İqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkir. Biz isə tam müstəqil siyasət aparırıq, bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi çəkinmədən ifadə edirik. Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldırıq, ədaləti və qanunun aliliyini təbliğ və müdafiə edirik.
Ifadetv.com xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin bu günlərdə çapdan çıxmış 85-ci kitabında yer alan bu fikirlər Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısının söylədiyi nitqdən götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin yanvar-mart aylarını əhatə edir.
Kitabda Prezident İlham Əliyevin İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlər haqqında informasiyalar, Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında, “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunda söylədiyi nitqlərinin mətnləri yer alıb.
Nəşrə Prezident İlham Əliyevin Azərbaycana səfərə gəlmiş Albaniya Prezidenti ilə görüşünə, habelə Türkiyə, ABŞ, Böyük Britaniya, İtaliya, Niderland, İran, Mərakeş, Yaponiya və digər dövlətlərin, Avropa İttifaqının, Avropa Komissiyasının, ATƏT-in, Dünya Bankının yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair informasiyalar toplanıb.
Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet kimi qaldırılıb.
Çoxcildliyin 85-ci kitabına, həmçinin Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayındakı nitqinin, “Rossiya-24” telekanalının müxbirinə müsahibəsinin mətnləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının iştirakçılarına məktubu və digər məktubları daxil edilib.
Oxucular bu kitabda dövlətimizin başçısının Mingəçevir şəhərinə, Bərdə rayonuna səfərləri haqqında materiallarla da tanış ola bilər.
Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.
“Azərnəşr” tərəfindən buraxılan 85-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.