Axar.az-ın studiyasında bugünkü qonağımız şərqşünas, hərbi ekspert Rauf Rəcəbovdur.
- İlk sualımız bu sistemlərin Türkiyə Silahlı Qüvvələrinin potensialını hansı dərəcədə gücləndirməsi və həqiqətən ABŞ tərəfinin açıqlamalarında qeyd olunduğu kimi F-35-lər üçün hər hansı bir təhdid təşkil edib etməməsi barədədir.
- S-400 zenit raket kompleksləri ABŞ-ın müasir beşinci nəsil F-35 təyyarələri üçün təhdid təşkil etmir. Məhz bu səbəbdən ki, F-35 təyyarələri çoxfunksiyalıdır. ABŞ F-35-lərinin Rusiyanın müasir beşinci nəsil Su-57 qırıcılarından fərqi ondadır ki, bu təyyarələr hava hədəfləri kimi eyni zamanda yerüstü hədəflərlə də çalışır. Məsələn, Su-57-lər hava hədəfləri ilə çox aktiv şəkildə çalışa bilər, lakin yerüstü hədəflərə qarşı bu aktivlik daha azdır. Buna görə də Su-57-lər Su-34 və ya Su-35-lər tərəfindən müşayiət olunmalıdır. ABŞ variantında isə onlar avtonom və olduqca parlaq şəkildə çalışa bilər. Lakin məsələ heç bu sistemlərin F-35-lərə təhlükə törətməsində də deyil. Səbəb sadədir. Türkiyə özü də bu beşinci nəsil təyyarələrin istehsalı konsorsiumunun üzvüdür. Məsələn, 900 detal Türkiyənin ərazisində istehsal edilir. Bunlardan 400-ü sadəcə Türkiyədə istehsal olunan unikal detallardır. Əgər ABŞ tərəfi həmin səbəbdən Türkiyəni bu layihədən çıxarmaq istəsə, o zaman sual yaranır ki, bəs yalnız Türkiyədə istehsal edilən bu 400 unikal detal harada hazırlanacaq? Mən digər 500 detalı nəzərdə tutmuram, onları, məsələn, Fransa, Almaniya, Avropa ilə əvəz etmək olar. Lakin bu 400 detalı praktiki olaraq əvəz etmək mümkün deyil. Bunun üçün vaxt tələb olunur. Digər tərəfdən, Türkiyə bu təyyarələrin istehsalına 1 milyard 250 milyon dollar yatırıb. Buna görə də ABŞ tərəfi məhkəmə təhlükəsi ilə qarşılaşa bilər. Burada Türkiyənin layihədə iştirakının bərpa edilməsi və Türkiyə tərəfinə həmin 100 ədəd F-35 təyyarəsinin çatdırılması tələb ediləcək. İndi isə başqa bir məqam. Türkiyə Silahlı Qüvvələrinin güclənməsi məsələsi. Əlbəttə hə! Niyə? Çünki Türkiyə zəif inkişaf etmiş Hərbi Hava Qüvvələrinə malikdir. Türkiyənin ABŞ, NATO, Rusiya, eyni zamanda, Çin, Fransa və Böyük Britaniyada olduğu kimi, ballistik və aerodinamik hədəfləri erkən müəyyən etmək üçün sistemləri yoxdur. Buna görə də hər hansı mümkün hərbi fəaliyyətlər zamanı Türkiyənin öz imkanlarını gücləndirmək istəyi təbiidir. Məsələn, nəzəri cəhətdən Türkiyəyə qarşı İsrail istiqamətindən təhdidlər var. Eyni alyansda olmalarına baxmayaraq, Yunanıstan istiqamətindən təhdidlər var. Türkiyəyə İran tərəfdən də təhdidlər var. İran 2500 kilometr mənzilə sahib ballistik raketlərə malikdir. Bu isə bütün Türkiyə ərazisini əhatə edir. Əgər NATO HMM sistemini götürsək, bu gün həmin sistem Türkiyənin təhlükəsizliyini tam şəkildə təmin edə bilmir. Odur ki, Türkiyə öz təhlükəsizliyini təmin etməlidir və məhz bunu da edir.
