Xatırladaq ki, son aylar ölkədə tenderlərlə bağlı problemlərin olduğu dövlət rəsmiləri tərəfindən də qeyd edilir.
O da bir çoxlarımıza məlumdur ki, müxtəlif sahələrdə, xüsusilə də infrastruktur layihələrində tenderin qalibləri əvvəlcədən müəyyənləşdirilmiş olur. Cari ilin ortalarında ölkə başçısı İlham Əliyev tenderlərlə bağlı problemə toxunaraq bildirib ki, həbs edilmiş icra başçıları( təkcə Cəlilabad, Şəmkir rayonlarından söhbət getmir) digər rayonlarda da tender prosedurlarını kobudcasına pozurdular:
“Dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır".
Elə dövlət başçısının bu sahədə çatışmazlıqlarla bağlı məlum çıxışından sonra hökümətin də (Nazirlər Kabinetinin) son iclasında da dövlət satınalmalarının şəffaflığı və effektivliyinin təmin edilməsi istiqamətində işlərin davam etdiriləcəyi, şişirdilmiş qiymətlərlə satınalmaların qarşısının qətiyyətlə alınması məqsədilə müvafiq addımların atılacağı qeyd edilib. Tenderlər zamanı müqavilələrin eyni bir mənbə ilə bağlanması hallarının tez-tez baş verdiyi vurğulanaraq bunun qəbuledilməz olduğu bildirilib.
Tenderlərlə bağlı mövcud vəziyyət artıq dövlət rəsmiləri tərəfindən qeyd edilirsə, demək, bu problem həqiqətən də mövcuddur və çox ciddidir.
Postmüharibə və indiki pandemiya dövründə tenderlə bağlı hazırkı vəziyyəti, yəni “ünvanlı qalib” problemini necə həll etmək olar?
Bu barədə demək olar ki, bütün iqtisadçı-ekspertlərin fikirləri eynidir. Onlar bildirirlər ki, dövlət şirkətlərinin keçirdiyi tenderlərin hamısı formal xarakter daşıyır:
“Tenderlərin formal xarakter daşımasının da səbəbi ondan ibarətdir ki, büdcədən vəsait dövlət şirkətlərinə ayrılır və buna nəzarət mexanizmi olmur. Bu mexanizm olsa belə, məsələyə nəzarət etmək çox çətindir. İstənilən dövlət şirkətinin keçirdiyi tender araşdırılsa, həmin layihələri udan şirkətlər ya tender elan edən şirkətin rəhbərinin öz şirkətidir, ya da ona yaxın adamların şirkətləridir. Nə qədər ki, dövlət şirkətləri qalacaq, bu sistemi dəyişmək mümkün deyil. Bunun yeganə yolu həmin şirkətləri özəlləşdirməkdir.
Özəl şirkət artıq tenderlərə başqa gözlə baxır, inkişaf perspektivlərini nəzərə alır. Azərbaycanda isə bu sahə sadəcə görüntü xarakteri daşıyır. Məsələn, bir körpü salınmalı, yol tikilməlidirsə, hamı istəyir ki, daha az vəsait xərcləyib görüntü xarakterli nə isə yaratsın. Bundan o tərəfə getmək stimulu yoxdur. Ona görə ki, həmin əmlakı şirkət rəhbəri özününkü saymır. İndi hamı əmlakı dövlətin əmlakı sayır və ondan oğurlamağı qənimət hesab edir. Heç kəs düşünmür ki, bu yararsız olacaq. Bu barədə yanaşmanı dəyişmək üçün yalnız özəlləşdirmə lazımdır”.
Ekspertlər onu da xüsusilə vurğulayırlar ki, dövlətin monopoliyasında heç bir istehsal, xidmət sahəsi qalmamalıdır:
“Bəzən belə hallar müşahidə edilir ki, xidmət alan şirkət işini yarıda dayandırır və onu azad edir ki, mən yenidən tender keçirirəm, başqa bir şirkətlə əvəz edirəm. Azərbaycanda belə bir vəziyyət müşahidə edilibmi ki, işin keyfiyyəti ilə bağlı yarıda dayandırsın və xidmətin keyfiyyətsiz olduğunu bildirsinlər. Ölkədə belə bir hal müşahidə edilməyib. ”.
Bu gün Azərbaycanda belə bir halın müşahidə olunmadığını deyən ekspertin fikrincə, səbəb odur ki, həmin şirkətlərin hamısı dövlətindir, tenderləri də formal keçirirlər:
“Layihəni hansısa işin səmərəliliyini artırmaq üçün həyata keçirmirlər. Sadəcə layihələri yalnız büdcədən pul mənimsəmək, pul oğurlamaq üçün həyata keçirirlər".
Bəli, ekspertlərin də gəldiyi nəticələrdən görünür ki, ölkədə tenderlərlə bağlı problemlər o vaxta qədər davam edəcək ki, əksəriyyət dövlət müəssisələri özəlləşdirilsin. Digər tərəfdən istənilən tender qaliblərinin tender şərtlərində tələb olunduğu kimi, texniki və maliyyə imkanlarının nəzərə alınması, görüləcək iş və ya xidmətlərin keyfiyyət və qənaətcilliyi İqtisadiyyat Nazirliyi nəzdində yaradılacaq xüsusi komissiyalar vasitəsilə ciddi araşdırmalardan sonra tərəflər arasında bağlanmış müqavilənin icrasına rəy verilə bilər. Bəli, bu gününmüzün prioritet mövzularından biri olan tender probleminin reallıqda həll edilməsi üçün Nazirlər Kabineti səviyyəsində də nəzarət mexanizmi yaradılması zəruriyyəti yaranmışdır. Bir mətbu orqan olaraq bir daha hesab edirik ki, ekspertlərin fikirləri nəzərə alınaraq bu istiqamətdə vaxt itirmədən tenderlərə nəzarət üzrə məsələn, AQTA səviyyəsində bir yeni dövlət qurumunun yaradılmasına da ehtiyac vardır. Güman edirik ki, ekspert rəyləri əsasında ölkədə tenderlərlə bağlı problemlərin müsbət həll edilməsi üçün İqtisadiyyat Nazirliyi səviyyəsində yaxın zamanlarda lazımi işlər görüləcəkdir
İFADETV.COM-un araşdırma qrupu
