Adil Qeybulla: “Operativ Qərargahın tədbirləri özünü doğrultmur, biz faciə qarşısındayıq”
“Korona” xəstəsi Səfər Hümbətov: “Məqsədimiz çalışıb sağ qalmaq və yoluxmamaqdır”
Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşib. İyunun 17-də 7 nəfərin dünyasını dəyişməsi xəbəri belə əsas yaradır ki, vəziyyət daha da pisləşməkdədir. Artıq hər gün yoluxma sayı 300-dən aşağı düşmür.
Dövlətin gördüyü kompleks tədbirlərə, qadağalara, tövsiyələrə baxmayaraq, koronavirus xəstələrinin sayı azalmır. Vəziyyət o həddə çatıb ki, “Semaşko” xəstəxanası tamamilə “COVİD 19″ xəstələri üçün ayrılıb.
Hazırda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 saylı Kliniki Tibbi Mərkəz, Azərsu Tikinti Xəstəxanası, Göyçay Rayon Mərkəzi Xəstəxanası, Salyan Rayon Mərkəzi Xəstəxanası, Xızı Rayon Mərkəzi Xəstəxanası, Qusar Rayon Mərkəzi Xəstəxanası, Ucar Rayon Mərkəzi Xəstəxanası, Saatlı Rayon Mərkəzi Xəstəxanası, Zərdab Rayon Mərkəzi Xəstəxanası, Gəncə Dəmiryol Xəstəxanası koronavirus xəstələrinə xidmət edir. Bu, artıq qorxunc mənzərəni tam ifadə edir.
Deputatlar, həkimlər, mütəxəssislər müxtəlif çıxış yolları, karantinlə bağlı yeni yanaşmalar təklif edirlər. Artıq karantinin nə yumşaldılması, nə də həftəsonu sərtləşdirilməsi effekt verməkdədir. Bunun da başlıca səbəbi sosial izolyasiyaya riayət edilməməsidir. Faktiki, yoluxma sayı 10 mini keçib, ölənlərin sayı 130 nəfəri çoxdan keçib.
İnsanlar isə həftənin 5 günü parklarda, bulvarda, kafe-restoranlardadır, ictimai nəqliyyatda sıxlıq müşahidə edilir, maska taxanlarla yanaşı taxmayanlar da çoxdur, bir sözlə, ölkə epidemiyaya yoluxmanın pik dövrünü yaşayır.
Ola bilsin, bir müddət sonra proses səngiməyə başlayacaq. Necə ki, İtaliya, İspaniya, Fransada yoluxma eyni vaxtda pik həddə çatmışdı. İndi isə Azərbaycan, Rusiya, Türkiyədə statistika virusun “lehinə” işləyir.
Professor Adil Qeybullanın “Yeni Müsavat”a bildirdiyinə görə, getdikcə yoluxma və ölüm artacaq. Onun fikrincə, biz faciə qarşısındayıq. “Biz deyəndə ki, əhalinin çoxu yoluxub, hərə bir cür danışır. Görünür ki, cəmiyyətdə bir mənəvi aşınma gedir”..
“Sosial şəbəkələrdə yazılanlara baxın: hələ də inanmayanlar var. Ona görə də yoluxmanın artmasında əhalinin günahı yetərincədir”, – deyə professor qeyd etdi.
A.Qeybullanın sözlərinə görə, mütəxəssislər bir araya gəlməli, tövsiyələr verməliydilər: “Bu problem 3-5 adamın iradəsi ilə həll olunmur. Amerikada alimlər, mütəxəssislər toplaşırlar, müzakirələr aparırlar və birgə qərar verilir. Operativ Qərargah isə söyləyir ki, başqa ölkədə bu qaydalar tətbiq olunub, gəlin biz də edək. Axı hər ölkənin öz yanaşması, əhalisinin mentaliteti var. Operativ Qərargah isə hazırlıqsız vəziyyətdə karantin rejimini yumşaltdı. Mən düşünmürəm ki, Bakıda sıxlığı azaltmaq da çıxış yoludur. Bu halda rayonlara axışmaqla epidemioloji coğrafiya genişlənə bilər. Çünki bölgələrdə də yoluxma var. O baxımdan maarifləndirmə güclənməli, sosial izolyasiya, maska taxmaq qaydaları ciddi şəkildə təmin edilməlidir. Yalnız bu halda yoluxmanın azalmasının qarşısı alına bilər. İndiki vəziyyətdə sərt karantinin qaytarılmasının da hansı nəticə verəcəyini söyləmək çətindir. Yaydır, istidir, insanları evə bağlamaq effektiv olacaqmı?”
