Rusiya Xəzər dənizində hərbi təlimlərə başlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi təlimlərə 6 gəmi, 7 təyyarə və 400-dən çox hərbi qulluqçu cəlb olunub. Qeyd olunub ki, hərbi təlimlər Xəzər dənizinin mərkəzi hissəsində, Abşeron yarımadasının şimalında keçirilir.
İndiki məqamda Rusiyanın Xəzər dənizində hərbi təlimlərə başlaması müxtəlif suallar doğurur. Maraqlıdır, hərbi təlimlərin keçirilməsi vaxtı əvvəlcədən müəyyən olunub, yoxsa bu, Azərbayana bir əzələ nümayişidir?
Sualımızı cavablandıran politoloq Məhəmməd Əsədullazadə “Sherg.az”a bildirib ki, Rusiyanın Xəzər dənizində keçirdiyi hərbi təlimlər ənənəvidir. Analitikin qənaətincə bu təlimlərin Azərbaycana qarşı hər hansı bir mesajı ola bilər:
“Amma təlimlər həlledici deyil. Ümumiyyətlə, Rusiya Azərbaycanla əlaqələrin korlanmasında maraqlı deyil.
Rusiya prezidenti Vladimir Putin də Qarabağda hərbi əməliyyatların Azərbaycanın daxilində olduğunu qeyd etmişdi. Hesab edirəm ki, Xəzərdə Rusiyanın Azərbaycana qarşı problem yaradacağı real görünmür.
Çünki geosiyasi bir nizamda Azərbaycan tək deyil. Türkiyə Azərbaycanı dəstəkləyir. Azərbaycan Qarabağda uğurlu hərbi əməliyyatlarını davam etdirəcək.
Bu kimi ssenarilər Azərbaycanın beynəlxalq hüquqa uyğun hərbi əməliyyatlarına mane ola bilməyəcək. Rusiyanın Xəzərdə bu təlimləri ənənəvidir və Azərbaycana qarşı təhdid ola bilməz”.
P.S. Xat;rladaq ki, Rusiya son zamanlar da planda olmayan belə təlimləri keçirmiş və öz hərbi gəmilərilə qəfil olaraq 2014-cü ilin avqustunda və bu ilin ortalarında Bakı buxtasına xəbər vermədən soxulmuşdur. Bu ölkənin sağı-solu bəlli olmadığı kimi, niyyəti də məlum deyil. Amma 1920-ci ilin aprelin 28-ni yada salmaq və düşünmək pis olmazdı.
