Gündəmin əsas müzakirə mövzularından biri 11 sentyabrda Ana Vətən Partiyasının təşəbbüsü ilə “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən dəyirmi masadır. Müzakirələrdə iştirak edənlərdən biri də Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov olub. Politoloq “Yeni Müsavat”a olduqca maraqlı və dəyərli fikirlər söyləyib, ictimai-siyasi təşkilatlara mesajlar verib.
- Eldar bəy, uzun fasilədən sonra iqtidar və müxalifət düşərgəsinə aid olan təşkilatlar, vətəndaş cəmiyyətinin nümayəndələri bir araya gəldilər, müzakirələr apardılar. Dəvətlilər arasında olan ictimai-siyasi xadim kimi sizin dəyərləndirməniz necədir?
- Mən bu tədbirə dəvəti xaricdə olanda aldım. Ukraynada böyük bir beynəlxalq konfransda iştirak edirdim. Orada bizim bölgəmizdə gedən proseslərlə bağlı geniş məruzə ilə çıxış etdim. Təbii ki, həmişə olduğu kimi, məruzəmdə əsas diqqət Qarabağ probleminə və işğal olunmuş ərazilərimizin azad olunmasına yönəlmişdi. Eyni zamanda İran ətrafındakı proseslərə də kifayət qədər böyük yer ayırmışdım. O vaxt telefonlarım qapalı idi. Tədbir başa çatandan sonra mən telefonu açanda WhatsApp-la mənə göndərilən dəvəti oxudum. Onda hələ konkret formatı və mövzunu dəqiqləşdirmək imkanım yox idi. Amma mənim ilkin reaksiyam çox müsbət oldu. Siz dediyiniz kontekstdə ki, uzun illərdir iqtidar və müxalifət arasında, vətəndaş cəmiyyətinin iştirakı ilə belə dialoqlar təşkil olunmurdu. Açığını deyim, mən beynəlxalq tədbirlərə tez-tez qatılıram və orada qaldırdığım məsələlər məhz Qarabağla, Bütöv Azərbaycan məsələsi, digər ümummilli problemlərimizlə bağlıdır. Azərbaycan üçün böyük geopolitik risklər mövcuddur. Ona görə də Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qəbul etməyən qonşularımız var. Eyni zamanda Azərbaycan üçün böyük şanslar yaranır. Xüsusən də nəzərə alsaq ki, Ermənistanda daxili vəziyyət necədir, Rusiya-Ermənistan münasibətlərində hansı ciddi problemlər meydana gəlib. İran ətrafında gedən prosesləri də əlavə etmək lazımdır. Bunlar hamısı göstərir ki, bizim üçün həm böyük risklər, eyni zamanda böyük imkanlar mövcuddur. Bu alovlanan proseslərdə ən pis halda biz çox böyük itkilərə məruz qala bilərik. Ən yaxşı halda isə biz nəinki Dağlıq Qarabağı azad edə, tarixi torpaqlarımızı, Zəngəzuru da qaytara, hətta 50 milyonluq Azərbaycan xalqının bir neçə əsr ürəyində bəslədiyi arzuların həyata keçməsinə, vahid, bütöv, böyük Azərbaycan dövlətinin yaranmasına da nail ola bilərik. Belə çətin və mürəkkəb proseslərin astanasında həmişə məni düşündürür ki, bəs bu risklərin qarşısını almaq və milli məqsədlərimizə çatmaq üçün biz daxilən hazırıqmı? Buna nail olmaq üçün ölkənin daxilində sabitliyə, milli birliyə nail olmaq lazımdır. İqtidar və müxalifət gərək bir yerdə hərəkət eləsin ki, biz qabaqdan gələn çox ağrılı proseslərdən öz məqsədlərimizi həyata keçirib, güclü bir dövlət kimi çıxaq. Belə fikirlər məni düşündürdüyü bir məqamda Bakıdan belə bir formatda keçiriləcək toplantıya dəvət aldım.