Koronavirusa yoluxan və hazırda “Yeni klinika”da müalicə olunan tanınmış hərəkatçı, Qarabağ qazisi Səfər Hümbətov isə “Yeni Müsavat” vasitəsi ilə əhaliyə çağırış etdi.
S.Hümbətov qeyd etdi ki, koronavirus məsələsində siyasət axtarmağın zamanı deyil, hər kəs özünü və ailəsini qorusun: “Bu gün xəstəliyin yayılma arealının genişlənməsi də məhz vətəndaşların inanmamasıdır. Biz deyə bilmərik ki, dünyada hansısa siyasi oyunlar gedir, amma əsas məqsədimiz çalışıb sağ qalmaq və yoluxmamaqdır. Gücümüz indi ona çatmalıdır ki, yaxınlarımızı və ətrafımızı qoruyaq. Çünki xəstəxanalarda yer yoxdur. Tibb personalı dayanmadan çalışır. Onlar su içmədən davamlı olaraq xəstəliklə mübarizə aparırlar. Bu gün Azərbaycan fəlakətlə üz-üzə qalıb. İnsanlar bunu dərk etməlidirlər. Biz dövlətə dəstək olmalıyıq, burada iqtidar və müxalifət söhbəti yoxdur, insanlığa qarşı bir virus var”.
S.Hümbətov əvvəlki aylarla müqayisədə indi apteklərdə maska, əlcək, spirt çatışmazlığı olmadığını söylədi: “Hər kəs sosial məsafəni gözləməlidir”.
Koronavirusdan müalicə alan həmsöhbətimiz xəstəliyin əlamətlərini sadaladı: “Əvvəlcə yorğunluq hiss edirsən, adamı oturduğu yerdə yuxu aparır. İkinci gün halsızlıq var idi. Qızdırma 37.5 dərəcə idi. Dedim ki, bəlkə soyuq nəsə içmişəm, qrip olmuşam. Amma gördüm ki, sonra qarın ağrısı başladı, dad və qoxu bilmə itkisi yarandı. Anladım ki, virusa yoluxmuşam”.
S.Hümbətov əvvəlcə ev şəraitində müalicə alıb: “Amma effekt vermədi. Sümük ağrıları, baş və göz ağrısı, iştahsızlıq yarandı. Yəni koronavirusun əlamətləri bundan ibarətdir. Şükür, indi kritik dövrü keçmişik, intensiv terapiya dövründəyik. Ümid edirəm ki, 10-15 günə vəziyyətim daha yaxşı olacaq. Çünki bu gün dünənlə müqayisədə özümü daha gümrah hiss edirəm. Əvvəl təngnəfəslik çox olurdu, nisbətən azalıb. Sadəcə, insanlar bilməlidirlər ki, xəstələr çoxdur. Həkimlərin də sözlərindən belə aydın olur ki, vəziyyət bu cür davam etsə preparat çatışmaya bilər. İnanın, hər dərman kapsulasının qədrini bilirlər ki, itki olmasın. Əsasən rentgenlər edilir, sistemlər olunur, ”Arbidol” dərmanından istifadə olunur”.
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm isə teleqraf.com-a deyib ki, həkimlərin ölüm halları günbəgün çoxalacaq: “Virusa yoluxan tibb işçilərinin əksəriyyəti pandemiya xəstəxanalarına qədərki mərhələdə işləyən həkimlərdir. Poliklinikalarda, sahə məntəqələrində çalışan həkimlərdir ki, onlar adi ağ xalatla xəstə qəbul edirlər”.
Ə.Rüstəmin sözlərinə görə, evdə müalicə olunan xəstələri nəzərə alsaq, Azərbaycanda gündəlik yoluxma halı 1000-3000 arasındadır: “İnsanlar 3 məqama diqqət yetirməlidir: maska, sosial məsafə, mütəmadi gigiyena. Siz maska taxmaya da bilərsiniz, amma qarşınızda olan şəxslə azı 2 metr məsafə saxlamalısınız. O adam sizə yaxınlaşırsa, siz onu, o da sizi qorumaq üçün maska taxmalıdır. Maska ondan istifadə edən şəxsin özü üçün yox, bir-birini qorumaq üçündür. Eyni zamanda, harada əl yuma yeri, su, sabun gördünüzsə, mütləq əlinizi yumalısınız. Fərqi yoxdur, məscid, restoran, ev, hər yerdə…”