Sovet İttifaqının sonuncu marşalı, keçmiş Müdafiə naziri, Mixail Qorbaçova qarşı çevrilişdə və SSRİ-nin son illərindəki repressiyalarında iştirak edən Dmitri Yazov 95 yaşında vəfat etdi. Bu həmin canidir ki, Bakıda 20 Yanvar qırğını törədilən zaman şəxsən onun əmrilə 147 nəfər soydaşımız vəhşicəsinə qətlə yetirilmişdir.
Yazov Vilnüs və Bakıdakı repressiyaların müəllifidir
“Frans Press” yazır ki, Yazov keçmiş Sovet İttifaqı ölkələrində SSRİ-dən müstəqillik istəyən xalqlara qarşı repressiyalara əmr verdiyinə görə nifrət edilən bir şəxs olaraq qalır:
“Yazov Qorbaçovun əmri ilə hərəkət edirdi. 1991-ci ilin yanvarında Litvada 14 nəfərin ölümü, 700-dən çox adamın yaralanması ilə nəticələnən hadisələrdə Sovet Müdafiə naziri olaraq roluna görə, 2019-cu ildə qiyabi olaraq 10 il həbs cəzasına məhkum edildi”.
Nəşr qeyd edir ki, Sovet marşalı 1990-cı ilin yanvarında Azərbaycanda müstəqillik hərəkatının getdiyi dövrdə həyata keçirilən qanlı repressiyaların da mərkəzində olub. Mənbə bildirir ki, “Qara Yanvar” kimi tarixə düşən hadisələr zamanı 147 mülki şəxs öldürülüb, 800 nəfər yaralanıb.
P.S. Litva Məhkəməsi tərəfindən Yazov Vilnüsdə törətdiyi qıröına görə 2019-cu ildə qiyabi olaraq 10 il müddətinə həbs cəzasına məhkum edilsə də çox təəssüflər olsun ki, Azərbaycanda müstəqil məhkəmələr bu caninin cəzalanması üçün təşəbbüs belə göstərməyə cürət etmədilər. Əksinə 2020-ci ilin 20 Yanvar günü səfirimiz Polad Bülbüloğlu rəsmi mərasimdə 20 Yanvar qırğınının törədilməsində rusların iştirak etmədiyini dilə gətirdi. Bəs onda faşist canisi Yazov Dimitri hansı millətin nümayəndəsi olub görəsən?
