Prezidentin keçmiş köməkçisi Əli Həsənovun dış görünüşdən yazıq yetkisi bağışlaması hər zaman bu məmur haqqında pis fikrə düşməyə hasar olub. KİV-i də əlində oyuncaq etdiyindən, haqqında obyektiv qələm yiyələrinin bilgilərini ala bilməmişik. İndi ictimai-siyasi, media sahəsini ailə biznesinə çevirən, informasiya siyasətini dezinformasiya yardımçılığı ilə əvəzləyən Əli Həsənovun “saman altdan su yeridən üzü” Prezidentin sərəncamları ilə “saman altdan çıxmağa başlayır”. Nuşirəvan Məhərrəmlinin Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri görəvindən alınması da bir çox qaranlıqlara işıq tutdu və bəlli oldu ki, Şura üzvü əvvəllər “Jek” müdiri olan Məmməd Cəfərov prezidentin keçmiş köməkçisinin dayısı oğludur. Burda təəccüblü nəsə olmadığını, hətta həyat yoldaşının da 7 il şuranın sədr müavini olmasını qabardanlara demək istədiyim, necə deyərlər, qeyri-media “biznesi” barədədir.
Azərbaycan vətəndaşları məmurların əmlak siyahılarını dışarıdan – jurnalist Cavanşir Həsənlinin araçılığı ilə almağa öyrəncəlidirlər. Bu vərdişi pozub, Əli Həsənovun dayısı oğlunun adına olan “40 pillə” kafesi haqqında bilgini paylaşıra: Məmməd Hüseyn oğlu Cəfərovun adı Bakı şəhərinin və rayonlarının təsərrüfat idarələrinə yaxşı məlumdur. Özü də təkcə ona görə yox ki, özü də “Jek”dən gəlib, həm də ona görə ki, “prestijni” rayonlardakı “prestijni” zibilxanaları öz adına sənədləşdirib, prezident köməkçisinə “əmlak xidməti” göstərib. Səbail rayonu, 40 pilləkən kompleksinin başındakı zibilxana da 2 ilə yaxındır “40 pillə” kafesi kimi vergi uçotuna dayanılmadan Prezident yardımçısının qulluğundadır. Həmin zibilxananı dövlətin və onun başçısının sosial-iqtisadi siyasətinə uyğun olaraq əldə etmək istəyən Qarabağ əlillərini 10 il məhkəmələrdə, hüquq mühafizə orqanlarının qapılarında süründürən “sosial dövlət”in məmurları saxta qeydiyyatla “Alyans-F” MMC-yə məxsus olduğunu iddia etdikləri zibilxananı bir günün içində Cəfərov Məmməd Hüseyn oğlunun özəlləşdirdiyini bildiriblər. Hətta 7 il qabaq Səbail RİH-in hüquq şöbəsinin müdiri Hafiz Aberkarov məhkəməyə saxta çıxarış təqdim etməsini Bakı Apellyasiya Məhkəməsinə (sədrlik edən Mədinə Bağırova) “zibilxananın “prestiji”nə Qarabağ əlillərinin xələl gətirəcəyi “ kimi izah edib. Səbail prokurorluğu isə pıçıltı ilə Əli Həsənovun “zibilinə düşdüyünü” bildirib, zibilxananın saxta sənədlərlə ələ keçirilməsinə hüquqi qiymət verilməsindən imtina edib. Zibilxana “40 pillə” kafesi kimi Prezident köməkçisinin xidmətində olanda isə keçmiş Vergilər Nazirliyinin müavini İlkin Vəliyev kafenin vergi uçotuna dayanılmadan fəaliyyəti haqqında şikayətimizi “vergi-kommersiya sirri” adı ilə cavablandırmaqdan imtina edib. Heç demə, bu gerçəkdə “dövlət (məmurunun) sirri” imiş! (?) İndi açılır yavaş-yavaş. Sirrin biri də budur ki, Əli Həsənov hətta keçmiş prezident köməkçisinin, hazırkı baş nazirin adından da ad-soyadlarının “qulaq qafiyəsi” kimi eyni səsləndiyindən yararlanaraq “zibilxana biznesi”ni başqa ada yönləndirə bilib. Sözügedən əmlak dələduzluğu ilə bağlı yəqin ki, dayı-bibioğlu məmurlar məhkəməyə çəkiləcək.
Paradoksa baxın, Prezident məmurun xalqa xidmət etməli olduğunu hər addımda vurğulayıb özünün də xalqın 1 saylı xidmətçisi olduğunu açıqlayır , bir addımlığındakı köməkçisi isə Prezidentə və onun sosial-iqtisadi siyasətinə “badalaq atır”. Bunun xəyanətdən özgə hansı adı var?
Məğrur BƏDƏLSOY