“Sərvətini paylaşmasan, oğlum deyilsən” – Ulduz futbolçunun anası
“Arsenal”ın türk əsilli alman futbolçusu Mesut Özil bu dəfə anası ilə gündəmə gəlib.
Futbolçu anasının ona yazdığı məktubu çərçivələyərək divarından asıb.
Futbol ulduzu həyatını anasının nəsihətlərinə uyğun olaraq formalaşdırır. Belə ki, başda uşaqlar olmaqla, bir çox möhtac insana kömək əlini uzadan Özilin bu xeyriyyəçiliyində anasının rolu böyük imiş.
Futbolçunun meneceri Erkan Söğüt “Sun Sport”a açıqlamasında bildirib ki, Mesut 2018-ci il Dünya Çempionatında oynayarkən ona böyük xeyir işləri görmək istədiyini deyib. Min uşağın həyatını dəyişdirmək istəyindən bəhs edib. Meneceri isə ona bunun baha başa gələcəyini bildirib. Mesut ona cavabında “pulumu indi paylaşmasam, nə zaman paylaşacam? Mən çox qazanıram, hamısını özümə xərcləyə bilmərəm” cavabını verib. Bundan sonra futbolçunun sponsorluğu ilə 100 nəfər cərrahi əməliyyat olub. Toyu günündə isə 16 qaçqın düşərgəsinə yardım göndərib. Yüz min insana yemək paylayıb.
Erkan Söğüt qeyd edib ki, Mesut anası Gülizar Özilin yazdığı məktubu divarına asıb: “Məktubda bu sözlər yazılıb: “Mesut, unutma, həyatda hamımız qonağıq. Allah sizə istedad verib, amma bunu sadəcə özünüzə baxmağınız üçün verməyib. Sərvətini möhtac insanlarla paylaşmasan, mənim oğlum deyilsən”.(publika.az)