İfadetv.com saytının 11 avqust tarixli, "Azərbaycanda sabitliyin pozulmammsı naminə Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı" başlıqlı yazıda qeyd etmişdik:
"Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müdafiəsinə qalxıb.
Yerli KİV-ə açıqlama verən Ziya Məmmədov bildirib ki, akademik R.Mehdiyev haqqında yazılanlar sifarişlidir:
"Bəzi şəxslər Ramiz müəllim haqqında etikadan kənar yazılar yazdırırlar. Ölkə başçısı Ramiz Mehdiyevi uzun müddət dövlətçiliyin fəaliyyətinə göstərdiyi xidmətə görə, onu "Heydər Əliyev "ordeni ilə təltif etdi. Bu, məncə artıq bütün sualların cavabıdır.
İşlədiyim bütün dövrlərdə demişəm, indi də deyirəm ki, mən heç bir cəfəngiyyata inanan adam deyiləm. Onu yazdıranların və yazanların da hamısı qaraniyyətli adamlardır".
P.S. Sabiq nazirin birbaşa himayəçisi olmuş Ramiz Mehdiyevi müdafiə etməklə Ziya Məmmədov dolayısıilə ictimaiyyətə çatdırmaq istəyir ki, belə qara piarların davam etməsi sonda Azərbaycan üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Yəni, kəsəsi demək istəyir ki, "Uşağı sahibinə görə vurmazlar!". Bu xəbərdarlığın açması budur ki, sifarişli danışmanlar dayanmasalar Kremlin tərs silləsinə tuş gələ bilərik."
Bəli, 2 həftə öncə R.Mehdiyevə yaxın adamların (Rusiya ilə əlaqəli olanların) onun müdafiəsinə elə-belə qalxmadığını, bosslarının toxunulmaz olduqlarını, böyük dövlətin onu birbaşa himayə etdiyini və AMEA-da özünü əvvəlki vəzifəsində hiss edərək sərbəst fəaliyyət göstərməsi, hazırda hakimiyyət daxilində fəaliyyət göstərən və göstərməyən komandasının da narahat olmamağa səsləməsi , nəhayət avqustun 18-dən sonra ona olan "hücumlara" qarşı bu gün ikinci kəskin bəyanat verməsi bir daha 11 avqustda yazdıqlarımızı təsdiq etmişdir. R.Mehdiyevin əvvəlki bəyanatında bir həqiqət odur ki, dünən ona yaltaqlıq edən nadürüstlər, indi ona qarşı çirkin oyunlarla məşğuldurlar. Doğurdanmı, bir normal ziyalı tapılmır ki, R.Mehdiyevin son 27 ildə törətdikləri qanunpozuntularını dilə gətirə bilsin. Ona görə də cənab boz kardinal bu gün ölkəmizi arxalandığı Rusiya ilə hədləməyi də dilə gətirir və cəmiyyətə xəbərdarlıq edir. Boz kardinal Azərbaycanı Rusiya ilə, millət vəkillərini və redaktorları isə həbslə açıq təhdid etdi, müxalifəti təriflədi
Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev növbəti bəyanatla çıxış edib. Bəyanatın ruhu təhdid xarakterlidir. Ramiz Mehdiyev öz bəyanatına konkret adlar da daxil edib. Bu adlar onun "qara siyahısı" hesab oluna bilər. Çünki o, adlarını yazdığı millət vəkillərini, KİV rəhbərlərini və partiya sədrlərini açıq şəkildə hədələyib.Ramiz Mehdiyev yazır: "Qərəzli uydurmalar səsləndirən şəxslər bilməmiş deyillər ki, sübut olmadan atılan böhtanlar və edilən təhqirlər hüquqi məsuliyyət yaradır. Bir şəxsi, xüsusilə də vəzifəli şəxsi dövlətə xəyanətdə günahlandırmaq ciddi ittihamdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və KİV-lərdə yaymaq, habelə internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq azadlıqdan məhrumetmə cəzası ilə nəticələnir. Bu baxımdan bir vətəndaş kimi öz şərəf və ləyaqətimi məhkəmədə qorumaq hüququnu özümdə saxlayıram.
