“2022-ci ilin iyul ayında qızım və kürəkənim istirahət üçün bir həftəlik Türkiyəyə getməsindən ötrü Gəncə şəhərində, köhnə avtovağzal ərizəsində fəaliyyət göstərən “El-Alma” yükdaşıma və aviabiletlərin satışı ilə məşğul olan Quliyev Məzahir İlqar oğluna 2750 manat pul verdim. Ancaq sonda bəlli oldu ki, geri dönüş biletləri və otel xərci ödənilməyib. Bu səbəbdən yenidən 1530 manat otel xərci, geri dönüş üçün isə 2130 manata təyyarə bileti aldım. Beləliklə, Məzahirə 6.410 manat pul verdim, son nəticədə o mənə 4000 manat qaytarmalı idi”.
Gununsesi.info xəbər verir ki, bu barədə Gəncə şəhəri, Heydər Əliyev prospekti, bina 107, mənzil 3 ünvanında yaşayan Ələkbərov Ramis Cümşüd oğlu, Salmanov Vüsal Yunis oğlu, Tağıyev Vüqar Türkan oğlu və Mehdiyev Elşən Qəzənfər oğlu tərəfindən hüquq mühafizə orqanlarının rəhbərlərinə göndərilən müraciətdə deyilir.
Daxili işlər naziri Vilayət Eyvazova, ədliyyə naziri Fərid Əhmədova və Baş prokuror Kamran Əliyevə şikayət edən zərərçəkənlər, dələduzluq edən Məzahir Quliyevin Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevin oğlu olmasına diqqət çəkirlər. Müraciətdə deyilir:
“Bundan başqa, 2022-ci ildə bibim oğlu İbrahimov Mehdi Hidayət oğlunun ailəsilə Antaliyaya istirahətə 3 nəfərlik turpaket üçün ödədiyi 5100 manat pulunu da Məzahirə verdim. Məzahirin dediyinə görə onlar 15 avqust tarixində Bakı-Antaliya aviareysi ilə uçmalı idilər. Geri dönmə isə 25 avqust 2022-ci il tarixinə idi. Ancaq bu sifarişimiz ümumiyyətlə baş tutmadı. Son nəticədə Məzahir 5100 manat pulu geri qaytaracağını vəd etsə də bu günədək həmin vəsaiti mənə verməyib. Bundan başqa Məzahir 2022-ci ilin avqust ayının 16-da məndən xahiş etdi ki, digər bir işlə bağlı çətinliyi var, ona 9 nəfərlik iki ailənin Gürcüstandan Azərbaycana gəlməsi üçün 9 ədəd aviabilet təşkil edim. Mən onun yalvarmasını, xahişlərini nəzərə aviakassada bilet satışı ilə məşğul olan tanışım Yunis adlı şəxsə müraciət etdim. O da həmin şəxslərə 13700 manat dəyərində 9 ədəd aviabilet yazdı. Ancaq Məzahir yenə də məni aldadaraq həmin vəsaiti vermədi. Mən də digər şəxslərin yanında yalançı olmamaq üçün yaxın qohumlarımı zamin qoyaraq banklardan kredit götürüb həmin pulu ödəmişəm”.
Şikayətçilər bildirilər ki, Məzahir Quliyev atsının vəzifəsindən sui-istifadə edərək belə cirkin hərəkətlərə yol verir. İddia olunur ki, məhkəmə sədri oğlunun bu hərəkətlərini bilə-bilə onu bu yoldan cəkindirmir:
“O, tez-tez deyir ki, “hec kim, mənə hec nə edə bilməz, kim hara istəyir şikayət etsin”. Hətta atası onun haqqında məhkəmə tərəfindən seçilmiş həbs qətiimkan tədbirnin ləğvinə də nail olub. Bu da onu deməyə əsas verir ki, ata və oğlu bilərəkdən bu qanunsuz hərəkətləri edirlər”.
Müəlliflər qeyd edirlər ki, bu dələduzluq işi 2 ildir icraata götürülüb, lakin hələ də problem həllini tapmayıb:
“Həmin dələduz şəxsi tapa bilmirik ki, pulumuzu geri ala bilək. Məzahir Quliyevin bizlərə 11.300 manat, 10000 manat, 8500 manat və 3000 manat, toplam 32 min manatdan artıq borcu var”.
Şikayətçilər hüquq-mühafizə orqanlarının rəhbərlərindən xahiş edirlər ki, dələduzluq yolu ilə külli miqdarda vəsaitlərini ələ keçirmiş Məzahir Quliyev barədə qanunamüvafiq tədbirlər görülsün və onlara dəyən ziyanın ödənilməsi təmin olunsun.
Elmar
