Məşhur yazıçı Frensis Fukuyama: “Müharibənin diplomatik yolla həlli mümkün deyil, həm Rusiya, həm də Ukrayna üçün məqbul heç bir kompromis yoxdur”
“Putin ordusunun bu məğlubiyyətindən "sağ” çıxa bilməyəcək”
Dünyaca məşhur yapon əslii ABŞ yazıçısı, siyasi iqtisadçı Frensis Fukuyama Rusiya-Ukrayna müharibəsi ilə bağlı proqnozlar verib. Yazıçının məqaləsi "americanpurpose.com" saytında dərc olunub və sosial şəbəkələrdə geniş yayılıb.
İFADETV.COM "arqument.az"-ın tərcümə etdiyi sözügedən məqaləni oxuculara təqdim edir:
"Bu məqaləni Şimali Makedoniyanın Skopye şəhərindən yazıram. Burada son həftəni inkişaf üçün Liderlik Akademiyasında mühazirə oxumaqla keçirmişəm. Ukraynada müharibə başlayandan bəri burada informasiya əldə etməklə bağlı əhəmiyyətli bir fərq yoxdur. Fərqli olan qonşu saat qurşağında olmağım və Avropanın digər yerlərindən fərqli olaraq Balkanlarda Putinə daha çox dəstəyin olmasıdır. Bu da daha çox Serbiya və Serbiyada "Sputnik"in yayımlanması ilə bağlıdır.
Risk edib bir neçə proqnoz verəcəyəm:
1. Rusiya Ukraynada tam məğlubiyyətə doğru gedir. Ukraynalıların Rusiyaya loyal olması və onların silahlı qüvvələrinin işğaldan dərhal sonra çökəcəyinə dair yanlış fərziyyəyə əsaslanan Rusiya hərbi planlaşdırması bərbad idi. Görünən odur ki, rus əsgərləri əlavə döyüş sursatı və ərzaq təminatı əvəzinə Kiyevdə keçiriləcək qələbə paradında iştirak etmək üçün parad geyim formaları daşıyırdılar. Hazırda Putin ordunun böyük hissəsini bu əməliyyata göndərib - onun döyüşə atmaq üçün cəlb edə biləcəyi böyük qüvvə ehtiyatı yoxdur. Rusiya qoşunları Ukraynanın müxtəlif şəhərlərinin həndəvərində tərpənməz vəziyyətdə qalıblar. Burada isə onlar böyük təchizat problemləri və ukraynalıların davamlı hücumları ilə üzləşirlər.
2. Onların hərbi çöküşü "tükəndirmə müharibəsi” nəticəsində deyil, ani və fəlakətli ola bilər. Döyüş meydanında vəziyyət o yerə çatacaq ki, ordunu nə təchiz etmək, nə də geri çəkmək mümkün olacaq və burada mənəvi qırılma baş verəcək. Ən azından belə vəziyyət şimal cəbhəsi üçün realdır. Ruslar cənubda özlərini daha rahat hiss edirlər, lakin şimal qruplaşmasının dağılacağı təqdirdə cənubda olan mövqeləri də saxlamaq çətin olacaq.
3. Bu baş verməyincə, müharibənin diplomatik yolla həlli mümkün deyil. İndiyə qədər olan itkiləri nəzərə alsaq, həm Rusiya, həm də Ukrayna üçün məqbul heç bir kompromis yoxdur.
4. BMT Təhlükəsizlik Şurası öz faydasızlığını bir daha sübut etdi. Yeganə faydalı şey, dünyada "pis" və ya "yayınan" oyunçuları müəyyən etməyə kömək edən Baş Assambleyada səsvermə oldu.
5. Bayden administrasiyasının uçuşa qadağa zonası elan etməmək və Polşaya məxsus "MİQ-29"ların transferinə kömək etməmək barədə hər iki qərarı düzgün idi. Gərgin dövrdə soyuqqanlığı qoruya bildilər. Ukraynalılar üçün daha yaxşı olar ki, rusları təkbaşına məğlub etsinlər. Moskvanı NATO-nun hücumuna məruz qaldıqları bəhanəsindən məhrum etməklə bütün aşkar eskalasiya imkanlarından daşınsınlar. Xüsusilə, Polşa "MİQ"ləri Ukraynanın döyüş qabiliyyətini çox da artırmayacaq.
"Javelin”, "Stinger”, "Bayraktar TB2”-lərin, tibbi ləvazimatların, rabitə vasitələrinin davamlı tədarükü və kəşfiyyat məlumatlarının mübadiləsi daha vacibdir. Məncə, Ukrayna silahlı qüvvələri artıq Ukraynadan kənarda fəaliyyət göstərən NATO kəşfiyyatı ilə əlbir fəaliyyət göstərir.
6. Sözsüz ki, Ukraynanın ödədiyi bədəl çox böyükdür. Amma nəzərə almaq lazımdır ki, ən böyük zərəri raketlər və artilleriya vurur, bunlarla nə "MiQ"lər, nə də ki "uçuşa qadağan zonası” bacara bilər. Qırğınları dayandıracaq yeganə yol rus ordusunun yerdəki məğlubiyyətidir.
7. Putin ordusunun bu məğlubiyyətindən "sağ” çıxa bilməyəcək. O məhz güclü insan hesab edildiyi üçün dəstək alır. Bacarıqsızlığını və zəifliyini göstərdikdən sonra onun təklif edə biləcəyi başqa heç nə qalmayacaq.
8. İşğal artıq bütün dünyada populistlərə böyük zərbə vurub, onlar müharibədən əvvəl Putinə rəğbət bəsləyirdilər. Onların arasında Matteo Salvini, Jair Bolsonaro, Erik Zemmur, Marin Le Pen, Viktor Orban və təbii ki, Donald Tramp da var.
9. Ukraynadakı müharibə Çin üçün də yaxşı dərs ola bilər. O, son 10 il ərzində zahirən görünən yüksək texnologiyalı ordu qurub, lakin həmin ordunun kifayət qədər döyüş təcrübəsi yoxdur. Ümid edək ki, Çin rəhbərliyi Tayvana qarşı gələcək müdaxilələrini düşünərkən ruslar kimi öz imkanlarına aldanmayacaq.
10. Tayvanın özü isə ukraynalılardan nümunə götürərək təhlükəsizliyinin qayğısına qalmalı və icbari hərbi xidmətə qayıtmalıdır.
11. Türk dronları bestsellerə çevriləcək.
12. Rusiyanın məğlubiyyəti "azadlığın yeni doğuşunu” mümkün edəcək və bizi demokratiyanın qlobal tənəzzülü ilə bağlı fikir dalanından çıxaracaq. 1989-cu ilin ruhu bir ovuc cəsur ukraynalıların sayəsində yaşayacaq".