Mənə riyakarcasına böhtan atan və təhqir edən millət vəkilləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov, siyasi politoloqlar Eldar Namazov, Elxan Şahinoğlu, Elçin Mirzəbəyli, keçmiş məmurlardan Hacıbala Abutalıbov, Abid Şərifov, Maksim Musayev, partiya rəhbərlərindən “Ağ partiya”nın sədri Tural Abbaslı, AMİP sədri Arzuxan Əlizadə, “Böyük Azərbaycan partiyası”nın sədri Elşad Musayev, “Turan” partiyasının başqanı Cahandar Bayoğlu, qəzet redaktorları Rauf Arifoğlu, Bəxtiyar Sadıqov və Sərdar Cəlaloğlu ("Hürriyyət" qəzetinin təsisçisidir-Red.) unutmasınlar ki, proseslərin belə davam edəcəyi təqdirdə mən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququmdan hər an istifadə edə bilərəm".
Ramiz MEHDİYEV daha sonra yazır və özünü bu sözlərlə tərifləyir:
"Mən keçmişimdən və bu günümdən arxayınam. Dünənimlə üzləşməyə həmişə hazıram, bu günüm isə hər kəsin gözü qarşısındadır. Ünvanıma ittihamlar səsləndirənlərin çoxundan fərqli olaraq ömrüm boyu ancaq bir əqidəyə qulluq etmişəm və bununla da qürur duyuram! Bundan sonra da heç kəs məni tutduğum yoldan döndərə bilməz! Bəs görəsən məni ittiham edənlərdə necə, eyni arxayınlıq varmı? Onlar dünən dediklərinə bu gün və sabah eyni əminliklə imza ata biləcəklərmi?"
Bəyanatın ən maraqlı yeri isə müxalifətlə bağlıdır.
Hörmətli Ramiz Mehdiyev ənənəvi müxalifətə difirambalar söyləyib, onu ciddi - ciddi tərifləyib. Cənab Mehdiyev özü ilə müxalif düşərgə arasında bu dəfə gözlə görünən bir körpünün təməlini atmış oldu.
Sitat: "Bu qarayaxma kampaniyası göstərdi ki, həqiqi müxalifətin bir siması olduğu halda, özünü iqtidara loyal göstərən bəzi millət vəkillərinin, keçmiş məmurların, jurnalistlərin lazım gəldikdə bir neçə siması ola bilirmiş"...
Cənab Mehdiyev bu açıqlama ilə özünə yeni müttəfiqlər aradığını da ortaya qoyub. Ya da bu müttəfiqlik öncədən var imiş ki, Əli Kərimli, Arif Hacılı və Pənah Hüseyn, o cümlədən Əli İnsanov məlum skandalda Ramiz Mehdiyevə münasibətdə ya loyal oldular, ya da onu açıq şəkildə dəstəklədilər.
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü, Milli Elmlər Akademiyasının prezidenti öz bəyanatında Rusiyaya da yer ayırıb. Olduqca ilginc mesajların və Rusiya ilə dövlətimizə açıq təhdidin yer aldığı həmin bölüm belədir:
"Belə çirkin oyunların alətinə çevrilənlər nəzərə alsınlar ki, onlar öz çıxışlarında tez-tez Rusiyanın adını hallandırmaqla ilk növbədə müstəqil dövlətimiz üçün ciddi problemlər yaradırlar. Onlar faktiki olaraq Rusiyanı ölkəmizin idarəetmə strukturlarında böyük casus şəbəkəsi formalaşdırmaqda ittiham edir, bununla da Moskvadakı bəzi maraqlı dairələrə Azərbaycanı təxribata çəkməyə bəhanə verirlər. Belə məsuliyyətsiz və təhlükəli oyunlardan çəkinmək lazımdır. Öz xalqının gələcəyini, vətəninin sabitliyini və rifahını düşünən heç bir azərbaycanlı belə işlərə qol qoymamalıdır. Hər kəs verdiyi bəyanatın məna tutumu, onun yaradacağı effekt və doğuracağı təhlükəli problemlər haqqında düşünməlidir. Xüsusilə də Azərbaycanın yerləşdiyi bölgənin geosiyasi həssaslığını nəzərə alsaq, ölkəmizdə verilən bütün siyasi bəyanatlar yüz ölçülüb bir biçilməlidir"...