“Komitəyə gətirilən sonuncu sədrin fəaliyyətində ilk vaxtlar müəyyən qədər müsbət çalarlar diqqəti cəlb etsə də, sonradan hər şey köhnə hamam, köhnə tas səviyyəsinə düşüb”
“Nə qədər gec deyil gömrük orqanlarının özbaşınalığına son qoyulmalı, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasının qarşısı alınmalıdır”
“İdxal malları 22,7 faiz bahalaşıb. Bazarların “od tutub yanmasının” əsas səbəblərindən biri də budur. Bu bahalaşmanın yaratdığı əlavə xərclər prezident sərəncamları ilə həyata keçirilən əmək haqqı, pensiya və sosial müavinət artırımlarını 1,4 milyard manat üstələyib”. Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Nemət Əliyev deyib.
Ekspert hesab edir ki, Dövlət Gömrük Komitəsini tam tərkibdə buraxmaq və yenidən təşkil etmək lazımdır: “Yeni formalaşacaq tərkibə hazırkı heyətdən bir nəfəri də yaxın buraxmaq olmaz. Burada normal düzən yaratmağın alternativ yolları haqqında düşünmək sadəlövhlükdən başqa bir şey deyil. Dövlət Gömrük Komitəsinə gətirilən sonuncu sədrin fəaliyyətində ilk vaxtlar müəyyən qədər müsbət çalarlar diqqəti cəlb etsə də, sonradan hər şey köhnə hamam, köhnə tas səviyyəsinə düşüb. Azərbaycana idxal olunan malların yüksək səviyyədə bahalaşması malların gətirildiyi xarici ölkələrdəki qiymət səviyyəsinin dəyişməsi ilə qəti şəkildə əlaqəli deyil. Bunun əsas səbəbini Dövlət Gömrük Komitəsində axtarmaq lazımdır. Rusiya və Qazaxıstan da neft-qaz ölkəsidir. Bu ölkələr də Azərbaycan kimi əsasən qeyri neft-qaz malları idxal etməklə məşğuldur. Amma Qazaxıstanın idxal etdiyi mallar 2020-ci ildə vur-tut 4,1 faiz bahalaşıb. Rusiya Federal Gömrük Xidmətindən verilən məlumata görə, bu ölkənin idxal etdiyi malların orta qiyməti ötən il ərzində nəinki bahalaşmayıb, əksinə 3 faiz ətrafında ucuzlaşıb”.
Nemət Əliyevin sözlərinə görə, Azərbaycanın dövlət gömrük sərhədində qiymətlərin başına hansı oyunların gətirilməsini üzə çıxarmaq baxımından Belarus nümunəsi də ibrətamizdir: “Bu ölkədə idxal olunan malların orta qiyməti ötən il 8,7 faiz ucuzlaşıb. İqtisadi potensialına görə Azərbaycandan çox-çox zəif olan Ermənistanda orta qiymət vur-tut 0,3 faiz bahalaşıb. Qonşu Gürcüstanda isə bu göstərici cəmi 6 faiz artıb. Azərbaycanda isə idxal olunan mallar 22,7 faiz bahalaşıb. Azərbaycan idxalının kəskin bahalaşmasının Dövlət Gömrük Komitəsi ilə əlaqədar olması qənaətinə gəlmək üçün bu məlumatlar və müqayisələr kifayət qədər yetərlidir. Çünki oxşar və ya eyni iqtisadi coğrafiyadan alış-veriş həyata keçirən ölkələrin alış qiymətləri arasında bu dərəcədə fərq ola bilməz, mümkün deyil. Dövlət Gömrük Komitəsində nələrin baş verməsini anlamaq üçün dövlət başçısının ətrafında özünə yer etmiş iqtisadçılar, hüquqşünaslar ilk növbədə yuxarıdakı tapmacaların cavablarını tapmalıdırlar. Bu tapmacalar yalnız idxal sahibkarlığına deyil, yalnız yerli istehsala deyil, həm də əhalinin sosial vəziyyətinə ağırlaşdırıcı təsir göstərir. Bu gün bazarların “od tutub yanmasının” əsas səbəblərindən biridir idxaldakı bu bahalaşma. Əgər ötən il idxalın həcminin 10,73 milyard dollar həcmində olmasını nəzərə alıb hesablasaq, məlum olur ki, bu məbləğin 2 milyard dolları bahalaşma hesabına yaranıb (10,73-10,73:(100+22,7)/100≈2,0) Deməli, ölkə daxilində yalnız idxal mallarının satınalınmasına çəkilən xərclər bahalaşma səbəbindən 3,4 milyard manat artıb”.
Ekspert bildirib ki, Maliyyə Nazirliyinin açıqladığı rəsmi məlumata görə, 2020-ci ildə əmək haqqı, pensiya və sosial müavinətlərin artımına dövlət büdcəsindən 2,040 milyard manat vəsait yönəldilib: “Gəlirlərin 2 milyard, xərclərin isə 3,4 milyard manat artması şəraitində həyat səviyyəsinin yaxşılaşması haqqında danışmaq birmənalı şəkildə absurddur. Gömrük sərhədində idxal mallarının kəskin dərəcədə bahalaşdırılması dövlət sosial müdafiə tədbirlərinin əhəmiyyətini heçə endirir. Bu yolla sosial həyatı heç zaman yaxşılaşdırmaq mümkün deyil. Belə vəziyyətdə həyat səviyyəsi ancaq pisləşə bilər. Əgər buraya yerli malların bahalaşmasının təsirini də əlavə etsək, ölkəmizdə həyat səviyyəsinin ağırlıq dərəcəsini tam şəkildə təsəvvür etmək olar. Odur ki, nə qədər gec deyil gömrük orqanlarının özbaşınalığına son qoyulmalı, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasının qarşısı alınmalı və idxal mallarının gömrük dəyərinin müəyyən edilməsinin qanunların tələblərinə uyğunlaşdırılması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir”.
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.az