- Tədbirdə iştirak edərkən sizi narahat edən məsələlərlə bağlı sualınıza cavab tapa bildinizmi?
- Mən öz çıxışımda da dedim ki, bu tədbirlər davamlı olmalıdır. Davamlı olmasa, biz elə bir görüşlə kifayətlənsək, deməli, dövlətimiz, millətimiz üçün vacib olan məqsədlərə çata bilməyəcəyik. Əgər bu görüşlər davamlı xarakter daşımasa, format genişlənməsə və hamı bu prosesə cəlb olunmasa, hətta qəbul olunmuş bəyanat da mənasız olacaq,.. Hər halda, arzularımla üst-üstə düşdüyünə görə mən o tədbirə qatıldım və çıxışda da qeyd etdim ki, burada iştirakım məhz formata, bu ideyanın özünə dəstək xarakteri daşıyır. Təbii ki, biz vaxtilə belə tədbirlərin keçirilməsini arzulayırdıq, təklif edirdik. Orada da hansı məsələlər ətrafında müzakirələrin aparılması ortaya çıxanda, mən həmişə deyirdim ki, biz ümummilli məsələləri önə çəkməliyik, ancaq ardıcıllıq o qədər də əhəmiyyət kəsb eləmir. İstənilən mövzudan başlamaq olar, təki bu proses başlasın və bu müzakirələr səmimi, davamlı olsun. Onda biz addım-addım ölkənin daxilində birliyi yarada bilərik. Ona görə də indidən, hələ ilk tədbirdən sonra mən hansısa bir proqnoz vermək istəmirəm. Sadəcə olaraq, öz mövqeyimi və bu məsələyə münasibətimi çıxış zamanı açıq bəyan etdim və bu gün də sizinlə söhbətdə təkrarlayıram. Azərbaycan çox ciddi bir sınaqlar qarşısındadır! Dünyada gedən proseslər hər bir ölkəni sınaqdan keçirəcək. Bizim ölkəmiz, xalqımız üçün həm çox böyük risklər mövcuddur, eyni zamanda böyük şanslar və imkanlar açılır. Biz gərək daxildə, öz aramızda bir razılığa gələk və vahid mövqedən çıxış edək. Bunun üçün də təbii ki, ölkənin daxilində hələ çox ciddi işlər görülməlidir. Biz hələlik o vəziyyətdən kifayət qədər uzağıq. Azərbaycanda milli birliyi yaratmaq üçün gələcəkdə hələ çox ciddi addımlar atılmalıdır. Həm daxili siyasət, həm insanların haqları, həm sosial problemlərin həlli, həm də iqtidar-müxalifət münasibətləri ilə bağlı.
- Bəzi siyasilər tədbirdə iştirak etmədilər, bəziləri isə dəvət olunmadı, kənarda qaldı. Gələcəkdə tam milli birlik formatını ortaya qoymaq üçün bu məsələləri necə çözmək olar?
