Gənc yazar, bəstəkar Həsən Bədəlbəyli ilə olan müsahibəni təqdim edirik.
Sosial şəbəkə vasitəsilə musiqi nümayiş etdirmək son zamanlar trend halın alıb artıq. O musiqiçilərdən biri də gənc yazar və bəstəkar Həsən Bədəlbəylidir.
– Özünüzü təqdim edin.
– Həsən Bədəlbəyli Əfsər oğlu.
– Musiqi sizin üçün nədir?
– Uşaq vaxtı hobbi, boş vaxtlarımı keçirmək üçün bir vasitə olaraq baxırdım. İndi isə həyatımda böyük bir yer tutan hissiyat olaraq görürəm.
– Yazmaq, bəstələmək, səsləndirmək ilə birgə məşğul olursunuz. Bəs bunların hansı daha peşəkar alınır sizdə?
– Mənə görə yazmaqda daha peşəkaram. Amma bu, elə bir işdir ki, tək sən yox, insanlar onu necə görür sualını cavablandırmalısan. Kimisinə görə bəstələrim, kimisinə görə şeiriyyatım sevilir.
– Yazanda dinləyici zövqünü nəzərə alırsınız?
– Əslində günümüzdə daha çox hərəkətli mahnılara önəm verilir. Ən çox da 6×8 ritmli. Amma mən sırf bu tərz üstündə irəliləyirəm. Dinləyicinin zövqünə gəldikdə isə böyük bir kütlənin istədiyini verə bilmirəm. Dediyim kimi, o böyük kütlə hərəkətlilik tələb edir.
– Hansı mahnınızı “bu mənim uğurumdur” adlandırardınız?
– Məni tanıyan kim varsa, ən azı “Çərpələng”in
nəqarətini bilir. Məncə, bu, mənim uğurumdur.
– “Çərpələng” BadClause’la olan bir proyektdir. Birgə işləmək çətin deyildi?
– Xeyr. Mirinin reperliyindən əlavə, çox gözəl musiqi duyumu var. Mənim yazdığım hər hansı bir bəstəyə yarım saata söz yazmaq potensialına malikdir. Nəqarətimə baxsın, öz sözlərini o dəqiqə beynində hazırlayacaq. Eynilə məndə də elədir. Məsələn “Qızılgül”də nə istifadə olunacaq onu 15-20 dəqiqənin içində qurmuşduq.– Sosial şəbəkələrdə kifayət qədər öz performansını sərgiləyən gənclər var. Sizcə, sizi digərlərindən fərqləndirən özəlliyiniz nədir?
– Kiminsə mahnısını oxuyub yüksəlmək çox asandır. Mən öz mahnılarıma görə yüksəlmək istəyirəm. Bəstəkar kimi tanınmaq istəyirəm. Bəzən xoşuma gələn mahnıları da oxuyuram, düzdür. Amma youtube’da paylaşılmağını istəmirəm. Sırf adım yazılanda sözünün və musiqisinin mənə aid olduğu bəstələrin gəlməsi önəmlidir mənim üçün.
– Mahnılarınızın keyfiyyəti kəmiyyəti ilə uzlaşır?
Ya hansısa mahnınızı dinləyəndə “bunu daha yaxşı edə bilərdim” dediyiniz olur?
– Yenə də bunu mən deyə bilmərəm, amma şərhlərdə çox insan yazır ki, bu mahnının bu qədər dinlənilməsi haqsızlıqdır. “Bunu daha yaxşı etmək”, demək olar ki, bütün mahnılarımda olur. Çünki hər gün ağlıma yeni bir şey gəlir, hər dəfə “kaş bu musiqi alətinin yerinə başqasını istifadə etsəydim” deyirəm.
– Bəs həvəsdən düşüb geri çəkilmək istədiyiniz
anlar olub?
– Mən kəmiyyəti fikirləşib təqdim etmirəm o
mahnıları. Belə bir şey olubsa da, həvəsdən
düşmüşəm deyə olmayıb.
– Həsən olmaq daha məsuliyyətlidir, yoxsa Həsən
Bədəlbəyli?
– Soyadımla birlikdə olanda incəsənət gəlir ağıla. Təkcə adla isə ailə, dost-tanış içindəki sıradan bir tələbə. Məncə, hər ikisinin bir-biri ilə bağlı olan öz məsuliyyəti var.
– Yaxın zamanlarda nəsə yeniliklər gözlənilirmi?
– Hələ ki, ölkəni yeni dəyişmişəm deyə işlərim dəhşət çoxdur. Demək olar ki, musiqiyə zamanım qalmır. Hər şey ola bilər. Amma yaxın vaxtlarda hələ ki, yenilik yoxdur.
– Sizi dinləyənlərə sözünüz var mı?
– Vaxt ayırıb dinlədikləri üçün sevirəm onları(gülür).
Olkem.info
