“Moskvadakı terrorda dövlətin barmağı yoxdursa, bu hadisə Rusiya təhlükəsizlik sisteminin iflası deməkdir və diktator üçün də reputasiya itkisidir".
"AzPolitika" xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli yazıb.
Ekspert terror aksiyasına Rusiya təhlükəsizlik sisteminin reaksiyasını yetərsiz hesab edir:
"Əvvəla, ölkə içərisində hazırlanan böyük terror aktından qabaqcadan xəbər tuta bilməmələri daxili kəşfiyyat və təhlükəsizliyə cavabdeh olan FSB-nin qeyri-peşəkarlığını göstərir.
İkincisi, ABŞ-nin öncə Moskvadakı vətəndaşlarına xəbərdarlıq edib, sonra Rusiya dövlətini məlumatlandırdığı halda belə, terrorun qarşısının alına bilməməsi qeyri-peşəkarlığa daha bir nümunə olmaqla yanaşı, həm də Rusiya dövləti üçün biabırçılıqdır.
Üçüncüsü, ABŞ tərəfindən müvafiq məlumat verilməsinə rəğmən, FSB Kollegiyasında bunu provokasiya və şantaj adlandıran Putin çoxlu sayda vətəndaşın ölümü ilə nəticələnmiş bu hadisəyə görə bilavasitə cinayət məsuliyyəti daşıyır.
Dördüncüsü, ABŞ-nin terror barədə Rusiyanı qabaqcadan xəbərdar etməsi cinayətkar rejimin illərdir apardığı “ABŞ və Qərb bizə düşməndir, Rusiyanı məhv etmək istəyirlər” təbliğatını da boşa çıxarır. Əksinə, ABŞ və Qərb Putin rejimindən daha çox Rusiyanın qeydinə qalır, onu qorumağa çalışır. Ukraynaya yardımın sərt şəkildə limitləndirilməsi, hətta müəyyən müddət dayandırılması da məhz bununla əlaqədardır ki, ABŞ Rusiyanın mümkün məğlubiyyətinin bu ölkənin daxilində proqnozlaşdırılmayan, qarşısıalınmaz proseslərə, xaosa səbəb ola biləcəyindən qorxur. Ona görə də Bayden hökuməti Ukrayna məsələsində heç bir tərəfin qəti məğlubiyyətinə səbəb olmayacaq, eskalasiyanın dərəcəsinin daha da yüksəlməyəcəyi “kontrollu müharibə” anlayışı əsasında hərəkət edir".
Təhlilçi hesab efir ki, baş verənlər Rusiyadakı “tiraniyanın” İŞİD-dən daha təhlükəli olduğunu göstərir.
Rasim Əliyev
"AzPolitika.info"
