”.
Cebhe.info