- Rusiya sistemləri harada və necə tətbiq ediləcək?
- Ehtimal etmək olar ki, Türkiyənin aldığı 4 divizion bu cür yerləşdiriləcək: 1 divizon – Ankara, İstanbul, 1 divizion Yunanıstan istiqamətində. Çünki Türkiyə ilə Yunanıstan arasında konflikt tarixi xarakter daşıyır. Bu gün isə konflikt qaz tərkibi ilə güclənir, çünki Kipr sahillərində geoloji kəşfiyyat işləri aparılır. Buna görə də Kipr, qaz, enerji problemlərinin olduğunu nəzərə alanda, Türkiyənin Yunanıstan istiqamətində sistemi yerləşdirəcəyini düşünmək təbiidir. Mənim fikrimcə, 3-cü istiqamət Suriya istiqaməti olacaq. Suriya və İsrailə nəzarət üçün. Bu, həmin istiqamətdə təhlükəsizliyi tam şəkildə təmin edəcək. Dördüncü istiqamət isə İran istiqaməti təşkil edəcək. Bununla İran və İraq istiqamətindən gələ biləcək təhdidlər neytrallaşdırılacaq. Buna görə də Türkiyə bunu reallaşdıracaq.
Mənim fikrimcə, burada çox vacib bir məqam var. Niyə Türkiyə bu sistemləri NATO sistemlərinə inteqrasiya etmək istəmir? Yeri gəlmişkən, sistemin inteqrasiya edilməsini istəməyən ABŞ və NATO tərəfi deyil, məhz Türkiyə tərəfidir. Sual: Niyə? Mənim fikrimcə, cavabı 2016-cı ildə hərbi çevrilişə cəhd olan vaxtda axtarmaq lazımdır. Məhz ABŞ-ın Türkiyədəki İncirlik hərbi bazasından havaya qalxan bir neçə təyyarə həmin gün Ərdoğanın təyyarəsini təqib edirdi, lakin onlar atəş açmadılar. Məsələ bu gün də tapmaca olaraq qalır. Mənim fikrimcə, Türkiyənin S-400 sistemlərini NATO sistemlərinə inteqrasiya etmək istəməməsinin səbəbi özünün tam təhlükəsizliyini təmin etməkdir. Hətta NATO istiqamətindən belə. Belə deyək, alyansın hər hansı bir üzvü və ya bir neçə üzvündən ibarət qrupla bağlı hipotetik təhlükə yaranarsa, Türkiyə bu problemi də həll etmək istəyir. Gəlin xatırlayaq ki, Norveçdə keçirilən hərbi təlimlərdə Ərdoğanın şəkilləri asılmışdı. Daha doğrusu, Ərdoğanın şəkilləri NATO hərbçilərinin üzərində çalışdığı hədəf kimi təqdim edilmişdi. Mən düşünmürəm ki, dövlət başçısının fotosunun hədəf kimi seçilməsi müasir hərbi-siyasi blok üçün qəbulediləndir. Buna görə də Türkiyə həm dövləti, həm də bütünlükdə ölkə üçün təhdidləri neytrallaşdırmaq istəyir. Bu gün Türkiyə və ABŞ arasındakı qarşıdurmanın açarı da buradadır. Niyə? Hesab edirəm ki, ABŞ və NATO tərəfi S-400 sistemlərini NATO sistemlərinə inteqrasiya etmək istərdilər. Bununla onlar bu və ya digər sistemlərin çalışdığı ən əsas, açar foto elementi (özününkü, özgə) ayırd etmək istərdilər. Əgər bu istək yoxdursa, təbii ki, Türkiyə açarların öz əlində olmasını istəyir. Türkiyə açarları kiməsə vermək istəmir. Yalnız bu, Türkiyə dövlətinin meta-təhlükəsizliyidir.
