Bu suları istehsal edən zavodlar yerli yüksək vəzifəli məmurların nəzarətindədir. Yerli sakinlərin „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, əvvəllər 40 qəpiyə satılan bir litrlik sular indi 70-80 qəpik arasında qiymətə təklif olunur.
Bu bahalaşma xüsusilə Naxçıvan şəhərində yaşayan ailələrin büdcəsinə ciddi təsir edir, çünki şəhərdə içməli su çox çirkli olduğundan sakinlər qablaşdırılmış su almağa məcbur olurlar.
Şəhər sakini Mərdan Məmmədov deyir ki, əvvəlki illərdə həftədə 9-10 manat verib 20 litr su alırdı. Lakin qiymətlər bahalaşdıqdan sonra hər həftə 17 manat ödəməli olur:
"Şəhərə verilən sudan nə içmək, nə də mətbəxdə istifadə etmək olar. Ona görə də hər kəs ya "Badamlı", ya da "Sirab" suyu alır. Minlərlə insana hər ay ziyan dəyəcək və nəticədə Naxçıvan rəhbərliyinin cibinə daha çox pul axacaq. Mən özüm məcburam ki, içməli suya hər ay 30 manat artıq ödəyəm. Yeni hakimiyyət su zavodlarını yaxın iş adamlarına verib.
Bu su, Allahın bizə verdiyi nemətdir. Naxçıvan əhalisinin də bu sərvətdə payı olmalıdır. Suyun öz axarı ilə çıxması üçün heç bir xərc tələb olunmur. Sadəcə qablaşdırıb gətirib satıb pul qazanırlar. Daşınma xərci ilə Naxçıvandan kənara başa düşmək olar, amma bizdə nə üçün qiymət qalxır, bunu başa düşmədik."
Digər sakin Ceyhun Vəliyev də təbii qaynaq sularının qiymətinin əsasız olaraq artırılmasından şikayətlənib:
"Benzinin, qazın qiymətini qaldırdıqları kimi indi də suyun qiymətini artırıblar. Əhali heç düşünülmür. Bir litr suyun qiyməti az qala benzinin qiyməti ilə eynidir. Halbuki, bu sular Naxçıvanın özündə çıxan sudur və çıxması üçün heç bir xərc tələb olunmur. Amma gözləri doymur, az xərc çəkib, çox qazanmaq istəyirlər. Ən azı Naxçıvanda qiymətə güzəşt edilməlidir. Əvvəl Talıbovlar boğazımıza keçmişdi, indi də yeni hakimiyyət. Dəyişiklik olduğunda sevindik, amma vəziyyət daha da ağırlaşdı. Gör hansı vəziyyət yaranıb ki, camaat Talıbovu aryulayır"
