Xalq artisti Afaq Bəşirqızı efirdə ana söyüşü söyüb. Bir müddət əvvəl xalqı aşağılayan, bəzi kəndlilərin Bakıda zirzəmilərdə uşaq doğduğunu deyən aktrisa Afaq efirdə küçə söyüşü söyərək, elə “padval” mahiyyətində davranış sərgilədi.
Xalq artisti olan bir şəxs, uzağı, efirə bağlanıb “Ana müqəddəsdir” deməlidir, ana söyüşü söyməməlidir. Axı o özü də bir anadır, hər nə də olsa, anadır.
Bir müddət əvvəl onun deputatlıq məsələsi gündəmə gəlmişdi, şəxsən mən də dəstəkləmişdim. Amma özü razılaşmadı. Çox sağ olsun! Çox düzgün qərar verib. Efirdə söyüş söyən birinin seçiciləri arasında nələr edəcəyini təsəvvürümə belə gətirə bilmirəm.
Özü də Afaq xanım kişi söyüşü söyüb.
Cümlədəki paradoksa baxın: xanım xalq artisti kişi söyüşü söyüb. Gör kişi olsaydı, nələr edərdi.
Təsəvvür edin, dünyanı pandemiya qorxusu bürüyüb, hətta terror təşkilatları sülhə meyil edirlər, hərbi münaqişələr dayanıb, insanlar bir-biri ilə sülh dili ilə danışırlar... və belə bir məqamda xalq artisti Afaq ana söyüşü söyür. Təəssüf...
Hörmət etdiyimiz, dəyər verdiyimiz bir sənətçinin ardıcıl olaraq belə davranışlar sərgiləməsinə həqiqətən təəssüf etdim.
İndi internet resurslarında Afaq Bəşirqızı ilə bağlı nəsə axtarılanda bu söyüş məsələsi qarşımıza çıxacaq.
O tariximizə ana söyüşü söyən qadın xalq artisti kimi düşdü!
Min təəssüf...
Diqqət etdinizsə, yazıda daha çox “Aktrisa Afaq”, “Afaq xanım” ifadəsini işlətdim, “Bəşirqızı” demədim.
Açığı, əlim yatmadı bu olaydan sonra Bəşir müəllimin adını onun adı ilə yanaşı yazmağa.
Afaq xanım, heç olmasa, atasının adına görə belə bir söyüşü nəinki dilinə, hətta leksikonuna yaxın qoymamalı idi. Afaqın isə dilində, təfəkküründə bu söz varsa…
Dil – təfəkkür tərzidir, düşüncədir, dünyagörüşdür. Ana söyüşü söyən ANA-nın – o ki xalq artisti ola – təfəkkürü adamı heyrətə salır.
Böyük sənətkarımız Bəşir Səfəroğlunun adının belə murdar bir olayda hallanmasından çox məyusam
P.S. Çox təəssüflər olsun ki, Afaq kimi xalqa yad xalq artistləri çoxluq təşkil edir.