Şəki Şəhər Icra Hakimiyyətinə yeni inzibati bina tikintisi üçün müqavilə bağlanıb.
Bu barədə FED.az xəbər verir ki, yeni bina tikintisi büdcəyə 3 milyon 625 min manata başa gəlir.
Bununla bağlı keçirilən tenderdə «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC qalib gəlib və şəhər icra hakimiyyəti bu şirkətlə iyunun 5-də müqavilə bağlayıb. İşlərin bu ilin sonunadək başa çatması gözlənilir.
Zakir Qaralovun “Akkord” ASC-nin Şəkidə təkrar olaraq məhz Şəki Şəhər İnzibati binasının və digər iki obyektin tikinti işlərilə bağlı 2013-cü ildən gördüyü işlərin niyə yarımçıq qalması və yenidən bu işlərin “tender oyunbazlığı” ilə ona həvalə edilməsinin əsil səbəblərini apardığımız araşdırmaların və təhlillərin nəticəsi olaraq dövlət orqanlarının diqqətinə çatdırmaq istəyirik:
Xatırladaq ki, prezident İlham Əliyev 2012-ci ilin sentyabrın 9-da Şəkiyə növbəti rəsmi səfəri zamanı Heydər Əliyev Mərkəzinin, Bayraq Meydanı və Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binasının təməlqoyma mərasimində iştirak etmişdir.
Əvvəlcə rayondan seçilmiş millət vəkillərinin, Şəki rayon İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubovun iştirakıilə birlikdə Mərkəzin layihəsini əks etdirən stendlərə prezidentlə birlikdə yerində baxış keçirilmiş, inşa ediləcək Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı və Şəki Şəhər İcra Hakimiyyəti üçün yeni binanın maketi ilə tanış olduqdan sonra Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi baş tutmuşdur.Üç mərtəbədən ibarət olacaq Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən muzeyin, 230 nəfərlik akt zalının, kitabxananın, sərgi zalının, toplantı və tədris otaqlarının, linqafon kabinetinin, həmçinin digər təyinatlı bölmələrin yaradılması nəzərdə tutulmuşdur.Mərasimin sonunda dövlət başçısı tikinti işlərinin yüksək səviyyədə görülməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir. Lakin çox təəssüflər olsun ki, belə bir dövlət əhəmiyyətli obyektlərin inşaası 2015-ci ildən 2019-cu ilədək obyektiv və subyektiv səbəblər üzündən dayanmış, prezidentin tapşırıqları yarımçıq qalmış, podratçı təşkilat olmuş Akkord- Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən bu müddət ərzində nəinki nəzərdə tutulmuş bu dövlət obyektlərinin tikintisi yarımçıq qalmış, görülən işlər keyfiyyətsiz və başdansovudu aparılmışdır, hətta apardığımız xüsusi araşdırmalardan məlum olmuşdur ki, 3 il ərzində nəzərdə tutulumuş işlərin heç 30 faizi hesaba köçürürülən 6.3 milyon manatın qarşılığında belə başa çatmamışdır.
Xatırlatmaq yerinə düşərdi ki, müasir tipli H.Əliyev Mərkəzinin, Bayraq meydanının, Şəki Şəhər İH-nin İnzibatı binasının tikintisi işlərinin aparılmasında podratçı tərəf olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-tilə bağlanmış 01.03.2013-cü il tarixli, 03/03-13 nömrəli podrat müqaviləsinə əsasən podratçı təşkilat Şəki rayonun Qoxmuq kəndi ərazisində nəzərdə tutulmuş tikinti işlərini yerinə yetirməyi öhdəsinə götürmüşdür.
