Noyabrda Vladimir Putin köhnə mövzunu – dünyada rus dilinin statusu – müzakirə etmək üçün nisbətən yeni orqanı Kremlə dəvət edib. Rusiya prezidenti qatı rusofobların, “təcavüzkar millətçilərin”, hətta bəzi dövlətlərin “rus dilinə qarşı apardığı müharibədən” danışmağa başlayıb. O, bu zaman bilavasitə ad çəkməsə də, Ukrayna, Baltikyanı ölkələr və Gürcüstanı nəzərdə tutduğu o dəqiqə hiss olunub. Bu barədə “Süddeutsche Zeitung” qəzetinin müxbirləri Silke Biqalke və Frank Neynhuysen yazır.
Ali Rada Ukrayna dilinin mövqeyini möhkəmlətməyə yönəlmiş dillər haqqında qanun layihəsini qəbul edib. Ukrayna dili ölkənin yeganə dövlət dili olaraq qalır. 2020-ci ilədək məktəbin yuxarı siniflərində Ukrayna dilinin tədrisi məcburi olmalıdır.
Bu yaxınlarda Latviyada keçirilən təhsil islahatı rusdilli əhalinin narazılığına səbəb olub. 2021-ci ildən yuxarı siniflərə dərslər təkcə latış dilində keçiriləcək.
Tiflis də rus təsiri ilə mübarizə aparır. Gürcüstanın paytaxtında yeni rus dili və mədəniyyəti mərkəzi açmağa hazırlaşsalar da, etirazlardan sonra bu ideya təxirə salınıb.
“Şübhəsiz, müəyyən baxımdan bu, alətdir, yumşaq gücdür. Düşünürəm, bu, kifayətdir”, - deyə Putin bildirib.
Nəşrin “Ethologue” saytına istinadən verdiyi məlumata əsasən, təxminən 258 milyona yaxın insan rus dilində danışır. Onlardan 145 milyonu Rusiyada yaşayır. SSRİ dağıldıqdan sonra rus dili ölkənin sərhədlərindən kənarda da qalıb. Özü də təkcə Baltikyanı ölkələrdə, ya da Ukraynada yox. Belə ki, prezident Vladimir Zelenski Ukrayna dilini inkişaf etdirməyin vacib olduğuna əmin olsa da, rus dilini doğma dili hesab edir. Moskva ilə dost münasibətdə olan dövlətlər də linqvistik mənbələrinə geri dönürlər. Azərbaycan, Özbəkistan və Türkmənistan kiril əlifbasını latın əlifbasına dəyişib. Mərkəzi Asiyanın ən böyük ölkəsi Qazaxıstan hazırda keçid prosesindədir. Minskdə mağazalarda Tomas Mann və Patrik Züskindin belarus dilində tərcümə olunmuş kitabları satılmağa başlayıb. Bir neçə il öncə belə bir tendensiya qeyri-mümkün görünürdü. Bununla belə, SSRİ tarixinə görə bütün bu ölkələrdə rus dili hələ də əlverişli vəziyyətdədir.
Məqalədə deyilir ki, ortaq keçmişə görə Latviyadakı rus dili ilə Ukraynadakı rus dili arasında böyük fərq yoxdur. Bədii variantdan kiçik fərqlər qeyd olunur, müzakirə edilir, bəzən siyasiləşdirilir. Məsələn, Moskvanın üstünlük verdiyi “na Ukraine” (Ukraynada – red.) ifadəsinin düzgün olub olmaması ilə bağlı mübahisə aparılır. Kiyev “v Ukraine” formasından istifadə edilməsini tələb edir. Bu ifadələr arasındakı fərq danışan şəxsin Ukrayna-Rusiya münasibətləri ilə bağlı mövqeyindən asılıdır.
Bir neçə gün öncə Rusiyanın “RBC” agentliyi Təhsil Nazirliyinin apardığı araşdırma haqqında məlumat verib. Bildirilib ki, 1990-cı illərin başlanğıcından ikindi dil kimi rus dilini seçən insanların sayı iki dəfə azalıb. Postsovet ölkələrindən kənarda əvvəllər 20 milyon insan rus dilini seçdiyi halda, hazırda bu rəqəm 1 milyona düşüb. Xüsusən, bu, slavyan dillərində danışan Şərqi Avropa və Balkan ölkələrinə aiddir.
Kreml “Rus dünyası fondu” vasitəsilə bu tendensiyanı dayandırmaq istəyir. Lakin bu istəyi hələlik həyata keçirmək mümkün olmayıb. Moldova və Ermənistanda yerli proqramlarla müqayisədə izləyicilərin daha çox diqqətini cəlb edən rusdilli televiziya şouları da trendə təsir göstərə bilmir. Asiya və Şərqi Avropada rus dilində danışanların sayı azalsa da, Münhen və Mayamidə bu dildən istifadə edənlərin sayı getdikcə artır. Bütün bunlara etnik rusların emiqrasiyası səbəb olub. (Tərcümə: Xarici pressa)