Xəbər verildiyi kimi Sumqayıtda bir ailənin ölümü ilə nəticələnən nəqliyyat hadisəsinin baş verdiyi Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində yoldakı çökəkliklərə tezbazar asfalt döşənməyə başlanmışdır.
Baş vermiş qəza ilə bağlı ötən gün yayılan görüntülərdə “Mercedes-Benz” markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə yol kənarında dəmir maneəyə çırpılıb, daha sonra körpüdən aşmışdı. Qəzaya sürət həddinin aşılması ilə yanaşı, nahamar asfalt örtüyü də səbəb olub.
Görünən odur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) mövcud yolda təmir işlərinin aparılması üçün məhz bu cür dəhşətli bir qəzanın baş verməsini gözləyib. Düzü buna təmir işləri demək də düzgün olmaz. Qurumun əməkdaşları yolun sırf çökən hissələrinə yeni asfalt örtüyü çəkirlər. Yəni, yamaq vurmaqla məşğuldurlar.Bu isə yolun yenidən çökməyəcəyinə heç də zəmanət vermir. Və hətta növbəti faciələrə səbəb də ola bilər.
Qeyd edək ki, qəza nəticəsində sürücü, 1985-ci təvəllüdlü Seymur Əliyev və sərnişinləri - həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və övladı 2021-ci il təvəllüdlü Əliyev Həmzə Seymur oğlu ölüblər. Qanunvericilik isə deyir ki, bir ailənin üç üzvünün faciəsinə səbəb olmuş və keyfiyyətsiz yol tikintisi aparan AAYDA həlak olanların hüquqi varisləri tərəfindən məhkəməyə veriləvə təzminat və yol tikintisini aparanlara qarşı cinayət davası açıla bilər.
İfadetv.com