2015-ci ilin əvvəlində “podratçı” təşkilat qismində iştirak edən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ti layihə üzrə nəzərdə tutulmuş işləri 2013 və 2014-cü illərdə qismən icra etməklə nəzərdə tutulan 4.629.533 manat miqdarında iş gördüyünü bəyan etmişdir. Halbuki, bu vəsaitə 4 ədəd 10 mərtəbəli bina tikib istifadəyə vermək olardı.Lakin podratçı təşkilat tikinti sahəsinin 30 metrliyində olan və yerli tikinti materialları hesab edilən Kiş çayının yatağındakı daş-çınqıl və qumdan istifadə etməklə H.Əliyev Mərkəzinin tikintisində yalnız beton işləri görməklə kifayətlənmiş və gördüyü işi kağız üzərində 9-10 dəfə şişirtmişdir. Lakin faktları yerində araşdırdıqda məlum olur ki, podratçı “Akkord” ASC-ti faktiki olaraq gördüyü real işlərdən ən azı 8-9 dəfə artıq pul vəsaitini mənimsəməklə qanunazidd əməllərə yol vermişdir. Ən təəssüfləndirici hal bundan ibarətdir ki, Heydər Əliyev Mərkəzinin tikintisi Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi məqsədini daşısa da bundan süi-istifadə edən “Akkord” ASC-ti gördüyü keyfiyyətsiz işin müqabilində yalnız külli-miqdarda pul qazanmaq məqsədi güdmüşdür.Və həmişə olduğu kimi buna qismən də olsa nail olmuşdur. Nəticədə 4 il inşası yarımçıq qalmış H.Əliyev Mərkəzi, 5 il isə İnzibati binanın yarımçıq tikilisi qarın-yağışın altında erroziyaya uğrayıb keyfiyyətini itirmişdir. Yəni bu yarımçıq tikililərin sökülüb yenidən tikilməsi zərurəti yaranmışdır.
Bu arada, inşaatçı mütəxəssilərin verdiyi məlumatdan da aydın olur ki, faktiki olaraq “Akkord” ASC-ti heç olmasa aldığı pulun yarısı qədər iş icra etsəydi Mərkəz də, İnzibati binanın isə heç olmasa yarısı 2015-ci ildə tam inşa edilib təhvil verilə bilərdi. Bəs nə baş verdi? O baş verdi ki, H.Əliyev Mərkəzi 2019-cu ildə guya yenidən inşa edilib təhvil verilən kimi reallıqda keyfiyyətsiz olaraq tezbazar inşa edildi və sənədləşdirildi.”Akkord”Asc-nin gördüyü işlər isə sanki sıfırlandı. Budur, indi də 5 iyun tarixində Şəki Şəhər İcra Hakimiyyətinin inzibatı binasının yenidən tikilib istifadə edilməsi üçünsə yenidən köhnə podratçı təşkilat olan “Akkord” ASC- ilə 2020-ci ilin Şəki şəhər İcra Hakimiyyəti arasında 3 milyon 625 min manatlıq müqavilə saxta tender əsasında imzalandı. Çünki, sabiq baş prokuror olmuş Zakir Qaralovun “Akkord” ASC-ti 3-4 ay əvvəl keçirilən tender oyununda “mütləqi qalib” olmalı idi. Axı Z.Qaralovun 1-ci müavini olmuş Rüstəm Usubov da Şəki İH-ti başçısı Elxan Usubovun əmisioğludur.Və məhz bu şəxsin zəmanətilə rayona başçı təyinatı almışdır. Təbii ki, məntiq də isbat edir ki, məhz Şəkidə belə bir iri layihələri Z.Qaralovun şirkəti həyata keçirməlidir.
Lakin zaman bu arada heç də “Akkord” ASC-nin xeyrinə işləmir. Belə ki, bir tərəfdən 2013-cü ilədədək “Akkord” ASC tərəfindən Beynəlxalq Bankdan götürdüyü külli-miqdarda kreditlərin qaytarılmasının tələb edilməsinə hazırlıq gedir, digər tərəfdən isə ASC-nin Gürcüstandakı fəaliyyətinə, eləcə də bank hesablarına yerli mühafizə orqanları tərəfindən STOP qoyulub və ciddi araşdırmalar başlanmışdır. Məlumatda deyilir:
Gürcüstanda bir sıra layihələr həyata keçirən AKKORD şirkətinin fəaliyyətindəki qanunsuzluqlar şikayətlər əsasında bu ölkənin hüquq-mühafizə və məhkəmə orqanlarının araşdırma mövzusu olub.
Hazırda bank hesablarına həbs qoyulan “Akkord”la bağlı proseslər davam edir.
Şirkətdən şikayətçi olan Gürcüstan vətəndaşı olan vəkil Emil Ocaqquliyev proses barədə bunları deyir:
“Gürcüstanda heç vaxt beynəlxalq tender (yol inşaatı) qazana bilməyən “Akkord Koorporasiyası” sənədlər və texniki sənədləşdirməyi yığa bilmədiyi 2 tenderə (Ümumi dəyəri 145 milyon larilik) daxil olmuşdu. Buna görə də “Akkord Koorporasiyası”na dəfələrlə xəbərdarlıq verilib. “Gürcüstan Yolları İdarəsi” onlara son dəfə rəsmi şəkildə xəbərdarlıq verdi ki, bir daha səhv etdikləri təqdirdə (qüsuru düzəldə bilməsələr) onlar diskvalifikasiya ediləcəklər və tenderləri itirmiş olacaqlar.
