Prezident İlham Əliyev jurnalistlərlə görüşü zamanı bir çox məlumatları mətbuatdan öyrəndiyini deyib. O, daha sonra deyib ki, dövlət məmurları bilməlidirlər ki, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir. moderator.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib ki, ölkə başçısının ətrafında olan bəzi məmurlar ona ünvanlanan məktubları gizlədirlər. Əgər o məktublar da Prezidentdə çatdırılsa, çox şeydən xəbərdar olar:
“Prezidentin ətrafındakı adamlar xalqın ona yazdığı məktubları, jurnalistlərin materiallarını ondan gizlətməsələr, daha çox şeydən xəbərdar olar. Mən dəfələrlə məmurlarla bağlı məsələlərə toxunmuşam. Möhtərəm Prezidentimiz böyük şəxsiyyətdir, Azərbaycan xalqının çox sevdiyi bir insandır. Xalqına qələbəni bəxş edən nəhəng bir liderdir. Amma təəssüflər olsun ki, hələ də ətrafındakı bəzi adamlar ölkə başçısının üvanına göndərilən şikayətləri, həqiqət dolu məktubları ondan gizlədirlər”.
