“Azərkosmos” dövlət üçün yükə çevrilir- XƏRCLƏR GƏLİRLƏRİ BİR NEÇƏ DƏFƏ ÜSTƏLƏYİB (TƏHLİL)
Azərbaycan kosmosa 3-cü peykini buraxmağa hazırlaşır. “Azerspace-1”, “AzerSky”dan sonra “Azerspace-2” peykinin bu ilin aprel ayında orbitə çıxarılması nəzərdə tutulur. “Azərkosmos”un məlumatına görə, dünyanın 20-dən çox ölkəsində sabit müştəri bazasına malik olan “Azerspace-1” peyki üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə, 100-ə yaxın televiziya və radio kanalı yayımlanır.
Bəs, ölkəmiz peykindən nə qədər qazanır?
“İxrac” jurnalının məlumatına görə, “Azərkosmos” kommersiya fəaliyyətinə başladığı dövrdən ötən müddət ərzində peyklərin istismarından 90 milyon ABŞ dolları həcmində gəlir əldə edib. 2017-ci ilə olan məlumata görə, peyk telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 14 milyon ABŞ dolları, optik peyk xidmətlərinin (Azersky) ixracından isə 9 milyon ABŞ dolları gəlir əldə edib. Ümumilikdə “Azərkosmos” ASC tərəfindən 2017-ci ildə 23 milyon ABŞ dolları dəyərində xidmət ixracı həyata keçirilib. “Azərkosmos” ASC-nin xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Çin, Gürcüstan, Rusiya və digərləridir.
Qeyd edək ki, “Azərkosmos”un xərclərinə baxdıqda gəlirlərini bir neçə dəfə üstələdiyini deyə bilərik. Məlumdur ki “Azərkosmos” “Azerspace-1” peykinin orbitə çıxarılması üçün həm kreditlər, həm dövlət büdcəsindən vəsait ayrılıb. Burada təqribən, ümumilikdə, 250 milyon dollarlıq vəsaitdən söhbət gedir. Onun 15 faizi, yəni 35 milyon dolları dövlət büdcəsi hesabına ödənilib. Qalan hissəsi Fransanın “COFACE” İxrac Kredit Agentliyindən 98 milyon ABŞ dolları və BNP Paribas Bankından 116.6 milyon ABŞ dolları məbləğində imzalana kredit sazişi hesabına maliyyələşib. Hesablama Palatasının rəyindən məlum olur ki, imzalanan kredit sazişlərinin 103 milyon manatı artıq istifadə edilib.
Bundan əlavə, 2018-ci ilin dövlət büdcəsindən 3 istiqamətdə vəsait ayrılması nəzərdə tutulur:
– Birincisi, “Azərkosmos” ASC-yə “Rabitə” köməkçi bölməsində 55 mln. manat,
– Başqa bir mənbədən isə 3.6 milyon manat ayılması nəzərdə tutulub.
– Üçüncü istiqamət isə
Prezidentin ehtiyat Fondundan “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Milli Televiziya və Radio Şurasına 3 milyon manatın ayrılmasıdır.
Beləliklə, cari ildə peyklərin saxlanması xərcləri dövlət büdcəsinə ümumi 61.6 milyon manata başa gələcək. İllik gəliri 15-20 milyon manat olan peyklər, nəinki, kreditləri ödəmək qabiliyyətinə malikdir, hətta dövlət büdcəsindən asılı bir vəziyyətdədir. Hesablama Palatası 2018-ci il dövlət büdcəsinə dair rəyində də bunu görmək olur: “Son illərin təcrübəsinə əsaslansaq qeyd qeyd etmək olar ki, dövlət zəmanətilə təmin edilmiş və bir sıra dövlət təşkilatlarına (“Baku Bus” MMC, “Azərkosmos” ASC, “Azərsu” ASC, “Azərenerji” ASC və sair) ötürülmüş kredit vəsaitlərinin əksər hissəsi büdcə vəsaiti hesabına qaytarılır ki, bu da gələcəkdə dövlət büdcəsi üçün ağır yükə çevrilir”.
Həmçinin qeyd edilir: “2018-ci ilin dövlət büdcəsinin layihəsində əvvəlki illərdən fərqli olaraq “Azərkosmos” ASC-yə “Rabitə” köməkçi bölməsində 55 milyon manat vəsait proqnozlaşdırılıb. “Azərkosmos” ASC-dən alınan məlumata görə, “Azərspace” və “Azərsky” peyk layihələrinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti ilə alınmış xarici kredit borclarının ümumi məbləği (faizlərlə birlikdə) 102,9 milyon manat təşkil edir. ASC-nin 2018-ci ildə əldə edəcəyi gəlirlərinin borcun bağlanmasına kifayət etməməsi səbəbindən dövlət büdcəsindən bu məqsədlə vəsait nəzərdə tutulub. Bu vəsait qeyd edilən kredit borclarının qaytarılması üçün nəzərdə tutulsa da, iqtisadi təsnifatın “Maddi istehsal ehtiyatları” köməkçi bölməsində göstərilib”.
Multimedia Mərkəzinin direktori Osman Gündüz “Gununsesi.info”ya açıqlamasında bildirdi ki, “Azerspace-1” peykinin ömrünün başa çatmasına artıq 10 il qalıb. Deməli qarşıdakı bu müddətdə “Azərkosmos” ən azı 200 milyon dollar qazanmalıdır ki xərclərini ödəyə bilsin.
Əgər 5 ildə 90 milyon vəsait qazanılıbsa, görəsən, qarşıdakı 10 ildə 200 milyon qazanmaq nə dərəcədə realdır?
