Şəki rayonu, Bideyiz kənd sakini İbadullayev Novruz Xaləddin oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, işlədiyi “Körpü-Bina-Tikinti” MMC şirkətində iş vaxtı başına ağır əşya düşüb, şirkət müalicə xərclərini ödəməkdən boyun qaçırır:
“Mən, İbadullayev Novruz Xaləddin oğlu, yazaraq bildirirəm ki, 2019-c ildən “Körpü-Bina-Tikinti” MMC şirkətindən işə başlamışam. Həmin ilin iyul ayında hadisə baş vermişdir. Belə ki, yuxarıdan 40 kiloqramlıq dəmir parçası başıma düşmüşdür...
Həmin vaxtdan indiyə kimi şirkətin rəhbəri Xəlil Göyüşovdur. Özü ilə görüşmək mümkün olmur, qəbul etmir.
Qeyd edim ki, həmin şirkətdə işləyərkən mən vəzifəmə aid olmayan işə cəlb olunmuşam. O zaman da xəsarət almışam. Hadisədən sonra şirkət məsuliyyətdən yayınmaq və sığorta ödənişindən qaçmaq üçün özlərinə sərf edən kimi sənədi aktlaşdırıblar. Mən həmin vaxtı çox ağır vəziyyətdə olduğumdan, bunların heç birini bilməmişəm.
Apardıqları xəstəxanada mənə aid heç bir sənəd yoxdur. İşi ən xırda nöqtəsinə kimi incə işləyiblər. Məni xəstəxanadan çıxarmaqlarına az qalmış üzümü bağlayıb, başıma papaq qoyaraq, çıxarıblar. O vaxt bilməzdim ki, sonradan bu hadisə sümüyümdə iz qoyub, başıma bəla ola bilər.
Həmin vaxt müalicə xərclərimi və xəstəxanada yatdığım 20 günün pulunu şirkət ödəyib. Hətta sağalandan sonra məni işimə də geri qaytaracaqlarını demişdilər. Evə çıxardan kimi bütün əlaqələri sildilər.
Hadisəni görən şahidlər var. Onların adlarını məhkəməyə təqdim etmişdim. Lakin məhkəmə heç bir sübuta baxmadan, işə xitam verdi. Rəhbər şəxsin vəkili məhkəmədə belə bir hadisənin olmadığını dedi. “Elmed” klinikasında yatmışam. 2 gün komada olmuşam. 20 gün xəstəxanada yatmışam. Sağalmağım üçün cəmi 15 min manat pul xərclənib.
Hazırda səhhətim ağırdı. İllərdir başımda olan ağrılar kəsmir. Aparata saldırdım, dedilər ki, başında çirklənmə var.
Müailəcə etməyə imkanım yoxdur. İş qabiliyyətimi də itirmişəm. Səlahiyyətli qurumlardan xahiş edirəm ki, mənə dəyən ziyanın qarşılanmasına dəstək olsunlar. Başımda xəsarətin yeri var. Mən onlara inanıb poisə müraciət etmədim. Bilmədim ki, müalicəmi yarım qoyacaqlar.
Mən, sizin sayt vasitəsilə şirkətin rəhbərindən bir daha xahiş edirəm. Mənim maddi durumum müalicəmə imkan versəydi, heç sizə müraciət etməzdim. Ağrılarım var, ölümlə üz-üzəyəm. Mənim müalicə olunmağıma köməklik göstərin.
Onu da qeyd edim ki, mənə və müalicəmə ödənilən 10 min manat və 5 min manat pul notarial qaydada qeyri-qanuni rəsmiləşdirilmişdir.
Hazırda isə səhhətimdə ciddi problemlər var. Əmək qabiliyyətimi itirmişəm. Xeyli miqdarda kredit və kənar borclarım var. İşləmədiyim üçün onları ödəyə bilmirəm".
Məsələ ilə bağlı “Körpü-Bina-Tikinti” MMC şirkətinin rəhbəri Xəlil Göyüşov və digər rəhbər şəxslərlə əlaqə saxlamağa çalışsaq da, teıefon zənglərimiz cavabsız qaldı.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