“Akkord Koorporasiyası” M. Avalişvili və N. Natsvlişvili ilə konsaltinq müqaviləsi bağladı. Bu insanlar öz qrupları ilə lazımi işləri gördülər və gördükləri işin nəticəsində “Akkord Korporasiyası” 2-ci tenderi qazandı (ümumi dəyəri 145 milyon larilik).
Müqavilələrin şərtində “Akkord Koorporasiyası” öncədən heç bir məbləğ ödəməməli idi. “Akkord Korporasiyası”nın tenderdə qalib gəldiyi təqdirdə isə korporasiya ümumi məbləğin 1 %-ni (1 milyon 450 min lari) konsultantlara ödəməli idi.
“Akkord Koorporasiyası” qazandıqdan sonra “Akkord Korporasiyası”nın direktoru Burhan Həmidov heç bir məbləğ ödəməyəcəyini qeyd etdi. Məhz bu səbəbdən, məsləhətçilər onların haqqlarını qorumaq üçün işə Emil Ocaqquliyev, İrakli Narmania və Davit Metsxovrişvili vəkillərini cəlb etdilər. Məhkəmə icraatı olunduqdan sonra Burhan Həmidovun müavinləri (Anar Məmmədov, Yaşar Səfərov) Tbilisiyə gələrək məsləhətçilərin nümayəndəsi olan Emil Ocaqquliyev (vəkil) ilə görüş tələb etdilər.
Görüş, Tbilisinin Besiki küçəsindəki “Accord Georgia” ofisində baş tutdu. Görüş zamanı Buhran Həmidovun müavini Anar Məmmədovun vəkil Emil Ocaqquliyevə söylədiklərini diqqətinizə çatdırırıq: “Burhan Həmidov dedi ki, dövlətə ödəniləcək məbləğin (gəlir vergisi və əlavə dəyər vergisi) və razılığa gəlinən məbləğin yarısının Burhan Həmidova qaytarılacağı (atkat şəklində) şərti ilə ümumi məbləği tam ödəyə bilər”. Vergidən yayınma cinayət işi olduğu üçün Burhan Həmidovun müavini buna rədd cavabı aldı.
Bundan sonra Anar Məmmədov Burhan Həmidovun Zakir Qaralovun şəxsi kadrı və dostu olduğunu, Burhanın pulun yarıdan çoxunu Zakir Qaralova verəcəyini söylədi. Emil Ocaqquliyevin onların təklifinə razı olmadığı üçün onu hədələyərək Azərbaycana getməməyini məsləhət görüb, Azərbaycanın onların əlində olduğunu söylədilər…
Bütün bu olanlardan sonra, Emil Ocaqquliyev, İrakli Narmaniya və Davit Metsxovrişvili Tbilisi şəhərinin Şəhər Məhkəməsinin Mülki İşlər Kollegiyasına müraciət etdilər və hazırda məhkəmə dinləmələri davam edir.”
Gürcüstandan verilən məlumatlrdana da aydın olur ki, “Akkord” ASC-nin bu ölkədə də törətdiyi maxenasiyalar aparılan araşdırmalar zamanı tezliklə üə çıxacaqdır. Və hazırda Zakir qaralovun səlahiyyətlərinə xitam verildikdən sonra tam müdafiəsiz qalan bu şirkət barəsində tezliklə elə Azərbaycanda da ciddi araşdırmalara start veriləcəyi gözləniləndir.Belə olan halda heab edirik ki, 2013-cü və 2020-ci ildə Şəkidə inşa etməyi öhdəsinə götürmüş “tenderlər qalibi” AKKORD” ASC-nin Şəkidə istər H.Əliyev Mərkəzinin, istərsə də Şəki Şəhər İcra Hakimiyyətinin İnzibati binasının tikintisi zamanı mənimsədiyi 4.6 milyon manatın müqabilində gördüyü yarıtmaz işlərin nəticələri yeni baş prokurorun göstərişləri əsasında köhnə baş prokurorun şirkətinin gördüyü işlər araşdırılaraq öz hüquqi qiymətini almalıdır. Digər tərəfdən hesab edirik ki, respublikamızın indiki ağır iqtisadi dövründə Şəkidə belə bir inzibatı binanın tikintisinə heç bir zəruriyyət yoxdur.
Araşdırmaçı jurnalist, Məmməd Əhmədoğlu