- Mənim bu mövzuda uzun illər boyunca müəyyən təşəbbüslərim, təkliflərim olub. Dəfələrlə qeyd eləmişəm ki, beyinlərdə elə bil vətəndaş müharibəsi gedir. 90-cı illərin əvvəllərində belə bir durum yaranmışdı, vətəndaş müharibəsi astanasındaydıq. O vaxt böyük bəlalardan qurtara bildik. Şükür Allaha ki, belə toqquşmalar lokal xarakter daşıdı və qısa müddət davam etdi. Ondan sonra isə sanki beyinlərdə vətəndaş müharibəsi bu günə kimi davam edir. Vətəndaş müharibəsində heç vaxt qalib olmur. O mənada ki, qalib özünü qalib kimi apara bilməz. Qalib gərək məğlub olan tərəfin hüquqlarını müdafiə etsin. Onları təmin etsin ki, artıq beyinlərdən vətəndaş müharibəsi sindromu çıxsın. Mən həmişə deyirdim ki, Prezident Administrasiyasında keçmiş prezidentlər Ayaz Mütəllibovun, Əbülfəz Elçibəyin və Heydər Əliyevin şəkilləri olmalıdır ki, binaya daxil olan hər bir şəxs görsün ki, bu ölkədə artıq vətəndaş müharibəsi sindromuna son qoyulub və partiya mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqları təmin olunur. Mən illər öncə bunu deyirdim. İndi də bu fikirdəyəm ki, biz iqtidar-müxalifət münasibətlərini tamamilə yeni müstəvidə qurmalıyıq. Təbii ki, elə qruplar ola bilər ki, onlar bu prosesə əvvəldən qoşula bilərlər. Həm də bəlkə kimlərinsə daxilində inamsızlıq o dərəcədə güclüdür, ümumiyyətlə, onların siyasi opponentlərlə bağlı mövqeləri o qədər radikaldır ki, onlar ola bilsin bu prosesə əvvəldən qoşulmasınlar. Ancaq burada söhbət partiya liderlərindən getmir, insanlardan gedir. Əgər belə bir siyasət yürüdülsə və cəmiyyət bunu qəbul etsə, mən əminəm ki, ölkəmizin daxilində həm sabitliyə, həm də sivil iqtidar-müxalifət münasibətlərinə nail ola bilərik.
“Biz iqtidar-müxalifət münasibətlərini tamamilə yeni müstəvidə qurmalıyıq”
- Keçirilən tədbirin adı diqqət çəkdi: “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi”. Necə bilirsiniz, hazırda xarici güclərin Azərbaycanla bağlı ciddi planları varmı? Onların marağı, məqsədi haqda nə demək olar?
- Mən əminəm ki, bu təhlükələr çox ciddidir. Təbii, mən o qənaətdə deyiləm ki, bu təhlükə xaricdə kimlərinsə rəsmilərə ünvanlı söyüşləri ilə bağlıdır. Əslinə qalsa, daha ciddi xarici təhlükələr mövcuddur. Azərbaycanın müstəqilliyini qəbul etməyən qonşularımız var. Elə bilirsiniz “Gülüstan” və “Türkmənçay” müqaviləsi sindromu bitib? Biz İrandan tez-tez səslər eşidirik ki, “Şimali Azərbaycan bizim ərazilərimizdir”. Rusiyadan səslər eşidirik ki, bu, keçmiş SSRİ-nin ərazisidir və Rusiyanın təsir dairəsinə daxildir, Rusiya burada əsas söz sahibi olmalıdır. Həmçinin bizə qonşu olan bədnam millət torpaqlarımızı işğal edib və ərazilərimizdən çıxmaq fikrində deyil. Yəni belə mürəkkəb geopolitik, coğrafi bir durumdayıq. Ona görə də xarici təhlükələri qulaqardına vurmaq olmaz, bu, çox ciddidir! Biz bu məsələlərə ciddi yanaşmasaq, bizi daha böyük bəlalar gözləyə bilər! Dediyim kimi, bu təhlükələrlə yanaşı, bizim çox ciddi imkanlarımız da var. Bu proseslərdə nəinki Qarabağı qaytara, nəinki tarixi torpağımız olan Zəngəzuru qaytara bilərik, hətta daha böyük məqsədlərə çatmaq üçün bizim kifayət qədər imkanlarımız mövcuddur. Biz buna nail olmaq üçün ilk növbədə ölkə daxilində dediyim birliyi və sabitliyi yaratmalıyıq. Eyni zamanda bizim milli maraqlarımızla üst-üstə düşən güclü, qüvvətli dövlətlər var, onların maraqları bizim maraqlarımızla üst-üstə düşür. Biz onlarla çox sıx əməkdaşlıq etməliyik və bu məqsədlərə çatmaq üçün onların da dəstəyindən yararlanmalıyıq.
- Ancaq təəssüf doğuran münasibət də müşahidə olunur. Məsələn, bəzi siyasilər iqtidarın səmimiyyətinə inanmadığını bildirir, həmçinin bildirilir ki, hakimiyyət çətinə düşdüyü üçün müxalifətlə masa arxasında oturmaq istəyir. Eyni zamanda görüşə gedənlər ittiham olunur, onlara deputat mandatı veriləcəyi iddiası səslənir. Bu yanaşmaları necə dəyişmək olar?
