Bu gün Bakının Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları 100-ə yaxın vətəndaşı karantin qaydasını pozmaq adı ilə şöbəyə gətirib.
Bu barədə Gununsesi.info-nu saxlanılan şəxslər məlumatlandırıb. İddiaya görə, onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsini ( Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozullması) pozmaqda günahlandırılıb.
Maraqlıdır ki, bu pozuntuya görə vətəndaşlar nədənsə yerində cərimələnməyib. Onları kütləvi şəkildə polisə gətiriliblər. Müvəqqəti saxlama otağında sıx şəkildə və dəhlizlərdə yerləşdirilən vətəndaşları saatlarla orada saxlayırlar.
Saytımıza müraciət edən vətəndaşlar bildirir ki, cəriməni hazırda ödəmək üçün vəsaitləri olmasa da polis onları sərbəst buraxmır: “Tələb olunur ki, yaxınlarınıza zəng edin, gəlib ödəsinlər. Çoxumuzun evində də imkan yoxdur. Bunu anlatmağa çalışsaq da inadkarlıq edirlər. Cərimənin ödnmə müddəti var. Amma bunlar vətəndaşın əlindən telefonu alır ki, get, pulu gətir və sonra telefonu götürüb gedərsən”.
İddialara görə polisin şöbəyə gətirdiyi vətəndaşlar arasında azyaşlılar da olub.
Xətai RPİ-nin 35-ci Polis Bölməsindən isə bu iddianı təkzib ediblər. Növbətçi hissənin əməkdaşı bildirib ki, bölməyə gətirilən şəxslərin sayı barədə deyilənlər şişirdilib və cərimənin dərhal ödənməsi barədə tələb də edilməyib.
Gununsesi.info
