Rusiyanın Stokholmdakı səfirliyinin qarşısına boya qutularının atılması ilə əlaqədar İsveç Xarici İşlər Nazirliyinə (XİN) nota göndərilib.
Bu barədə diplomatik missiyanın mətbuat xidməti məlumat yayıb.
"Aprelin 15-də səhər saatlarında Rusiyanın Stokholmdakı səfirliyi növbəti dəfə vandalizm aktına məruz qalıb. Diplomatik missiyanın xidməti binasının mərkəzi girişi qarşısında asfalta, həmçinin onun ərazisindəki yaşayış kompleksinin qarşısına boya qabları atılıb. Səfirlik baş verənlər barədə dərhal İsveç polisini məlumatlandırıb", - məlumatda bildirilib.
Səfirlik həmçinin İsveç XİN-ə 1961-ci il tarixli Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Rusiya diplomatik nümayəndəliyinin toxunulmazlığı və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada yerinə yetirməsi tələbi ilə nota göndərib.
