Ən yaxın adamının Ramiz Mehdiyevə qarşı çıxmasının sirri - 10,4 milyon manatın izi ilə...
Elton Məmmədov AMEA prezidentinin oğlunun mətbəəsində “əridilən” milyonları araşdırmaq istəyib, yoxsa...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevlə Milli Məclisin keçmiş deputatı, AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Elton Məmmədovun arasında qalmaqal davam edir. Məsələnin məğzi budur ki, Ramiz Mehdiyev Elton Məmmədovu 2020-ci il yanvarın 16-da AMEA İşlər İdarəsinin müdiri, 2021-ci ilin yanvarında isə AMEA-nın Radiasiya Problemləri İnstitutuna baş direktor təyin edilib.Elton Məmmədov AMEA-da işlədiyi il yarım ərzində Ramiz Mehdiyevin çap məhsullarına xərcləndiyini iddia etdiyi 10 milyon 400 min manatın izinə düşüb. Bundan sonra tərəflər arasında qalmaqal yaranıb, Elton Məmmədov işdən getməsi haqda ərizə yazıb. 1 gün sonra isə Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin iclasını çağırıb. 13 aprel 2021-ci il tarixində keçirilən iclasda Ramiz Mehdiyev Elton Məmmədovun ünvanına təriflər yağdırır və onun işdən çıxarıldığını elan edir. Əshabələrinə də tapşırır ki, bu məsələni rəsmiləşdirsinlər.
Həmin iclasda çıxış edən Elton Məmmədov isə Ramiz Mehdiyevin ünvanına sərt fikirlər səsləndirib. Məsələ ondadır ki, Elton Məmmədov AMEA İşlər İdarəsinin müdiri olaraq çap məhsullarına ayrılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyini üzə çıxarıb. Elton Məmmədov bu faktları araşdırmaqla Ramiz Mehdiyevi qəzəbləndirib. Bu səbəbdən araları dəyib və Elton Məmmədovun AMEA-dan uzaqlaşdırılması ilə nəticələnib. Ramiz Mehdiyev Elton Məmmədovu işdən çıxardığını bəyan etsə də, sonuncu özünün istefa verdiyini bəyan edib.
Hesablama Palatasının təkcə 2018-2019-cu illər üzrə “AMEA-nın İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirinin nəticələri haqqında” 25 fevral 2020-ci il tarixli Q-24 saylı sərt qərarında akademiyada çap işləri adı altında milyonlarla manat məbləğində dövlət vəsaitinin mənimsənildiyi əks olunub. Məlum olub ki, AMEA-nın müxtəlif çap işlərinin görülməsi üçün Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsus olan “Şərq-Qərb” ASC-yə milyonlarla vəsait ötürülüb. Mətbəə pulu alandan sonra uzun müddət keçməsinə baxmayaraq, öz öhdəliklərini yerinə yetirməyib və ümumilikdə 10 milyon 400 min manatın izləri itib. İş üzrə Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müvafiq cinayət işi başlanıb. Qeyd olunur ki, Ramiz Mehdiyev hələ Prezident Administrasiyasının rəhbəri olduğu dönəmdə irihəcmli çap işləri üzrə sifarişlərin məhz “Şərq-Qərb” ASC-yə verilməsi üçün vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Ramiz Mehdiyevlə Elton Məmmədovun arasında yaşanan qalmaqal AMEA-da bir çox qanunsuzluqları üzə çıxarıb.
