Tanınmış dramaturq Firuz Mustafa mərhum xalq şairi Bəxtiyar Vahabzadə haqqında maraqlı bir xatirə yazıb.
İfadetv.com xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında qeyd edib. Firuz Mustafanın sözlərinə görə, çoxlarının bildiyi kimi, 1990-cı ilin 20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin AzTV-nin qarşısında üzünə tüpürdüyü general əslində Bakının o zamanki komendantı Dubinyak olmayıb.
“20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin AzTV-nin binası qarşısında üzünə tüpürdüyü general Dubinyak yox, Ovçinnikov idi. Amma bəzi jurnalistlər bir az səhvə yol verirlər. Məsələ burasındadır ki, elə Bəxtiyar müəllim özü də söhbətlərində, habelə, yayımlanan məşhur lentdə Dubinyakın üzünə tüpürdüyünü deyir.
Mən bir dəfə kiçik bir məclisdə bunu Bəxtiyar müəllimin özünə də dedim. O, mən deyəni təsdiq edib bildirdi ki, “nədənsə Ovçinnikovun yox, bu alçaq Dubinyakın adı qalıb yadımda”.
Mən zarafatla dedim: “Bəxtiyar müəllim, görünür bu “Dubinyak” adı “Dubinka” sözünə oxşadığına görə daha yaddaqalandır”. O, gülərək: “Yəqin ki, elədir”-dedi”.
Məşhur teleoperator, polkovnik-leytenant Seyidağa Mövsümlü Bəxtiyar Vahabzadənin rus generalın üzünə tüpürdüyü hadisəni belə xatırlayır:
“Yanvarın 19-da televiziyada növbətçi idim. Bizə demişdilər ki, Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçko və Etibar Məmmədov xalqa məlumat verəcəklər. Saat 8-ə 5 dəqiqə işləmiş dövlət televiziyasının enerji bloku Moskvadan gəlmiş xüsusi təyinatlı “Alfa” qrupu tərəfindən partladıldı. Sovet-rus əsgərləri televiziyanın giriş-çıxış qapılarını tutmuşdular. Partlayışdan bir qədər sonra əraziyə yanğınsöndürən və təcili tibbi yardım maşınları gəldi. Saat 11 radələrində hökumət nümayəndələri Rasim Daşdəmirov, Rafiq Zeynalov və digərləri televiziyaya gəldilər. Elektriklərimiz dedi ki, ehtiyat enerji bloku var, onu işə salıb efirə çıxmaq olar. Maraqlıdır ki, həmin gün televiziya rəhbərlərindən heç kəs qalmamışdı orada…
Artıq gecə saatlarında bizə məlumat gəldi ki, rus əsgərləri camaatı qırır. Vəziyyət pis idi. Dövlət televiziyasının işıq sexinin rəisi Arif Zamanov dedi ki, radio ilə efirə çıxmaq olar. Operator köməkçisi Azər Muradovla efirə çıxdıq. “Mayak” radiosunun dalğasında xəbər yaydıq ki, Bakıda xalqı qırırlar, vəziyyət ağırdır! Hadisə mənə pis təsir etmişdi, qəhərlənmişdim, danışa bilmirdim…
…Bəziləri elə bilir ki, həmin vaxt Mirzə Xəzər məlumat yayırdı. Amma biz idik. Məlumatı verəndən beş dəqiqə sonra əraziyə xeyli silahlı əsgər gətirdilər. Bizi tutdular. Hamımızı yerə uzandırdılar. Sənədlərimizi yoxladılar. Səhərə yaxın Dubinyak (həmin gün Bakı şəhərinin hərbi komendantı təyin edilib – red.) və Bakıya yeridilən “Alfa” qrupunun rəhbəri general Ovçinnikov televiziyaya gəldilər. Onları müşayiət edən kapitan isə erməni idi. Dedilər ki, radio ilə çıxış etməlidilər. Dedim ki, enerji bloku partlayıb, necə çıxış edəcəksən? Erməni qışqırdı ki, “səsini kəs, siz türklərin hamısını qırmaq lazımdır!”. Qalxdılar yuxarı. Həmin gün ilk dəfə Dubinyakın məlumatı oxundu.
Yanvarın 18-dən kameralar olan otaqlar bağlı idi. Televiziyanın proqram direktoru Məmmədəli Zülfüqarov qoymurdu kamera götürməyə. Yalnız ayın 20-də televiziyanın sədr müavini Fuad Tanrıverdiyevin köməkliyi ilə bir kamera ala bildim. Həmin gün xəstəxanaları, küçələri çəkməyə başladım… O zaman kasetlərin çoxunu faciə ilə bağlı film hazırlamaq istəyən kinostudiyanın direktoru Ramiz Fətəliyevə verdim. Komitəyə qayıdanda gördüm ki, millət yığışıb ora. Əksəriyyəti qohum-əqrəbasını axtarırdı. Bir azdan Xalq şairi Bəxtiyar Vahabzadə gəldi ora. O, dedi ki, Ali Sovetin sessiyasını çağırmaq istəyir. Bu zaman general Ovçinnikov və həmin erməni zabiti bizə yaxınlaşdı. Bəxtiyar müəllim soruşdu ki, bu kimdir? Dedim xalqımızın qanını tökənlərdən biridir! Bəxtiyar müəllim qəzəblə Ovçinnikovun üzünə tüpürdü! Rus generalı üzünü silə-silə soruşdu ki, kimdir bu? Rejissor Nazim Abbas dedi ki, Azərbaycanın Xalq şairidir. Ovçinnikov onda dedi ki, “əgər adi bir insan olsaydı, bu dəqiqə burada güllələyərdim!”. Həmin gün Bəxtiyar müəllim radioda çıxış etdi.
Bəxtiyar müəllim radio ilə elan etdi ki, yanvarın 21-i axşam Ali Sovetin fövqəladə sessiyası çağırılır, bütün deputatlar gəlib iştirak etsinlər. Yanvarın 21-i mən Xalq artisti Zeynəb Xanlarovanın verdiyi kamera ilə çəkiliş aparıb, Ali Sovetin sessiyasını, şəhidlərin dəfnini çəkdim…”