8 saylı cəzaçəkmə müəssisəsindən saytımıza şikayət daxil olub. Şikayət edən şəxs məhkum, Qarabağ qazisi, şəhid qardaşı Həsənov Zaur İbrahim oğlu bildirib ki, cəzaçəkmə müəssisəsinə yeni təyin edilən baş həkim, ədliyyə kapitanı Ruslan Məmmədovdan şikayətçidir. Şəxs bildirir ki, cəzaçəkmə müəssisəsində olan məhkumlar bu həkimdən boğaza yığılıb.
Baş həkim xəstə məhkumlara baxmır, onlara vurduğu iynələrdən sonra məhkumların halı pisləşir və qəribəsi odur ki, R. Məmmədov müəssisəyə təyin ediləndən indiyədək müəssisədən 6-7 meyid çıxıb.
Qazi məhkum baş həkimin onu təhqir etdiyini və ölkə rəhbərinin adından böhtan atdığını bildirir. Məhkum ondan dərman istədikdə həkim ona dərman verməyib "siz bilirsizmi ki, ölkə rəhbəri sizin üçün ayrılan dərmanları Ukraynaya hümanitar yardım üçün göndərir. Sizə dərmanı hardan verim? Mənə də yuxarıdan plan qoyublar, o planı doldurmasam öz cibimdən verim? Pulunu ödə dərmanı al" deyərək həm ölkə başçısının nüfuzuna zərbə vurmağa çalışır həm də prezidentin adından böhtan danışır. Əgər bu iddiaların doğru olduğu sübuta yetirilərsə gerisi hüquq-mühafizə orqanlarının işidir və ümid edirik baş həkim haqqında ölçü götürülər.
Baş həkim Ruslan Məmmədovdan şikayətlər bununla bitmir. Redaksiyamıza gələn məlumata görə o, məhkumlar üçün dövlətin ayırdığı iynələri, dərmanları məhkumlara pul qarşılığında satır. İmkansız məhkumlar şikayət edəcəyini deyəndə onlara "gedin kimə istəyirsiniz şikayət edin, mənim pulum da var, adamım da. Mənə heç nə olmaz" deyə cavab verir.
Həkimin Qarabağ qazisi olan məhkumlara da münasibəti birmənalı deyil.
Şikayətçi bildirir ki, həkim onu təhqir edərək "nə edim Qarabağ qazisisən? Sizi heç ölkə rəhbəri adam yerinə qoymur. Əsl qazilər 2020-ci ildə torpaqları azad edənlərdir, siz torpağı satan xainlərsiz" - deyərək həm həddi aşıb, həm də cənab prezident, Ali Baş Komandan İlham Əliyevin ayrımcılıq qoymadan hər iki Qarabağ qazilərinə dövlət dəstəyi edilməsi barədə verdiyi əmri qulaq ardına vurub.
Belə şəxslər vəzifəsindən sui-istifadə edərək həm dövlətimizə zərbə vurur həm də Ali Baş Komandanın əmrlərini heçə sayaraq onu gözdən salmağa çalışır. Baş həkim unutmasın ki, bu təhqir etdiyi qazilər prezident İlham Əliyevin əmrlərinə göz qırpmadan tabe olan və düşmənə göz açdırmayan əsgərləridir. Ölkə rəhbərinin əsgərlərinə belə münasibət həm dövləti gözdən salır həm də ölkə rəhbərinə qarşı xalqı çıxardır.
Sonda bir neçə gün öncə 8 saylı cəzaçəkmə müəssisəsində baş verən ölüm halını şikayətçinin dilindən eşidək:
"Xəstələrdən birinin halı kəskin pisləşmişdi. Həkim onu qəbul etmədi və xəstənin ciyəri partladı. Müəssisədə çalışan polis nəfərləri həkimə zəng edərək "məhkum ölür, barı indi gəl kömək et" desələr də cavabı belə olub: Ölürsə mən onu həyata necə qaytarım? Aparın morqa getsin, mən nə edə bilərəm ölənə?"
Ümid edirik Ədliyyə naziri Fərid Əhmədov, baş prokuror Kamran Əliyev və 8 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi məsələni diqqətə alıb iddialar sübuta yetirilərsə lazimi tədbiri görərlər. Bir daha qeyd edək ki, yazılanlar sadəcə məhkumlardan birinin iddiasıdır, doğruluğunu isə əlaqədar qurum özü müəyyən edə bilər.
Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.