- Bu, 90-cı illərin əvvəllərindən bu günə kimi beyinlərdə gedən vətəndaş müharibəsinin nəticəsidir. Bu sindrom hələ də yaşayır və davam edir. Bu yanaşma müxtəlif siyasi qurumlar, fərdlər, konkret insanlar üçün o qədər bəlalar gətirib ki, insanların elə il addımdan buna inanması və proseslərə qoşulmasını gözləmək çətindir. Mən açıq dedim ki, heç bir proqnoz verə bilmərəm. Mən yalnız öz mövqeyimi və arzularımı ifadə edirəm. Belə bir təkliflərə inamsızlıqla yanaşan qüvvələri də anlayıram. Ancaq fərq yalnız ondan ibarətdir ki, mən Azərbaycan xalqını gözləməyən həm təhlükələri, həm də imkanları nəzərdən keçirib o qənaətə gəlmişəm ki, riskləri dəf etmək üçün və Qarabağla, Zəngəzurla və digər məsələlərlə bağlı istəklərimizə nail olmaq üçün bizim milli birliyi yaratmaqdan başqa yolumuz yoxdur. Ona görə də çətin də olsa, ağrılı da olsa, buna çox tərəfdən maneələr də olsa, buna nail olmalıyıq. Təkcə müxalifətin inamsızlığından söhbət getmir. Mən oxudum ki, hakimiyyətin içindən də bu prosesə soyuq baxan qüvvələr kifayət qədər çoxdur. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, əgər biz xalqımızı, millətimizi qorumaq istəyiriksə, işğal olunmuş torpaqlarımızı azad etmək istəyiriksə, bizim bu prosesə başlamaqdan və ölkə daxilində sabitliyi və milli birliyi yaratmaqdan başqa yolumuz yoxdur.
- Deməli, hazırda öncə seçki, yaxud öncə hakimiyyət yox, öncə Vətən məsələsi gündəmdə olmalıdır, eləmi?
- Sözsüz. Burada hansı vəzifəni, yaxud mandatı düşünmək olar? Siz bu söhbəti açırsınızsa, bir məsələni deyim. Mənim ətrafım, mənimlə əməkdaşlıq edən adamlar bilirlər ki, şəxsən mənim nəinki qarşıdan gələn, bundan əvvəlki parlament seçkilərində də heç bir şəxsi marağım olmayıb. Ümumiyyətlə, mən 1999-cu ildə könüllü olaraq istefaya gedəndən bəri yalnız 2005-ci ildə parlament seçkilərinə qatılmışam. Bütün başqa seçki proseslərində mən ya kimlərəsə dəstək vermişəm, ya da köməklik etmişəm, yaxud da heç bir prosesdə iştirak etməmişəm. Ona görə də mənim bu məsələlərə yanaşmamda şəxsi maraq heç bir rol oynamır. Bu mövzu ilə bağlı da yuxarıda danışdım. Tədbirə dəvət alanda Qarabağ probleminin həlli, Cənubi Azərbaycan məsələsi ilə bağlı məruzə edirdim və tribunadan enəndən sonra telefona baxdım və dəvət gəldiyini oxudum. Dəvətə də münasibətim məhz milli maraqları, milli istəkləri həyata keçirmək prizmasından formalaşıb. Əgər bizim daxilimizdə birlik olmasa, biz bunun üzərində bir yerdə çalışmayacağıqsa, mənim çağırışlarım, dediklərim bir nağıl olacaq, ya da biz birliyi yaradıb bu arzuları, istəkləri reallaşdıra biləcəyik. Təbii ki, istəyirəm mənim torpaqlarımızla, dövlətimizlə bağlı istək-arzularım və milyonlarla azərbaycanlının istək-arzuları həyata keçsin. Həyata keçməyin də şərti və yolu milli birliyə nail olmaqdan keçir.