- Öz növbəsində ABŞ Türkiyəyə özünün “Patriot” sistemlərini satmaqdan imtina edib. Türkiyə də bir növ buna cavab olaraq Rusiya sistemlərini alıb. Bu barədə əvvəlki prezidenti ittiham edən Donald Tramp da danışıb. İndi ABŞ Türkiyəni F-35 təyyarələrini satmaqdan imtina etməklə hədələyir. Necə düşünürsüz, Türkiyə belə olan halda Rusiyanın Su-57 təyyarələrinə yönələ bilər?
- Burada qarşıdurma və ziddiyyətlərə səbəb olacaq bir neçə fikir var. S-400-lər müxtəlif parametrlərinə görə analoji sistemlər sayılan “Patriot” və THAAD-ları ən azı 2 dəfə üstələyir. Məsələn, 2015-ci ildə Türkiyə ərazisində “Patriot” sistemləri yerləşdirilmişdi. İzləyiciləriniz xatırlayırsa, o zaman Türkiyə özünü İran istiqamətindən gələ biləcək raket hücumlarından qorumaq üçün bu sistemlərin öz ərazisində qalmasına təkid edirdi. Lakin bu edilmədi. Bu məsələdə alman tərəfi, o cümlədən Angela Merkel də iştirak etdi. Çünki bu sistemlər Almaniyadan gətirilmişdi. Bu vaxt almanlar razılıq versəydi, sistemlər orada qalardı və Rusiyanın S-400 sistemlərinin alınması barədə ümumiyyətlə danışılmazdı. Bundan sonra Türkiyə Çin sistemləri də almaq istədi. Lakin imtina etdi. Çünki Çin özü də ötən il rus sistemləri alıb. Bir halda ki Çin rus sistemləri alır, sən niyə Çin sistemləri alasan?!
Mən düşünmürəm ki, bu gün F-35 layihəsi Türkiyə üçün bağlanıb. Türkiyə öz hüquqlarında təkid edəcək, 100 ədəd F-35 döyüş təyyarəsinin alınması üçün sona qədər mübarizə aparacaq. Çünki əgər artıq İsraildə və Norveçdə bu təyyarələr varsa, müvafiq olaraq ABŞ tərəfi S-400-lərin hipotetik, nəzəri və praktiki cəhətdən özününkü ilə özgəni ayırd etməyi bacarmasına, Türkiyəyə çatdırılması halında F-35-lərin bütün sirlərinin açılmasına dair sual qaldırırsa, o zaman niyə rusların artıq bu açara sahib olması barədə danışmayaq? Niyə?
S-400-lər Hmeymimdə yerləşdirilib. Suriyada, İsrailin yaxınlığında. Mənzili 600 kilometrə qədərdir. İsrail tamamilə S-400-lərin radar mənzilində yerləşir. Eyni vəziyyəti Norveçlə bağlı da demək olar. Buna görə də artıq S-400-lərin nəsə edə biləcəyi barədə danışılarsa, qarşıya başqa sual qoyulmalıdır: S-400-lər artıq F-35-lərin sirlərini bilir. Çünki onlar İsrail və Norveçin silahlanmasında var. Beləliklə, ruslar bu sirləri heç cür türklərdən öyrənə bilməzlər. Çünki artıq hər şeyi bilirlər. Hmeymimdə, Norveç yaxınlığında, Kalininqrad tərəfdə bu sistemlər yerləşdirilib. Buna görə də düşünürəm ki, Türkiyə 100 ədəd təyyarəsini alacaq. Bir qədər əvvəl də dediyim kimi, onlar artıq bu layihəyə 1 milyard 250 milyon dollar yatırıblar, detalların 900-ü bu ölkədə istehsal olunur. Təbii ki, Türkiyə 100 ədəd F-35-ə əlavə olaraq həmçinin Su-57-lər də ala bilər. Daha doğrusu, belə olan halda Türkiyənin HHM və HHQ sistemlərini bir-birinə inteqrasiya etmək üçün. Niyə? Çünki bəzi parametrlərinə görə F-35-lər üstündür, lakin hava döyüşləri və hava hədəflərinin məhv edilməsi üçün Su-57-lər unikal silahdır. Buna görə də hərbi fəaliyyətlərin teatrının dəyişməsindən danışırıqsa (gələcəkdə Yaxın və Orta Şərq regionunda), təbii ki, Türkiyə bütün növ müasir silah dəstlərinə sahib olmalıdır. Məhz beşinci nəsil. Buna görə də düşünürəm ki, Türkiyə daha praqmatik davranacaq və F-35-lər istiqamətində təkidlərinə davam edəcək və ola bilsin ki, Su-57 əldə etmək istəyəcək.
