Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin baş prokuror vəzifəsinə gətirilməsindən sonra prezident İlham Əliyev onu videoformatda qəbul edərkən ciddi tapşırıq və tövsiyələr verdi. Həm buna qədərki proseslər, həbslər, həm də dövlət başçısının son açıqlamaları ölkədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizənin daha sərt mərhələsinin başlanması kimi dəyərləndirilir.
YAP icra katibinin müavini Siyavuş Novruzov da müsahibəsində bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar, o cümlədən son dövrlər korrupsiya ilə mübarizə istiqamətində atılan addımlar ümumən cəmiyyətdə yüksək qiymətləndirilir: “Hələ Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldiyi dövrdə və ondan sonrakı dövrlərdə həmişə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıb. Prezident İlham Əliyev də prezident seçildiyi dövrdən korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətlə mübarizə aparır. Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının, Baş Prokurorluqda bu sahədə fəaliyyət göstərən qurumun Baş İdarə statusuna yüksəldilməsi, hətta Baş İdarəyə istintaq işlərinin aparılmasının həvalə olunması, cinayət-axtarış tədbirlərinin həyata keçirilməsi qeyd edilməlidir. Dövlət başçısı hər zaman qeyd edir ki, ictimai nəzarətin özü də vacib şərtlərdən biridir, insanlar harada belə halların olduğunu görərsə, dərhal məlumat versin, aidiyyəti strukturlar da bununla məşğul olsunlar. Nəticə də göz önündədir.
Müəyyən faktlar araşdırılıb, müəyyən insanlar məsuliyyətə cəlb olunub. Bəzi yerlərdə isə araşdırmalar gedir, siqnallar daxil olur. Prezident icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini vəzifəyə təyin edəndə, o cümlədən müşavirə və iclaslarda bu məsələyə xüsusi toxunur. Dövlət başçısı vurğulayır ki, vəzifəyə təyin edilən insanlar xalqa xidmət etməli, insanların problemlərinin həlli ilə məşğul olmalı, onlara problem yaratmamalıdırlar. O cümlədən yerlərə investisiyaların cəlb olunması istiqamətində fəaliyyət göstərməlidirlər.
Prezident Baş prokuroru videoformatda qəbul edərkən verdiyi tövsiyələr sırasında bəzi nazirliklərdə vəzifəyə təyin olunmaq üçün bəzi hallarda rüşvət tələb edildiyi məsələsinə və bu cür rüşvət hallarına qarşı kəskin mübarizə aparılmasının vacibliyini dedi. Prezident belə halların olması barədə müvafiq siqnalların olduğunu və araşdırmaların getdiyini qeyd etdi. Dövlət başçısı tapşırdı ki, belə bir hal baş verirsə, kimliyindən, kimin himayəsində olmasından asılı olmayaraq, bununla barışmaq olmaz. Bu, dövlət qulluğunda çalışan, işləyən hər bir insan üçün bir mesajdır. Mesajı neçə dəfə göndərmək olar? Kim belə əməllərlə məşğul olursa, qurtarsın, belə əməllərə son qoysun! Əgər bu əməllərə son qoymayacaqlarsa, nəinki vəzifədən azad olunacaq, məsuliyyətə cəlb ediləcəklər".
YAP Siyasi Şurasının üzvü, deputat Aydın Hüseynov isə “Yeni Müsavat”a bildirdi ki, məhz Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin respublikanın baş prokuroru vəzifəsinə gətirilməsi və prezident İlham Əliyevin onu qəbul edərkən səsləndirdiyi fikirlər, verdiyi tapşırıqlar Azərbaycanda qarşıdakı dövrdə rüşvətxorluğa qarşı amansız mübarizə aparılacağına şübhə yeri qoymur: “Cənab Prezident hər bir icra başçısını, məmuru vəzifəyə təyin edəndə deyir ki, get, vətəndaşlara xidmət et, get, vətəndaşlarla bir yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, kömək göstər, eyni zamanda sahibkarlara kömək göstər, onların malını əlindən alma, onların fəaliyyətindən özünə pay istəmə. Bu məsələ ilə bağlı hörmətli Prezidentimizin mövqeyi birmənalıdır-ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılacaq. Dövlətimizin rəhbərinin yeni baş prokurora tövsiyələrində ana xətt məhz rüşvətxorlara, korrupsiya ilə məşğul olanlara, qanunu şəxsi maraqlarının ayağına verənlərə qarşı sərt mübarizə aparmaqdır. Hörmətli baş prokuror Kamran Əliyevin çox peşəkar, səriştəli, prinsipial olduğunu nəzərə alaraq hesab edirəm ki, o, cənab Prezidentin etimadını ən yüksək səviyyədə doğruldacaq və İlham Əliyevin korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizəyə öz əhəmiyyətli töhfəsini verəcək”.
