Bu gün keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında keçmiş sədr Vasif Talıbovun oğlu, deputat Seymur Talıbov da iştirak edib.
Xatırladaq ki, vəzifədən getdikdən sonra nə atası, nə də o, Məclisin toplantılarına qatılmayıb. V.Talıbov bu gün keçirilən iclasda da iştirak etməyib. Amma sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, S.Talıbov sessiyanın iclasına qatılıb.
Kadrlardan görünür ki, deputat son model bahalı avtomobilindən düşərək ağır addımlarla Ali Məclis binasının ümumi girişinə doğru addımlayır. Binanın qarşısında dayanmış deputat həmkarları onun gəlişindən təəccüblənsələr də S.Talıbovla salamlaşmırlar. Vasif Talıbovun oğlu da onlara əhəmiyyət verməyərək girişə doğru yönəlir.
Bu mənzərə Talıbovların Naxçıvanda meydan suladığı dövrdən kəskin fərqlənir. O zamanlar Talıbovları nəinki Ali Məclisdə, hətta küçədə belə onlarla vəzifəli şəxs müşaiyət edir, onun qabağına qaçır, əmrlərini yerinə yetirirdilər. İndi isə hətta deputat həmkarları ona əl verib salamlaşmırlar...
S.Talıbovun Ali Məclisin sessiyasında iştirak etməsi isə görünür, məcburi olub. İclasda Məclisə yeni sədr müavini seçilib, bir sıra qanunlara dəyişiklik edilib, habelə millət vəkillərinin maaşları artırılıb.
Rasim
“AzPolitika.info”