Avropa bazarında təbii qazın qiymətinin 2020-ci ilin yaz-yay aylarında kəskin aşağı düşəcəyi proqnozlaşdırılır.
Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Vygon Consulting” şirkətinin analitikləri bildiriblər.
Analitiklərin proqnozlarına görə, həmin dövrdə təbii qazın min kubmetrinn qiyməti 100 dollardan da aşağı düşə bilər. Nəticədə Avropanın qaz bazarında inhisarçı olan “Qazprom” şirkəti məcbur olub öz qazını ziyan hesabına özünə sata bilər.
Şirkətin araşdırmalar üzrə direktoru Mariya Belova qeyd edib ki, qiymətin bu cür kəskin aşağı düşməsinə qışın anomal isti keçməsi səbəb olacaq. Çünki qışın mülayim keçməsinə görə Avropanın qaz anbarlarında rekord həcmdə yanacaq yığılıb. Şirkətlər Ukrayna üzərindən tranzitin dayandırılacağından narahat olaraq böyük ehtiyatlar yaradıblar.
“Qazprom ekspert” şirkətindən təsdiq ediblər ki, qiymətlər doğrudan da əhəmiyyətli ölçülərdə aşağı düşə bilər, artım isə ancaq 2020-ci ilin dördüncü kvartalından başlayacaq.
Analitiklər gözləyirlərki, Avropa bazarında sıxılmış təbii qazın min kubmetrinin qiyməti orta hesabla 143 dollar təşkil edəcək. Və belə vəziyyət Avropa bazarlarına sıxılmış qaz çıxaran Amerika şirkətlərinə sərf etməyəcək, onlar təklifi azaldacaqlar. Amma iki-üç ildən sonra təklif tələbdən az olduğu üçün qiymət yenidən artacaq.
Bu arada Oksford energetika araşdırmaları İnstitutunda istisna etmirlər ki, Avropa bazarlarında qazın qiyməti hansısa məqamda iki dəfə aşağı düşəcək, nəticədə məsələn, Moskva vilayətində sənaye müəssisələrinə satılan qazın qiymətinə bərabər olacaq.
Ekspertlər təsdiq edirlər ki, ABŞ-da yeni sıxılmış qaz layihələrinin həyata keçirilməsi nəticəsində Avropaya əlavə olaraq ildə 25 milyon ton sıxılmış qaz çıxarıla bilər. Nəticədə Avropada qaz satmaq “Qazprom” üçün sərfəli olmazdı. Çünki qiymət Rusiya daxili bazarındakı qiymətdən də aşağı düşəcək. Lakin analitiklər “Qazprom”un bazardakı payını qorumaq üçün istənilən qiymətə qaz satacağını da deyirlər. Əks halda “Qazprom” Polşa və Türkiyədə olduğu kimi bazarı itirə bilər. 2019-cu ildə şirkət bu ölkələrdə qiyməti aşağı salmadığı üçün bazar payını ciddi ölçülərdə itirdi. Məsələn, Türkiyə bazarında “Qazprom”un payı ucuz Azərbaycan qazı hesabına azaldı. Nəticədə “Qazprom” ötən ilin yayında təxminən 1 milyard kubmetr qazı öz törəmə şirkətlərindən birinə satmalı olmuşdu.
Yanvarın 20-də isə xəbər verilib ki, 2019-cu ildə “Qazprom”un Avropa İttifaqı bazarında qaz təchizatı payı 45 faizdən 42.5 faizə düşüb. 2020-ci ilin ilk həftələrində isə şirkətin payı daha 20 faiz azalıb, çünki şirkətlər anbarlarda yığılmış qazı satmağa başlayıblar.
Avropa qaz bazarındakı bu situasiya Azərbaycan üçün də birbaşa əhəmiyyət daşıyır. Çünki 2020-ci ilin yayında Azərbaycanın “Şahdəniz” yatağının qazı Cənub Qaz Dəhlizi ilə ilk dəfə Avropa bazarına daxil olacaq. Bu dəhlizlə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropa bazarına istiqamətlənəcək. Belə çıxır ki, məhz həmin dövrlərdə Avropada qazın qiyməti hətta Azərbaycanın daxili bazar qiymətlərinə yaxın olacaq. Belə ki, hazırda Azərbaycanda güzəştli limit də hesaba alınarsa qazın min kubmetrinin qiyməti əhali üçün 150-170 manata yaxındır.