Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyev bu gün and içib.
Gununsesi.info bildirir ki, Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir. Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq, Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.
Maraqlıdır, Prezidentin yeni komandasında kimlər təmsil olunacaq? Hazırki kabinet üzvlərindən hansı məmurlar vəzifə təyinatı almayacaq? Yaxud, hansı nazirlər başqa postlara göndəriləcək?
Bu barədə “Gününsəsi.info”ya hökumət kluarlarından maraqlı məlumatlar daxil olub.
Qeyd olunur ki, hazırki Baş nazir Əli Əsədov postu ilə vidalaşır, onun yerinə Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümovun təyin olunacağı real görünür. Bununla belə hazırki Baş nazir müavini Şahin Mustafayevin də adı Prezident tərəfindən Milli Məclisə göndəriləcəyi istisna deyil.
Mənbələr bildirir ki, hazırda “super nazir” adlandırılan Mikayıl Cabbarov iqtisadiyyat naziri postundan gedəcək, onun yerinə Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbəri Mətin Eynullayev təyin oluna bilər. M.Cabbarovun isə vitse-prezident postuna gətiriləcəyi gözlənilir. Hökumət çevrələrində dolaşan başqa xəbərə görə, hazırki maliyyə naziri Samir Şərifov da 20 ilə yaxındır tutduğu postla vidalaşacaq, onun yerinə hazırki Əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin təyin olunması gözlənilir.
Mənbələr bildirir ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da vəzifəsindən ayrılacaq, onun Baş nazirin müavini təyin olunacağı deyilir. Elm və təhsil naziri Emin Əmrullayevin də yeni kabinetdə təmsil olunmayacağı gözlənilir, onu hazırda qurumun aparat rəhbəri vəzifəsini tutan Mətin Kərimlinin (Ali Məhkənin sədri İnam Kərimovun qardaşı) əvəz edəcəyi bildirilir.
Məlumatda o da bildirilir ki, müdafiə naziri postuna mülki şəxs təyin olunacaq, hazırki nazir Zakir Həsənov təqaüdə göndəriləcək. Digər güc strukturlarından Daxili işlər naziri Vilayət Eyvazov və Dövlət təhlükəsizliyi xidmətinin rəisi Əli Nağıyev öz postlarında qalacaq.
Gələn il 70 yaşı olacaq Ədliyyə naziri Fikrət Məmmədov isə vəzifədən gedəcəyi gözlənilir. Onun yerinə Xarici işlər naziri Ceyhun Bayramovun təyin olunacağı barədə iddialar olsa da, mənbələr bunu təsdiqləmir.
Mənbələr bildirir ki, başqa dövlət qurumlarının rəhbərliyində də dəyişikliklərin olunacağı realdır.
Elmar Elnuroğlu