Elton Məmmədov deyib ki, AMEA-da Əmək Məcəlləsi və əmək müqaviləsi işləmir: “Bu gün AMEA-da 90 faiz əməkdaş, sadəcə olaraq, əmək müqaviləsinə deyil, iş vaxtına uyğun gedib-gəlməklə məşğuldur. Heç biri görəcəyi işlə məşğul olmur. AMEA-nın çox ölkələrlə əməkdaşlıq etdiyi müqavilələri var. Dövlət o müqavilələrdən irəli gələn birgə elmi tədqiqatın ortaya qoyulması, çoxsaylı alimlərin tamamlanmamış elmi məsələləri üçün Avropaya kifayət qədər vəsait verir. O vəsait isə təyinatı üzrə yox, şəxsi adamların maraqlarına sərf olunur. Mən bunları AMEA-da işlər idarəsinin rəhbəri vəzifəsində işlədiyim dövrdə aydınlaşdırmışam və hamısı Hesablama Palatasının öz aktında əksini tapıb. Bu özbaşınalıqların qarşısını almaq istəyən Elton Məmmədov kimi Azərbaycan ziyalısını, elmlər doktoru və professorunu uzaqlaşdırıb, kənara qoymaq nə deməkdir? Özbaşınalıqlar, yeyintilər, yersiz köçürmələr, Yüksək Texnologiyalar Parkının içərisində ofşor zona kimi dövlət vəsaitinin verilərək oradan silinməsi kimi məsələləri ortaya çıxarıb vicdanlı əməkdaş kimi rəhbərə məruzə etdim ki, bu işlər olub, amma olmamalıdır. Adını akademik qoyan Ramiz Mehdiyevin bu gün Rəyasət Heyətinin üzvlərinə, idarə və təşkilat rəhbərlərinə, elmi konsepsiyaya söykənən konkret mövqe ortaya qoya bilməməsi səriştəsiz idarəetmə sistemi deməkdir. Səriştəsizlikdən ortaya çıxan məsələlər isə dedi-qodulara, institut rəhbərlərinin birbaşa narazılığına gətirib çıxaracaq ki, bu da Azərbaycan ictimaiyyətinin bu gün üzləşdiyi faktlardır. Özüm məruz qaldığım üçün bunlar hamısı həqiqəti özündə əks etdirir”.
Elton Məmmədov Ramiz Mehdiyevi ermənini vəzifəyə qoymaqda ittiham edib: “Ramiz Mehdiyevin ətrafında olan akademiklərdən tutmuş idarə və şöbə rəislərinə kimi hamısı ona diktə etməklə məşğuldur. Kamal Əliyevin rəhbərlik etdiyi hüquq şöbəsinin fəaliyyəti ancaq çəkişmələrdən, dedi-qodulardan və akademiyanın qrupundakı yazışmalardan ibarətdir. Ramiz Mehdiyev erməni baldızının oğlunu AMEA-da vəzifəyə qoyub. Gündə işi-peşəsi qəzetdən qayçı ilə dedi-qoduları kəsməkdir. Üstəlik, Rəyasət Heyətində oradan-buradan qovulmuş yaxın adamlarını və qohum-əqrəbalarını oturdub. Bu gün həmin qohum-əqrəba Ramiz Mehdiyevə ”pas" ötürür. Çünki o, özü-özünü idarə edə bilmir, öz fikrinin daşıyıcısı və icraçısı deyil. O zamanlar AMEA-da Rasim Ağasiyev var idi. Hansı ki, zamanında Ramiz Mehdiyevin pasport və qeydiyyat şöbəsində işləyən qaynı Levan Qurskaya Yuriyeviçlə birləşib birbaşa ermənilərin Azərbaycan və rus adı ilə Azərbaycandan köçməsinə xidmət ediblər. AMEA-da elə insanlar var ki, səsini çıxara bilmir. İxtisası üzrə uzun müddət mərkəzi kitabxanada fəaliyyət göstərən gənc xanımı da həqiqəti dediyi üçün təhvil və təslim aktına imza atmadığı üçün sıxışdırırlar. Hansı ki, özündə dövlətin böyük tarixini və sirrini əks etdirən 1 milyondan çox kitab, eləcə də bütün sənədlər dövlət fondundan yoxa çıxıb. Ölkənin ideologiyasına kim rəhbərlik edir? Fatma Abdullazadənin nəzarəti və İsa Həbibbəylinin kurasiyası ilə Ramiz Mehdiyev! Ramiz Mehdiyev düşüncə tərzi ilə bu gün oranı idarə edə bilmir. Tək patent almaq hələ elmin inkişafı demək deyil. AMEA elm ocağı ilə yanaşı, həm də böyük təsərrüfatdır. Mən Yüksək Texnologiyalar Parkının ərazisində 800 kvadratmetrlik elmi tədqiqatların sonu olaraq tətbiq sahəsi yaratmışdım. O vaxtı da Ramiz Mehdiyevin təzyiqi ilə işdən çıxanda ölkə rəhbərinə ərizəmdə yazmışdım ki, AMEA-da olan ziddiyyətlər, qeyri-sağlam mühit, ölkə rəhbərinin siyasətinə zidd addımlar mənə burada milli ideologiyaya xidmət etməyə maneçilik törədir. Nə oldu, professor Kərim Şükürov ora müraciət edən kimi Rəyasət Heyəti dərhal müşavirə keçirdi və toplandı. Ərizəsinin tərkib hissəsi araşdırıldı. Amma Elton Məmmədov ərizə ilə müraciət edəndə və tərkibində də məhz səbəbləri göstərdiyi halda heç nə araşdırılmadı. Akademiyada ilk addımı mən atmışam. Rəyasət Heyətində kəskin ziyalı və vətəndaş mövqeyimi ortaya qoydum. Akademiyanın tamamilə başqa bir şeylə məşğul olduğunu, çəkişmələr kənarda qalmasını və institutlarda sağlamlaşma getməsini tələb etdim. Elm milliləşə bilməz. Bu gün AMEA-nın dövlət başçısının müəyyənləşdirdiyi prioritetlərdə və yaxud hansısa sahələrdə əməli, elmi tərkibi yoxdursa, akademiyanın özünü hansı fəaliyyət növü kimi müəyyənləşdirməsi məlumdur".