Osman Gündüz deyir ki, “Azərkosmos” rəsmiləri peykin bütün istismarı müddətində 500-600 milyon dollar qazanacağını düşünürlər: “Görünən budur ki, “Azərkosmos” elə kosmik sürətlə də işləməlidir ki, xərcləri tam çıxarıb gəlir götürə bilsinlər. Hələlik, gəlirlər onu göstərir ki, ömrü qısa olan peyk üçün xərcləri çıxarmaq və əlavə mənfəət əldə etmək çətin olacaq. Hər bir peykin bəlli bir ömrü var. Ömrü bitəndən sonra qəzaya uğrayır və səmada dəmir parçasına çevrilir. “Azərkosmos” 10 ildə yeni müştəri tapmalı, elə xidmətlər təqdim etməlidir ki, xərclərini çıxara bilsin. İndi ikinci telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı işlər aparılır. İkinciyə olan tələbat birincidən doğur. Müştəri peyk xidmətləri axtaranda ilk növbətə onun dayanıqlığına diqqət yetirir. Yəni birinci peykin vaxtı bitərsə, ardının olub-olmamağı maraqlandırır, çünki xidmət dayanıqlı olmalıdır. Ona görə də, “Azerspace-2” üçün də böyük xərclərin çəkilməsi qaçılmazdır. Eyni zamanda güclü rəqabət olan bu bazarda yeni müştərilər tapmaq problemdir. Peyk bazarında ciddi rəqabət olduğuna görə, sanballı müştərilər tapmaq asan deyil. Ümid edirəm ki, bizimkilər keyfiyyətli, daha çeşidli xidmətlər göstərib, yaxşı müştərilər tapa biləcəklər”.
Görəsən, beynəlxaq təcrübədə peyk sahibləri qazanc əldə edə bilirlərmi?
Hazırda Yer orbitində 1071 əməliyyat peyki işlək vəziyyətdədir. Burada ən böyük pay -50 faiz ABŞ-a məxsusdur. Amerikanın orbitdə 446 peyki var. İkinci yerdə Rusiyadır. İlk peykini 1957-ci ildə buraxan Rusiya indiyədək orbitə 1454 peyk buraxıb ki, hazırda onun yalnız 146-si səmada işlək vəziyyətdədir. Ən maraqlısı isə odur ki, ABŞ öz peykini Rusiyadan 1 il sonra buraxsa da, indiyədək səmadakı əməliyyat cismlərinin sayı Rusiyada az olub-1113 peyk. Görünən odur ki, ABŞ peykləri bazara daha uzun ömürlü məhsul buraxmağı bacarır.
Rusiyada təhlilçilərin apardıqları araşdırmalarda Moskvanın bu bazarda mənfəətsiz işləməsindən çox danışılır. Hətta RBC xəbər verir ki, dövlət büdcəsinə “Roskosmos”un 47 milyard rubl (846 milyon dollar) debutor borcu yaranıb.
2017-ci ildə Rusiyanın federal büdcəsindən “Rusiyanın kosmik fəaliyyətinə” dair Proqramının maliyyələşdirilməsinə 173.2 milyard rubl (3.1 milyard dollar) ayrılması proqnozlaşdırılırdı. Onun
– 92.4 milyard rublu (1.6 milyard dolları) Federal Kosmik Proqrama
– 38.2 milyard rublu (687 milyon dolları) “QLONOSS”a
– 21 milyard rublu (378 milyon dolları)- “2017-2025 ci illərdə kosmodramların inkişaf etdirilməsi” Proqramı çərçivəsində ehtiyat vəsait olaraq ayrılıb.
“Roskosmos” tərəfindən 2017-c ilin büdcəsində 52.3 milyard rubl gəlir planlaşdırılsa da, 2017-ci ilin 9 ayının nəticələrində bu rəqəm 7.7 milyard rubl olub. Göründüyü kimi, qonşu Rusiya ABŞ-la girmək üçün bu sekora mənfəət güdmədəm milyardlıq yatırımlar qoyur.
Belə olan halda zərərlə işləyən bu sektorda dövlətlərin marağı nədir?
Osman Gündüz deyir ki, peyk bir dövlətin gücünü göstərən amildir: “Bu, həm də dövlətin nə dərəcədə oturuşmuş, inkişaf etmiş olduğunu göstərir. Az sayda ölkələr var ki, onların peyki mövcuddur. Onu da deyim ki, indi əvvəlki dövrdən fərqli cəhətlər var. İndiki məqamda peyk sahibi olmağı bir yarışmaya çevirmək düzgün olmazdı. Telekummunikasiya sahəsində peyklər artıq özünü doğrultmur. Yerüstü kommunikasiya kifayət qədər inkişaf edib. Optik kabellər yerin altı ilə gedir. Əvvəllər bu siqnalı göydən göndərirdilərsə, indi torpağın, suyun, daşların altından da göndərmək mümkündür. Bunun üçun hazırda böyük kommunikasiya şəbəkəsi formalaşıb. Peyklər fors-major durumlar üçün lazımdır. Ona görə də, digər ölkələr başqa tip peyklərin buraxılmasında maraqlıdırlar. Məsələn, hərbi, ekoloji və sair tipli peyklər daha gəlirli olur. Azərbaycan da telekommunikasiya deyil, digər növ peyklərə istiqamətlənsə daha məqsədəuyğun olardı. Bundan başqa, bütünlükdə bu yükün altına girmək də düzgün deyil. Dünyada bir neçə ölkənin ortaq peyk buraxmaq kimi əməkdaşlıq təcrübələri var.
Onu da deyim ki, peyk buraxmaq ölkənin daxilində yeni bir sənaye sahəsi yaradır, kadrlar ordusu yetişir, yeni innovasiyalar gətirir”.
Vüsalə Rüstəmova
Gununsesi.info