“Əhməd deputat olub, tanıyıram. Mənim onunla heç bir dostluğum olmayıb. Deyirlər ki, Əhməd Vəliyev mənimlə ailəvi yaxındır. Bunlar hamısı boş söhbətlərdir, yalandır. Əhməd kimdir ki, mənimlə dost olsun?”
Bunu Ramiz Mehdiyev Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyev haqqında deyib.
Mehdiyev yeni bağlanan “Muğanbak”-la əlaqəsinin olub-olmaması barədə jurnalistin sualına cavab verərkən bu cür danışıb. Yəni, Əhməd Vəliyev Ramiz Mehdiyevin dostu ola bilməzdi, çünki onun “çapına” uyğun birisi deyil. Yəqin, Mehdiyevin dostları yalnız ona Rusiyanın “Şərəf” ordenini verən Nikolay Patruşev, yaxud Kremlin digər yüksək rütbəli təmsilçiləri, hətta Putinin özü ola bilərdi. Azərbaycanda hansısa rektor və deputat onlarla müqayisədə kimdir ki? Ümumiyyətlə, görəsən Azərbaycanda Mehdiyevin özünə “bab bildiyi” dostu varmı?
Ancaq deyəsən, Mehdiyev digər “rektor dostu” Elşad Abdullayevlə bağlı əhvalatları, onun deputatlıq macəralarını unudub. Axı, yeri gəlsə, Vəliyevin nəyi Elşad Abdullayevdən əskikdir ki? Sadəcə, Vəliyev deputat ola bilmişdi, Abdullayevdə isə bu, alınmadı.
Görəsən, ümumiyyətlə, belə adamların irəli çəkilməsində, böyük bizneslərə, banklara yiyələnməsində, deputat, rektor olmasında, yüksək elmi dərəcələr almasında və s. Mehdiyevin “xidmətləri” azmı olub? Məhz Mehdiyevin xeyir-duası, razılığı, tapşırığı ilə nə qədər belə depuatatlar, komitə sədrləri, icra başçıları, rəislər və s. “yetişiblər”, məqam, vəzifə, var-dövlət sahiblərinə çevriliblər. Yaxşı, indi bu adamları bəyənməmək, onlara yuxarıdan aşağı baxmaq nədən xəbər verir? Bunlar Mehdiyevin vaxtilə idarə etdiyi sistemin “məhsulları” deyillərmi?
Görünən həm də odur ki, Mehdiyevin vaxtilə ona nüfuz, milyardlarla gəlir, var-dövlət, cah-cəlal gətirmiş vəzifəsi əlindən çıxsa da, yekəxanalıq, ədabazlıq, təkəbbür, özündən başqa heç kimi bəyənməmək kimi xüsusiyyətlər canından çıxmayıb...
Onun məntiqindən belə çıxır ki, özünün Prezident Administrasiyasının rəhbəri kimi adı korrupsiyada, başqa dövlətin maraqlarına xidmət etməkdə, general oğlununsa adı bank, bzines sahibi olmaqda və s. hallanır və bu, ayıb deyil. Amma Əhməd Vəliyevlə dost omaq ayıbdır...
Acınacaqlı olan həm də odur ki, Ə.Vəliyev və bu qəbildən olanlar çətin ki, Mehdiyevə layiq olduğu cavabı verəcək şəxsi keyfiyyətlərə, xüsusiyyətlərə malik olsunlar. Yoxsa, doğrudan da, kimdir ki, Ramiz Mehdiyev?...
C.Məmmədov
“AzPolitika.info”