- Su-57-lərin F-35-lər üzərində konkret üstünlükləri nədən ibarətdir?
- Onlar hava hücumundan müdafiə hədəflərinə qarşı avtonom çalışırlar. Böyük məsafədə və cavab zərbəsinə tuş gəlməmək üçün görünməz şəkildə fəaliyyət göstərirlər. Düşünürəm ki, Türkiyə Silahlı Qüvvələri üçün onlar olduqca vacibdir. Çünki İsraili götürək. Nəzəri cəhətdən Türkiyənin düşmənidir. O, bu silaha malikdir. Səudiyyə Ərəbistanı... Səudiyyə Ərəbistanının hazırda Türkiyə ilə Liviyada çox böyük problemləri var. Türkiyə Tripolini dəstəklədiyi halda, Səudiyyə Ərəbistanı Haftarın ordusunu dəstəkləyir - Marşal Haftarın. Türkiyə məhz Səudiyyə Ərəbistanı və müttəfiqlərinin döyüşdüyü Müsəlman Qardaşlarını dəstəkləyir. Buna görə də bu, çox böyük problem olaraq qalacaqdır. Səudiyyə Ərəbistanını götürsək, bu ölkə ABŞ tərəfi ilə bir neçə yüz milyard dollar dəyərində silah alınması üçün müqavilələr imzalayıb. Bu silahları kimə qarşı alır? İraqa? Əlbəttə yox. Yəmənə qarşı? Təbii ki, yox. Suriyaya qarşı? Tamamilə yox: orada artıq Rusiya iştirak edir və buna görə problem ola bilər. Bəs kimə? İrana qarşı ola bilər. Lakin yalnız İran üçün deyil, eyni zamanda, Türkiyə üçündür. Çünki Türkiyə və Səudiyyə Ərəbistanı regional liderlik uğrunda mübarizə aparırlar. Bunu başa düşmək və açıq şəkildə demək lazımdır. İran da mübarizə aparıb. Lakin mən düşünmürəm ki, bu gün İran regional liderlik uğrunda mübarizə aparacaq gücdədir. Bu gün iki dövlət mübarizə aparır: Türkiyə və Səudiyyə Ərəbistanı. Buna görə də Səudiyyə Ərəbistanının yalnız hegemon olmağa deyil, (artıq Türkiyə də hegemondur), eyni zamanda öz maraqlarını qorumağa da imkan yaradan həmin silahları alması təbiidir. Üstəlik Türkiyə enerji qovşaqlarına transformasiya olur, həm enerji, həm də nəqliyyat qovşaqlarını isə qorumaq lazımdır. Bu gün Yaxın-Orta Şərq və ümumilikdə Böyük Yaxın Şərq regionunda gələcək dünya nizamı formalaşdırılır. Türkiyənin öz maraqlarında təkid etməsi yalnız bir şeydən xəbər verir: Türkiyə artıq maraqları ilə hesablaşmalı olduğunuz qlobal iştirakçıya çevrilir.