Qazaxıstandakı son hadisələr bir sıra mətləblərə aydınlıq gətirmək zərurəti yaradıb. Son 30 ildə bu ölkə Mərkəzi Asiyanın iqtisadi, sosial və mədəni sahələr üzrə sürətlə inkişaf edən ölkəsidir. Qazaxıstan MDB məkanında Rusiyadan sonra ixracata görə ikinci yeri tutur. Ölkə paytaxtının yerinin dəyişdirilməsi, yeni iş yerlərinin açılması, türk və müsəlman dünyası ilə əlaqələrin inkişaf etdirilməsi və genişlənməsi, habelə Qərb bloku, eləcə də Avropa İttifaqı ilə əməkdaşlığın artırılması kimi hallar bunu təsdiqləyir. Heç, təsadüfi deyil ki, bütün bunlar Rusiya kimi nəhəngin diqqətini çəkir və ölkədə baş verən proseslərdən necəsə yararlanmağa çalışır… DİA.AZ xəbər verir ki, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Qazaxıstadakı hadisələrdə Rusiyanın necə rol oynadığı barədə Modern.az-a danışıb.
Politoloqun sözlərinə görə, Rusiya Qazaxıstanda öz istəklərinə nail ola bilməyib:
“Qazaxların vahid milli maraqlar ətrafında birləşməsi prosesi gücləndirib. Nazarbayevin dövründə xalq Rusiya ilə münasibətlərin qorunmasına səy göstərirdi, indi inanmıram ki, bu hal yaşansın. Ölkəyə Tokayevin simasında sülhməramlı qüvvələrin gətirilməsi çox böyük yanlışlıq idi. Ölkə üçün utancveririci hal sayıla bilər”.
Q.Hüseynli deyib ki, əslində Qazaxıstanda ayağa qalxan xalqı gülləbaran edən qüvvələr Rusiyanın xüsusi qoşun növləri olub:
“İndi həlak olanlarının sayını çox az göstərirlər. Bəzi mənbələrdə ölənlərin minlərlə olduğunu qeyd olunur. Onların hamısı Rusiya qüvvələri tərəfindən xəbərdarlıq edilmədən açılan atəş nəticəsində həlak olub. Bu kimi halların yaşanması da qazax xalqı tərəfindən narazılıqlara səbəb olub. Elə Tokayevin qoşunların tez çıxarılması ilə bağlı əmri də xalqın etirazı ilə olub.
Hazırda Qazaxıstanda anti-Rusiya və anti-Tokayev əhvalı var. Bu əhval o qədər dərinə işləyib ki, gələcəkdə mütləq fəsadları olacaq. Yanlışlığı birinci edən Tokayev olub. İndi baş verənlər 1996-cı ildə Almatıda Sovet İttifaqının “Alfa” qrupu tərəfindən dağıdılan, gülləbaran edilən Qazaxıstan hadisələrindən sonra rusların əli ilə görülmüş ikinci işdir. Bu qazax xalqının yaddaşına dərindən həkk olunub. Bu da qazaxları yeni formada davranmağa vadar edəcək”.