Elton Məmmədov AMEA ilə məhkəmə çəkişməsində qarşı tərəfi Kamal Əliyevin təmsil etdiyini deyib: “Bu adam bu gün AMEA-nın Hüquq və kadrlar şöbəsinin müdiri, eləcə də keçmiş Tərtər hadisələrində Azərbaycan xalqının zabitlərinin və əsgərlərinin başına oyunlar gətirən, ədalətsiz qərarlar qəbul edən Bakı Hərbi Məhkəməsinin hakimidir. Ötən il aprelin 13-də Rəyasət Heyətinin iclasında çıxış edib, ərizəmi təqdim etmişəm. Rəyasət Heyətinin iclasında heç bir akademik və ya üzv işdən getməyimə, yaxud ərizəmdə qeyd olunan fikrə münasibət bildirmədən haqqımda qərar qəbul edib. Aprelin 13-də ərizə yaza-yaza, ayın 12-də Ramiz Mehdiyev məni işdən azad edir. Axı canlı Rəyasət Heyətinin iclasıdır. İclasdan məhkəməyə vəsatət qaldırdım və həmin səs yazısını təqdim etdim. Kamal Əliyev Ramiz Mehdiyevlə məsləhətləşəndən sonra deyir ki, gizli səs yazısıdır. Gizli səsi agentura yazır, heç bir gizli səs yazmamışam. Kamal Əliyevə mənə təzyiq olunduğunu və məhkəməni yalnış istiqamətə yönəltmə deyə bildirdim. Sonuncu məhkəmədə mənə deyir ki, bu texniki səhvdir. Halbuki bir texniki səhv ucbatından insan məhkumluq həyatı yaşaya bilməz. Beləliklə, haqlarıma istinad olunaraq işə bərpa olundum. Dövlətdən məvacib və məzuniyyət haqqı alaraq, aprel ayında 56 gün məzuniyyətdə olmuşam. İyun ayının 24-də gəlib öz ərizəmlə işdən kənarlaşmalı idim. May ayında əmək müqaviləmə xitam verilib. Yenə Kamal Əliyevə sual verirəm ki, əgər may ayında işdən çıxmışamsa, dövlət iyunun 24-nə kimi mənə necə maaş verə bilər? Cavab yoxdur... Səbayel Rayon Məhkəməsi yenə də dekabr ayında ədalətli qərar verdi”.
Hazırda Elton Məmmədovla AMEA arasında məhkəmə çəkişməsi Bakı Apelyasiya Məhkəməsinə daşınıb. Fevralın 15-də apelyasiya instansiyasında tərəflərin şikayətləri dinləniləcək.
Bəzi mənbələr isə iddia edir ki, R.Mehdiyevlə E.Məmmədovun davasının səbəbləri daha dərindir. İddiaya görə, R.Mehdiyev PA rəhbəri olduğu dönəmdə E.Məmmədova onu icra başçısı təyin etdirəcəyi vədini verib və bunun “şirinliyini” öncədən alıb. Ancaq R.Mehdiyev bunu edə bilməyib və vəzifədən azad olunduqdan sonra “şirinliyi” qaytarmayıb, əvəzində Məmmədovu AMEA-da vəzifəyə gətirməklə neytrallaşdırmağa çalışıb. Ancaq burada daha çox onu aldatmaqla, yola verməklə məşğul olub. Nəticədə isə mövcud durum yaşanır...
“Yeni Müsavat”