A.Hüseynov məmurları prezident İlham Əliyevin xəbərdarlığından nəticə çıxarmağa çağırdı: “Prezidentin xəbərdarlıqlarından, həyata keçirilən məlum həbslərdən nəticə çıxarmayanlar unutmamalıdırlar ki, onlar bu hərəkətləri ilə özləri üçün qazdıqları qoyunu daha da dərinləşdirirlər. Ona görə də nə qədər ki, gec deyil düzgün yola gəlsinlər, çağırışlara, xəbərdarlıqlara diqqət etsinlər. Diqqət və əməl etməyənlərin acı sonluğu qaçılmazdır. Çünki ölkənin başçısı ortaya iradə qoyub. Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə ölkəmizdə ardıcıl və sistemli xarakter daşıyır. Şübhə yoxdur ki, qanunsuz əməllərindən nəticə çıxarmayanlar rahat kreslolarını həbsxana ilə əvəz etməli olacaqlar”.
YAP-çı deputat Hikmət Babaoğlu da bildirdi ki, Kamran Əliyevin baş prokuror təyin edilməsi, hər şeydən öncə, Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizəni ən ümdə istiqamətlərdən biri kimi müəyyənləşdirməsindən xəbər verir: “Azərbaycanda məhkəmə-hüquq sistemində xeyli vaxtdır ki, aparılan islahatlar Prezidentin son təyinatı ilə yeni bir mərhələyə qədəm qoymuş oldu. Bu mərhələ korrupsiyaya və rüşvətxorluğa qarşı daha sərt mübarizə mərhələsi olacaq. Məsələ ondadır ki, hüquqi islahatlar çərçivəsində cəza siyasətinin humanistləşdirilməsinin həyata keçirildiyi bir vaxtda bəzi məmurların və digər qərar qəbuletmə səlahiyyəti olan subyektlərin hüquqi islahatların məqsədini düzgün başa düşməməsi, yaxud düzgün başa düşmək istəməməsi ayrı-ayrı hallarda onların öz vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına gətirib çıxarıb. Hətta bu istiqamətdə Azərbaycan prezidenti cənab İlham Əliyevin ciddi xəbərdarlıqlarına, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi operativ əməliyyat tədbirlərinə baxmayaraq, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qanunazidd əməllərə yol verilməsi bir daha onu göstərdi ki, korrupsiyaya qarşı mübarizə məsələsində daha sərt cəza tədbirlərinin görülməsi zərurəti var. Ona görə də son təyinat da daxil olmaqla? görülən tədbirlər onu sübut edir ki, prezident İlham Əliyev Azərbaycanda korrupsiyanın, rüşvətxorluğun kökünü birdəfəlik kəsməkdə qərarlıdır. Yeni baş prokurorun təyinatı proseduru həm də Azərbaycanda ali icraedici və ali qanunverici hakimiyyət orqanları arasında yeni keyfiyyətdə koordinasiya mexanizminin qurulmasını göstərmiş oldu. Korrupsiyaya qarşı mübarizədə əsas silah əzm, iradə, ardıcıllıq və qətiyyətdir. Hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizədə daha səmərəli nəticələr əldə etmək üçün ali siyasi iradə və qətiyyət mövcuddur. Azərbaycan prezidentinin əzmkarlığı, qətiyyəti və ardıcıl mübarizə tədbirləri ölkəmizdə korrupsiya və rüşvətin sonunu gətirməkdədir. Son bir neçə ayda DTX tərəfindən həyata keçirilən operativ əməliyyat tədbirləri sadəcə qanun pozuntusuna yol vermiş aşağı və orta ranqlı məmurların cəzalandırılması hadisəsi deyil, həm də başqalarının nəticə çıxarmalı olduğu yaxşı bir dərsdir. Hamı dərk etməlidir ki, istənilən qanun pozuntusu mütləq təsbit ediləcək və layiqli şəkildə cəzalandırılacaq”.
Deputatın sözlərinə görə, mübarizəni daha effektiv etmək üçün mütləq ictimai qınaq və ictimai dəstək kimi mühüm faktorlar da korrupsiyaya qarşı mübarizədə iştirakçıya çevrilməlidir. Ona görə də Azərbaycan prezidenti İlham Əliyev vaxtaşırı bu məsələyə toxunaraq ictimai nəzarət və ictimai qınaq faktorlarını xatırladır: “Burada məqsəd korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə kütləviliyi və ümumi ictimai mənafelər naminə mübarizliyi təmin etməkdir. Çünki ictimai nəzarət yol verilmiş qanun pozuntularının aşkar edilməsində əlavə informasiya mənbəyi kimi çıxış etməklə müvafiq orqanları faydalı məlumatlarla təmin edə bilər. İctimai qınaq isə ən səmərəli çəkindirici vasitələrdən biridir. Ona görə də korrupsiya və rüşvətxorluq kimi ümumi bəlaya qarşı kütləvi şəkildə mübarizə aparmaq üçün mütləq ictimai qınaq və ictimai dəstək kimi faktorlar da prosesin tərkib hissəsinə çevrilməlidir. Belə olarsa, daha tez və daha yaxşı nəticələri qısa müddətdə əldə edə bilərik”.
“Yeni Müsavat”